Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   27   28   29   30   31   32   33   34   ...   54
NİYƏ OVDAN AYAQ ÇƏKDİM 
 
Bu da bir azardır. Biri içkiyə, biri qumara, biri nərdtaxtaya, biri rəqs 
meydançalarında oynamağa, biri quşbazlığa, biri futbola qurşanır. 
Mən də ovçuluq azarına tutulmuşdum. Havada quş uçanda pişik kimi 
diksinib atılırdım. Başımdan ağrı tuturdu: "Bay, səni yanmayasan!" 
Güman edirdim ki, gördüyüm quşları ovlamamaq, vurmamaq mənim 
üçün həm qəbahət, həm də acizlikdir. Eşidən, görən deyəcək evdə iki-iki ov 
tüfəngi, özü igid adam, de gəl, əlindən bir iş gəlmir əfəldir. 
Bu fikir-xəyal, məni, demək olar, çöllərə salmışdı. Qazandığımı barıta, 
patrona verib çantama doldurur, hər istirahət axşamı maşına oturub 
şəhərdən çıxır, rayonlara düşürdüm. 
Kənd-kəsək, dərə-təpə demirdim. Dəniz sahillərində, dağlıq rayonlarda 
məni müəllim kimi tanıyan yox idi. Kimdən soruşsan, ovçu Kazım 
deyərdilər. "Ovcu Kazım odu getdi, ovçu Kazım budu gəldi". Her yerdə 
düşərgəm var idi. 
Ovçular özü də cürbəcürdür. Biri əsəb xəstəliyi ucundan, təmiz hava 
deyib çöllərə düşür. Biri bu peşədən qazanc götürür, bir başqası canavar, 
tülkü, qaban kimi vəhşi heyvanları qırmaqdan həzz alır. 
Məndə bu arzuların, nə bilim hansı var idi. Əslində heç biri yox idi. 
Necə və nə üçün ovçuluğa qurşandığımı özüm də müəyyən edə bilmirdim. 
Bəlkə aldığım silah, həvəslə oxuduğum kitabçalar, gördüyüm kinolar bu 
yola salmışdı. Bilmirəm hansı idi, ancaq on ilə yaxın idi ki, bu yola 
düşmüşdüm. 
Düşmüşdüm, özü də yaman düşmüşdüm.  İki otağımın biri yaşamaq 
yerim məskənim, ikincisi necə deyərlər, ovçuluq laboratoriyam idi. Burada 
qaban dərisi, qalın kürk, qulaqlı papaq, yun şal, boğazlı çəkmə, patrondaş, 
dəri torba, açarlı çanta, canavar əli, ceyran buynuzu, quş qanadı, xülasə, nə 
desən tapılardı. Özümdən başqa kimsə bu otağa girməzdi. Girsə  də baş 
çıxarmazdı. Anam mənə yalvarardı ki, oğul, otağı heç olmasa ayda bir 
süpürsən yaxşı olar... 
Onu deyim ki, mən ova gedəndə  mənfəət, ya qənimət düşünməzdim. 
Yeməli quşları, heyvanları yox, qabağıma çıxanı vurardım, bəzən qurbanımı 
heç götürməzdim. Vurduğum dovşan, ya tülkünü, tüfəngin 
  


