Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
Üçünca fəsil 
 
Ucaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini 
itirdilər. Biri aralığı  yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, 
papağını alırdı. 
- Kimdir xəstə? 
Ağca xanım onu içəri otağa çağırdı: 
- Doktor, bura buyurun! 
İzzətin çarpayısı lap baş tərəfdə qoyulmuşdu. Xəstə üzüdivara yatmışdı. 
Yuxuladığı, ya halsız düşdüyü mluum deyildi. Qızdırmadan yanaqları od 
tutub yanır, gözləri qızarmışdı. Dodaqları qupquru qurumuşdu. Ağzında dili 
tərpənmirdi. 
- Nə vaxtdan yatır? 
Ağca xanım istədi: "Beş gündür" desin. Vaxtında həkim çağırmadığını 
ağartmamaq üçün "dünəndən" dedi. 
Həkim uşağın nəbzini yoxladı, qalxıb oturmasını  tələb etdi. Uşaqdan 
zəif və yazıq bir zarıltı  çıxdı. Anası onu qoltuqlayıb oturtdu; uşaq balınca 
söykənmək istədi. Həkim qolu ilə onu saxladı. Ciyərlərinə qulaq asdı. Qaşıq 
salıb boğazpına baxdı. 
- Oğlunuzdur bu? 
  
 


325 
 
- Bəli! 
- Neçə uşağın var? 
- Elə budur. 
Həkim xəstəni yerinə uzandırdı. Kürsüyə oturdu. Dərindən köksünü 
ötürdü. Bir müddət dinməz-söyləməz yorğan-döşəyə baxdı. Kənardan baxan 
elə bilərdi ki, o, xəstəliyi müəyyən etməkda çətinlik çəkir. 
Uşaq narahat olduğundan, həkimdən qorxduğundan, ya kömək 
gözlədiyindənmi, nədənsə, gözünü açıb baxdı. Həkim ona rahat olmasını 
işarə etdi. Uşaq bir şey başa düşmədi. 
Həkim müayinəni qurtarıb, o biri otağa keçdi. Gəldiyev bu zaman stol 
başında oturmuşdu. Həkim kişinin ağır xəstə ilə maraqlandığını görüb 
soruşdu: 
- Bu sənin oğlundur? 
Gəldiyev ayrı cavab verə bilmədi: 
- Bəli, - dedi. 
Həkim cib dəftərindən iki varaq cıraraq qələmi mürəkkəbə batırdı. 
Üzünü Ağca xanıma tutub dedi: 
- Bərkdir xəstəliyi... iki tərəfdən, özü də quru sətəlcəm! Necə olub ki, 
vaxtında həkim çağırmamısınız? Dünən nədir, bir həftənin naxoşudur! 
Bu saat yazdığım ünvandan sestra çağırarsınız; səhər, axşam iynələmək 
lazımdır. Nüsxə yazmışam, ağ dərmanı iki saatdan bir, qırmızını gündə üç 
dəfə içirdərsiniz. Evə hava verin, uşağın yastığını uca eləyin. Ağır şeylər - 
ət, yağ, yumurta verməyin sabah mütləq həkim çağırın. 
Geyinib çıxanda bir də boylanıb xəstəyə baxdı. Anası onu dikəldib su 
verəndən sonra kürəyinə balınc qoymuşdu. Uşaq diri gözlərini qapıya 
dikmiş, sanki həkimdən kömək gözləyirdi. Həkim onun bənizini, kiçilmiş 
üzündə böyük görünən gözlərini, incəlmiş boğazını, qanı qaçmış quru 
dodaqlarını görəndə yazığı gəldi. Yaxın yeriyib gülümsədi: 
- Necəsən, bala? Əl ver əmiyə! Ay sağ ol! 
Həkim çıxanda Gəldiyev ona razılıq elədi. Oayıdıb işinə  məşğul oldu. 
Ağca xanım dərman kağızını  əlində tutııb, sanki dolaşıq latın hərflərini 
höccələmək, oxumaq istəyirdi: 
- Aptekə vermək lazımdır... 
Gəldiyev başını qaldırmadı: 
  
 


326 
 
- Səhər işə gedəndə verərik. 
- Səhər verilən dərman havaxta hazır olar? 
- Onsuz da gecə aptek işləmir. 
- Axı bura sroçnıp - təcili yazıb? 
- Yazıb deyəndə, padumeş, bir həkimin sözü ilə aptek açmayacaqlar ha! 
Sroçnı, hökumət xəstəsi olanda baxırlar. Sənə, mənə nə sroçnı! 
Ağca xanım istəyirdi sestra barədə söhbət açsın.  Ərinin cavabından 
sonra qayıdıb o biri otağa getdi. Gəldiyev radionu işə saldı. Uşaq balınca 
söykənib durmuşdu, anasının gəldiyi yola, o biri evin qapısına göz dikmişdi. 
O, xəstəliyində, ümumiyyətlə, ömründə birinci dəfə görürdü ki, haqqında 
söhbət edirlər. Hələ üstünə  həkim də çağırıblar. Bunların yəqin ki, bir 
nəticəsi, köməyi olacağını zənn edir, hər dəqiqə eşik otağa intizarla baxırdı. 
Anasının öz yerini açdığını,  əsnəyərək koftasını soyunduğunu görəndə bu 
axşam heç şey olmayacağını yəqin etdi. Başını yastığa söykəyib, böyüklər 
kimi bir ah çəkdi. Göz qapaqları endi, çətinliklə udqundu, ayaqlarını açıb 
əllərini sinəsində çataxladı. 
Bu gecə Ağca xanımın ürəyində səhra kimi böyük bir boşluq açılmışdı. 
Bu boşluq onu yüngülləşdirdiyindən, təşvişə saldığından 
düşündürdüyündənmi, narahat edirdi. Yuxusu gəlmirdi. Üzünü ovcunun 
içinə alıb, yumşaq balınca söykəmiş, gözünü uşağın çarpayısına dikmiş, 
nəyi isə gözləyirdi. Radio da təmiz, güclü və aydın bir səs ilə, sanki, bu 
ailənin qayğısını, xiffətini unutdurmaq  üçün şirin-şirin danışırdı. 
"Sevgi hekayəsini dinləyin!" Bu sözdən Ağca xanım qalxıb radionu 
çıxarmaq istədi: "Sevgi! Mənəmi yaraşır sevgiyə qulaq asmaq!". 
Bu istehza ürəyindən keçəndə, "sevgi" deyə, gəlib-gedən kişilərin 
hamısı gözünün qabağına yığıldı. 
Radioda bir ədib danışırdı: "Qız oğlanın sevgisinə inanmadı, ona görə 
də, razılıq vermədü". 
Ağca xanımın xoşuna gəldi: 
"Ağıllı qız imiş!" 
Radio davam edirdi: "Oğlan, bütün həyatı bahasına olsa da, qızın qəlbini 
ələ  gətirmək istəyirdi. Qız onun sədaqətini yoxlamaq niyyətinə düşdü. 
Oğlandan soruşdu ki: "Dünyada sevdiyin başqa nə var?". Oğlan dedi: "Bircə 
anam var. Səndən sonra onu sevirəm". Qız dedi: "Mənim qəlbimi almaq 
istəyirsənsə, ananın qəlbini verməlisən!". Oğlan bu tələbi anlamadı. Qız 
dedi: "Ananın ürəyini çıxarıb gətirsən, inanaram məni sevirsən!". 
  


327 
 
Oğlan bu dəhşətli tələbdən sarsıldı. Yalvardı ki, belə  şey danışmasın. 
Qız isə israr etdi: "Ayrı əlacı yoxdur, məhəbbətimin bahası budur!". 
Oğlan qızdan üz döndərmək istədi. Çox düşündü, çox əzab çəkdi, çox 
vicdan ağrısı gördü. Axırda qət etdi ki: "Anam qoca adamdır, sabah-biri gün 
ölüb-gedəcək, ürəyi də  həşərata yem olacaqdır. Qoy sevgilim əldən 
çıxmasın..." Gecənin birində yatmış anasını öldürüb, ürəyini çıxartdı. 
Sevgilisinə ərməğan gətirdi... 
Burada Ağca xanım səksənən kimi oldu. Övladın bu ağır cinayətindən 
onun tükləri biz-biz durdu. Dalısını dinləmək istəmədi, radio isə əl çəkmədi: 
"Anasının ürəyini  əlinə alıb, qıza hədiyyə apararkən, oğlanın ayağı 
ilişdi, büdrəyəndə ürək əlindən çıxıb daşa dəydi. Ürəkdən səs gəldi: "Oğul, 
ayağın incimədi ki?". 
Ağca xanım öz qəlbinin doğrudan da yerindən çıxıb getdiyini, sinəsində 
isti sellər axdığını güman etdi. İxtiyarsız gözlərindən axan yaşın balıncı 
islatdığını duydu. Ürəyində neçə dəfə "sevgi, sevgi!" deyə təkrarladı. Sanki 
bu təkrarlar onu oğluna - əllərini köksündə çataqlayıb yatan zəif, yetim və 
xəstə uşağa yaxınlaşdırdı. Dodaqlarını balasının göyərıniş, isti dodaqlarına 
qoyanda radio da susmuşdu. 
 
* * * 
 
Gecənin havaxtı idisə uşaq atəşdən yandı. Neçə dəfə "Ana! Ana!" deyib 
çağırdı. Ağca xanım oyanmadı. Gəldiyev eşik otaqda nə iləsə  məşğul idi. 
Uşaq onu çağırmağa cürət etmədi. Qıçlarını güc ilə döşəkdən çəkib, aşağı 
salladı, durub pəncərə qabağından su götürmək istədi. Ayaqlarını yerə 
toxunduranda anlaşılmaz bir sevinc onun ürəyini tərpətdi, oynayan günləri, 
gəzdiyi, deyib-güldüyü yoldaşları yadına düşdü. Güman etdi ki, uzun 
illərdir yatır, yoldaşlarını çoxdan görməmişdir. O zamankı həvəs və hiss ilə 
qalxdı. Dayana bilmədi, yeriyəndə  səndirlədi.  Əllərini göyə qaldırıb guya 
havadan tutmaq istəyəndə, pul kimi döşəməyə  sərildi: sanki ürəyi  şaxta 
vurmuş meyvə kimi qopub düşdü; ancaq indi bildi ki, canı qalmamışdır. 
Gəldiyev şarappıltı səsi eşidib, tez bu biri otağa keçdi: 
- Nə olub, niyə durmusan? Nə axtarırsan? 
Uşaq heç nə demədi, deyə bilmədi. Yorğan-döşəyə sarı sürünməyə 
çalışdı. Gəldiyev kömək edib onu yerinə saldı, özü keçib işinə məşğul oldu. 
  


328 
 
Uşaq ağrıdan özünü unutsa da, susuzluğu unuda bilmirdi. Neçə  dəfə 
sızıldayıb anasını çağırdı. Gəldiyev gəldi, ucadan və hirsli soruşdu: 
- Nə istəyirsən? 
Uşaq dinmədi. Gəldiyev gedəndən sonra uşaq bir də anasını çağırdı. 
Gəldiyev lap hirsləndi: 
- Nə istəyirsən, ay itin küçüyü? 
Uşaq susdu. Gəldiyev bir də soruşdu: 
- Nə istəyirsən? 
Uşaq dedi: 
- Anamı! 
- Görmürsən yatıb? 
O biri otağa keçdi. Nə fikirləşdisə döndü. Təpiklə vurub Ağca xanımı 
oyatdı. 
- Dur gör, qoduğun nə deyir! 
Ağca xanım qalxdı. Uşağa su verdi. Ufultu və zarıltısını bir xeyli 
dinlədi. Üzünü ərinə tutdu: 
- Bir içim su versən nə olar? Xəstə uşaqdır... Kafirin balasına heç belə 
eləməzlər! 
- Kafirin balasından da betərdir. Mənə naz eləyir. Sənin qarnından çıxan 
nə olacaq!.. 
Ağca xanım gedib yerinə girdi. 
Onun dinməməsi Gəldiyevə hər hansı cavabdan betər oldu. İndi anladı 
ki, uşaq nə üçün yıxılmışdır, nə üçün yerindən qalxmışdır. 
Uşağın cürət edib ondan su istəməməsi, Ağca xanımm nisgili və  ən 
nəhayət, susub getməsi ona pis təsir etdi. Özünün bu hökmranlığında 
doğrudan da çirkin bir niyyət olduğunu, deyəsən, onun qulağına 
pıçıldadılar. Heç olmasa, uşağın üzünə  mərhəmətlə baxmaq üçün o biri 
otağa keçdi. Uşaq qorxusundan dərhal ufultusunu kəsdi, üzünü divara 
çevirdi. 
 
