AMERİKAN ƏDƏBİYYATINDA “AĞ MARAL” ƏFSANƏSİ VƏ HUNLAR
Natiq ADİLOV
Qafqaz Universiteti
nadilov@qu.edu.az
İngilis-amerikan ədəbiyyatında hun mövzusunda yazılmış əsərlərin təhlili həmin roman və nəzm nümunələrinin bir
qisminin orta əsrlər alman-skandinav, eləcə də macar əfsanələri əsasında yazıldığını deməyə əsas verir. Xüsusi ilə qeyd
etmək lazımdır ki, adını çəkdiyimiz ölkələrin ədəbiyyatında “Edda” eposunun təsiri altında yazılan əsərlər daha çoxluq
təşkil edir və bu qəbildən olan müəlliflərə nümunə olaraq Con Ronald Ruel Tolkinin (John Ronald Ruel Tolkien, 1892-
1973), Uilyam Morris (William Morris, 1834-1896), Stefan Grundi (Stephan Grundy, 1967) və digərləri göstərilə bilər. (1)
Diqqəti cəlb edən bir məqam da Macarıstanda hunlar və eləcə də Attila haqqında əfsanələrin çox olması və bu
əfsanələr əsasında istər macar ədibləri, istərsə də macar əsilli amerikan yazıçıları əsərlər yazmışlar. Macar əfsanələrini
skandinav əfsanələrindən fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti özündə heç bir mənfi məlumatı ehtiva etməməsidir. Bu
əfsanələr arasında hunların macarıstana yerləşməsindən bəhs edən “Ağ maral” əfsanəsi xüsusi ilə diqqəti cəlb edir və bu
əfsanə əsasında məşhur amerikan yazıçısı Keyt Seredi (Kate Seredy, 1899-1975) 1937-ci ildə eyni adlı əsər yazmışdır.(2)
Əsər məşhur Babil qülləsinin yıxılması ilə başlayır. Nəmrud (müqəddəs kitab İncildə onun Nuh peygəmbərinin nəvəsi
və məşhur ovçu olmasından bəhs edilir-N.A) yeddi ay əvvəl ağ maralın arxasınca gedən iki oğlunu-Hunor və Magoru
gözləyir. Hunor və Magor məşhur Macarıstan əfsanəsinə görə hunların əcdadırlar (3).
Oğlanlarının gec qayıtmasından narahat olan ata öz atını müharibə tanrısı Hadura nəzir deyir. Hadur (macar
qaynaqlarında Hodur kimi təqdim edilmişdir-N.A) əsas tanrıların övladlarından üçüncüsü sayılır və əfsanələrə görə
Attilanın əfsanəvi qılıncını həmin tanrı düzəltmişdir.
Onun yolunu gözlədiyi oğlanları isə anidən onların qarşısına çıxan maralı izləyirlər. Maral onları Azov dənizi və Qara
dənizin birləşdiyi Kerç boğazına gətirib çıxırır. Orada Krım adasının gözəlliyinə heyran qalan ovçular geri qayıdaraq öz
tərəfdarlarını inandıraraq yeni kəşf etdikləri əraziyə gətirərək orada yaşamağa başlayırlar və həmin ərazinin onlara tanrıları
tərəfindən bəxşiş olaraq verildiyinə inanırlar. Sonra iki qardaş ayrılır və Hunorun oğlu Bendeguz (Mundzuk-N.A) və onun
övladlarının müasir Macarıstan ərazisində yerləşməsindən bəhs edilir. Tarixi faktlar və əfsanələrin qarışığı olan bu roman
cəmi üç həftəyə yazılmışdır (4; 55).
Həmin əsərdə yenə maraq doğuracaq bir məqam isə adı dillər əzbəri olan Attilanın anasının milliyət olaraq kimmer
olmasının müəllif tərəfindən göstərilməsidir. Belə ki, Bendeguz Kimmer tayfasının nümayəndəsi olan Aletta ilə ailə həyatı
qurur və onların izdivacından Attila dünyaya gəlir. (2; 64).
Adı dünyada ən çox araşdırılan və haqqında elmi əsərlər yazılan adamlar arasında olan Attilanın adının mənası ilə
bağlı müxtəlif fərziyələrin bolluğu fonunda Keyt Seredi əsərində bunun “Qırmızı qartal” demək olmasını da yazması diqqəti
cəlb edən məsələlərdəndir.
Onu da qeyd etmək zərurəti vardır ki, “Ağ maral” əfsanəsi təkcə Keyt Seredi tərəfindən öz əsəri üçün ilham qaynağı olaraq
seçilməmişdir. Macarıstanın XIX əsrdə məşhur ədiblərindən olan Canos Aroni (Janos Arany, 1817-1882) özünün “Möcüzəvi
maralın əfsanəsi” adlı şeirinə həmin əfsanəni mövzu olaraq seçmişdir (həmin əsər ingilis dilinə tərcümə olunub-N.A).
Keyt Seredi tərəfindən qələmə alınan “Ağ maral” əsəri elə nəşr olunduğu il məşhur uşaq ədəbiyyatı Nyeberi
(Newbery) mükafatına, 1959-cu ildə isə Lyuvis Karol (Lewis Caroll) mükafatına layiq görülmüşdür.
Araşdırmalarımıza görə ingilis-amerikan uşaq ədəbiyyatında hun mövzusunda yazılan hələ ki, tək əsər haqqında
danışdığımız “Ağ maral”dır.
Dostları ilə paylaş: |