185 
 
lüləsi ilə o yan-bu yana çevirib düz nişan almağımı yoxlar, snayper əsgər 
kimi öyünüb ötərdim. 
Ovçuluğun bir qaydası da var: nədənsə adam, rəhmsiz, qansız olur.  
Silah yaman şeydir. Adamı bərkidir, ürəyini daşa döndərir. Tüfəng əlimdə 
çölə  çıxdımmı, dünyasında mərhəmət bilməzdim. Vurub yerə  sərməyə bir 
canlı axtarardım. Eyib eləməsələr, yəqin ki, yol ağzında eşələnən, 
qaqqıldaşan toyuğu, xoruzu da nişan alardım. Çölə  çıxanda bir gün ov 
tapmasam, inanın ki, yəqin dərdə düşərdim. Nə isə, mənim günlərim belə 
keçərdi... İndi, yoldaşlar məndən soruşarlar ki, niyə tərgitdin, niyə ondan əl 
çəkdin. Nə sayaq oldu? 
Bu sirri heç kəsə deməmişəm. Deməzdim. Ancaq indi daha yaşımın 
keçmiş vaxtında söz ürəyimdə qalmasın, qəbrə getməsin deyə, açıram. Qoy 
başıma gələni yoldaşlar da bilsin, nigaran qalmasınlar. Dünyadır, bilmək 
olmaz! 
Belə oldu: "Yaxşı yadımdadır. Yaz idi. Aprelin axırı, ya mayın əvvəlləri, 
bəlkə də ortaları idi. İydə çiçəklənmişdi. Zəmilər ətir iyi verirdi. Yenə ova 
çıxmışdım. Gəncə çayının solunda Şeyx düzü deyilən geniş bir səhra uzanır, 
ucu gedib kiçik Qafqaz dağlarının ətəklərinə dayanır. 
İndi o yerlərin bir hissəsində şəhər salınıb, bir hissəsində də dəmyə taxıl 
əkilib. O il bərk yağınıq olmuşdu. Sünbül adama boy verirdi. Qoşalülə 
çiynimdə, axtara-axtara zəmiləri addımlayırdım. İtim  də yanımda yox idi. 
Yaralanmışdı, aparmırdım. Nə başınızı  ağrıdım. Birdən, deyəsən yerdən 
çıxdı. Xına rəngli bir ceyran dayanıb lap üzümə baxırdı. 
- Ay aman, tez ol, qaçar! 
Cəld tüfəngi aşırıb nişan aldım. 
O qəribə idi ki, ceyran lap on addımlıqda, üzü mənə sarı şax durmuşdu, 
baxırdı, görürdü, amma tərpənmirdi. Sanki o da məni saymırdı.  İnanmırdı 
ki, mənim əlimdən bir iş gələ. 
Heç əyilmədim. Ayaqüstü, tüfəngi sinəmə söykədim, başını nişan aldım. 
Güllənin açılmağı ilə heyvanın aşırılmağı bir oldu. Güllə  səsindən sonra 
həzin bir mələrti eşitdim. Bu nə idi? Başından vurulmuş ceyran mələyirdi? 
Yox! 
Diqqət eləyəndə  nə görsəm yaxşıdır. Ceyranın iki balası otun içindən 
qaçıb yamaca dırmaşdı. 
  


186 
 
Ana ceyranın qarnına baxanda gördüm ki, yazıq balalarına süd verirmiş. 
Ay yazıq! Balalar, rahatca durub əmdiyi yerdə, ana cəlladını görmüşdü. 
Görmüşdü, ancaq balasını əmizdirmək üçün dayanmış, tərpənməmişdi. 
Böyrü üstə  sərilmiş ceyranın axırıncı ürək döyüntülərini aşkar 
görürdüm. Görürdüm ki, yazıq heyvan, balalarından nigaran, həsrətlə can 
verir. 
Deyəsən, o səssiz, sakit çöldə üfüqlərdən, torpaqdan, tarlalardan hey 
qulağıma bir səs gəlirdi: 
- Qansız! Ərkansız cəllad. Bizlərdə yanıqlı mahnı oxuyurdular: 
                            
 Aman ovçu, vurma məni, 
  Mən bu dağın maralıyam! 
 
Bu yaşa gəlmişdim, dava meydanlarına da düşüb-çıxmışdım. Ömrümdə 
mən belə peşmançılıq, ürək ağrısı, vicdan əzabı  çəkməmişdim. Mələr 
qalmış balaların dalınca xeyli baxdım, onlar bir xəyala döndülər. Özləri 
kimi sütül sünbüllər arasında yox oldular. Yəqin ki, tarlalar onları 
gizlətməsə idi anaları kimi hansı bir cəllad ovçunun zavalına gələcək idilər. 
Elə bil başımdan bir çən dağ su tökdülər. Ceyrana əl vurmadım. Heç 
baxa bilmədim. Qan-tər içində tez geri qayıtdım. Tüfəng-qatarı bir yana 
atdım, o gündən tövbə elədim. Bir də mən, ovçuluq? 
- Ay tövbə! 
Ov  şeylərinə  əlimi də vurmadım. Anam onları bilmirəm neylədi, otağı 
güclə təmizlədi. 
Mənim ovçuluğum belə qurtardı. 
 
 
 
  


 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin