SİMSİZ ŞƏBƏKƏLƏR ÜÇÜN HAZIRLANMIŞ MÖVCUD
TCP PROTOKOLLARININ ANALİZİ
Əhəd MƏMMƏDOV, Babək ABBASOV
Qafqaz Universiteti
ahadm@qu.edu.az, babbasov@qu.edu.az
AZƏRBAYCAN
TCP protokolu əsasən etibarlı sayılan naqilli şəbəkələr üçün hazırlanmışdır. Etibarlı sayılmasının səbəbi isə naqilli
şəbəkələrdə kəsintinin çox nadir hallarda baş verməsidir. Əlaqə kəsildikdə, problemin əsasən tıxanma nəticəsində yarandığı
güman edilir. Bu səbəbdən Simsiz Şəbəkələrdə hər yaranan kəsinti zamanı, TCP protokolu səbəbi tıxanmada görür. Nəticə
etibarilə daima tıxanma nəzarəti tədbirləri (congestion control measures) cəlb edilir. Əslində isə simsiz şəbəkələrdə kəsinti
əsasən link xətalarından, müxtəlif maneələrdən və mobil hostun hərəkətlilik səbəbindən yaranır. Məhz bu səbəbdən bu cür
mühitlər üçün TCP performansının təkmilləşdirilməsi istiqamətində bir çox təkliflər hazırlanmışdır. Bu təkliflərdə simsiz
şəbəkələrdəki itkinin bərpası TCP-dən kənarda həll edilməsi nəzərdə tutulmuşdur. Bunun üçün itən məlumatın təkrar
göndərilməsi lokal olaraq baza stansiyalarında (wireless access point-larda) həyata keçirilir.
Bilindiyi kimi simsiz şəbəkələrdə yaranan xətaların sayı naqilli şəbəkə mühitlərindəki saydan qat-qat çoxdur. Naqilli
şəbəkələrdə ümumiyyətlə xətalar kabelin fiziki zədələnməsindən və ya xətdəki tıxanıqlıqdan yaranırsa da, simsiz
şəbəkələrdə bu səbəblər aşağıdakılardan biri ola bilər:
simsiz şəbəkənin toqquşma nəticəsində yaranan kanal xətaları
simsiz ötürmələrin potensial israfı
hand-off səbəbilə yaranan kəsintili gecikmələr
əlaqənin kəsilməsi
yüksək BER (Bit Error Rate / Bit Xəta Nisbəti)
hostun hərəkətliliyi
topologiya fərqliliyi
və s.
Simsiz şəbəkələr üçün TCP performansının təkmilləşdirilməsi istiqamətində hazırlanmış təkliflər əsasən iki
kateqoriyaya bölünür: transport səviyyəsində işləyən (mis. Mobile TCP (MTCP), Indirect TCP və s.), digəri link
səviyyəsində çalışan (mis. Snoop Protocol, Wireless TCP (WTCP) və s.) alqoritmlər. Fərqli səviyyələrdə aparılan
eksperimentlər nəticəsində müxtəlif hallar üçün çeşidli protokollar hazırlanmışdır. Bəzi parametlər üzərində dəyişikliklər
edilərək mühitə uyğun protokol seçilə bilər.
Simsiz şəbəkələrdə məlumat itkisi əsasən Səyyar Host (MH - Mobile Host) ilə Baza Stansiyası (BS - Base Station)
arasında yaranır. Belə olduqda itkinin bərpası əsasən baza stansiyalarında həyata keçirilir. Bunun üçün baza stansiyasından
səyyar hosta göndətilən hər məlumatın nüsxəsi buffer-də saxlanılır. Səyyar hostdan ACK alınmadığı təqdirdə göndərən
tərəfə bu barədə məlumat verilmir, birbaşa buffer-dən yenidən göndərilir. Bu yolla həm itkilər daha qısa zaman ərzində
bərpa edilmiş olur, həm də göndərən tərəf gərəksiz yerə məşğul edilməmiş olur.
|