* * * 
 
 Səhər Gəldiyev yerindən qalxanda Ağca xanım yanında yox idi. Dönüb 
baxanda onu uşağın çarpayısının başında oturmuş gördü. Tez geyindi. Gəlib 
xəstəyə baxdı. Ölüm müdhiş qanadını  uşağın üstünə  gərmişdi. Uşağın 
dodaqları tamam göyərıniş, gözləri sönmüşdü. 
- Yoxsa, ağlayırsan? Dərman kağızını bura ver. 


329 
 
Ağca xanım dinmədi. Yaşarmış gözlərilə ona baxdı. Demək istəyirdi: 
"Gec deyilmi?" 
Hansı bir ümid ilə isə nüsxəni ərinə verdi. İzzətin balıncını qucaqlayıb 
oturdu. 
Gəldiyev qaçıb dərman sifariş elədi. Qəbzini gətirdi: 
- Bir saata hazır olacaq! 
Arvadına təsəlli vermək istədi. Xəyalına gətirdi ki, "hələ vaxtı deyil, 
bunu basdırana qədər evdə ovqat-təlxlik olacaqdır. Olsun, qoy bir gün, beş 
gün qəm-qüssə ilə keçsin. Axırı ki, asudəlik gəlir. Daha evdə yetim 
olmayacaq. Daha Ağca dəqiqədə bir hirslənməyəcək... Daha başqalarının 
mənim ailə işimə qarışmasına bəhanə tapılmayacaq..." 
Ağca xanım dizi üstə çöküb, başını  oğlunun çarpayısına söykəmişdi, 
əlində yaylıq gözünün yaşını tökürdü. Ancaq səsini çıxarmırdı. İzzətin rəngi 
ölü rəngi idisə, vəziyyəti, uzun əyləncə  və oyundan sonra şirin yaz 
yuxusuna getmiş  uşağın vəziyyətini andırırdı. Nə zarıyır, nə  tərpəşir, nə 
xırıldayırdı. Anası  hərdən cib aynasını onun ağzına tutur, nəfəsi gəldiyini 
seçirdi. 
Kərim Gəldiyev dərmanı ona görə almağa tələsirdi ki, sonra bu da bir 
söz olmasın. Xəstənin dərman içəsi vəziyyətdə olmadığını bilirdi. Amma 
yenə alıb gətirdi.  Əlində balaca şüşələr evə girəndə,  əlac istəyirmiş kimi, 
uşağın boynu tərpəndi, ayaqları  çəkildi, uzandı, hıçqırırmış kimi, nəfəsi 
içəri çəkildi, daha qayıtmadı. Ağca xanım ürək bəndinin qırldığını, qəlbinin 
qopub düşdüyünü duydu. İki əli ilə başına vurub hayqırdı: 
- İzzət! İzzət! 
Yanıqlı bir vaveyla səsi evi başına aldı. Gəldiyev meyitin üzünə dəsmal 
saldı. Ağca xanımı sakit etmək istədi. Sonra nə fikirləşdisə, özü də cibindən 
yaylıq çıxarıb, bir küncdə çömbəldi. Başını  aşağı salıb kədərlənən kimi 
oldu... 
  
  

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin