II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
177
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QARABAĞIN BƏZİ HİDROTOPONİMLƏRİNİN ETİMOLOGİYASI
Aynurə ƏLİYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
aynura.aliyeva.1977@mail.ru
Açar sözlər: toponim, hidronim, oykonim, antroponim, hidrotoponim.
Hidronim və hidronimik vahidlər əsasında yaranan toponimlər hidrotoponim adlanır. Ağdam və Füzuli bölgəsində
mövcud olan Şahbulaq və Xatınbulaq oykonimləri bu qrupa daxil olan coğrafi adlardandır.
Şahbulaq kəndi Ağdam rayonunun Maqsudlu inzibati ərazi vahidində, Qarabağ düzündə yerləşir. Oykonim kəndin
ərazisindəki qədim bulağın – “Şahbulağ”ın adı ilə adlanmışdır. “Mənbələrə görə, XVII əsrdə I Şah Abbasın dayandığı
(düşərgə saldığı) yer və oradakı bulaq Şahbulaq adlanırdı. Qədim Qafqaz Albaniyasının VII əsrdən məlum olan Tuçkatak
dairəsinin (mahalının) sonrakı adının Şahbulaq olduğu ehtimal olunur” [1, 564-565]. Şahbulaq hidronimi ”böyük bulaq”,
“kür sulu bulaq” mənasındadır.
Şahbulaq kəndi yaxınlığında Şahbulaq dağ silsiləsi və XVIII əsrə aid eyniadlı qala var. Qalanı Qarabağ xanlığının
banisi Pənahəli xan tikdirmişdir. Mirzə Camal Cavanşirin yazdığına görə, Pənah Əli xan Bayat qalasının strateji baxımdan
zəif olduğunu və orada qoşun saxlamağın çətinliyini, iqlimin istiliyini nəzərə alaraq yeni müdafiə qalasını Tərnəküt adlanan
yerdə Şahbulaq qalasını tikdirməyi qərara aldı. Arxa tərəfdən Şahbulaq dağının təbii müdafiə əhəmiyyəti, Şahbulağın bol
və təmiz suyu burada yaşayış üçün əlverişli şərait təyin edirdi. 1748-ci il Bayat müharibəsindən az sonra Bayatı tərk etmək
üçün sürətlə Şahbulaq qalası tikildi və Pənah xan öz iqamətgahını buraya köçürdü: “İndi Şahbulağın adı ilə məşhur olan
Tərnəküt qalasının binası qoyuldu. Məsləhətə görə Bayat qalasını tərk etdilər. Şahbulağındakı böyük çeşmə yanında qala
tikərək, onun ətrafında yüksək yerdə geniş hasar hördülər, bazar, çarsu (meydan), hamam və məscid tikdilər. Müsəlman
(tarixi ilə) 1165 (1751/52)-ci ildə el camaatının bütün evləri – böyüklərin, sənətkarların, xanin yaxın adamlarının və
xidmətçilərinin (ailəsi) Şahbulağı qalasına köçürüldü” [4,113]. Pənahəli xan öz iqamətgahını Şuşaya köçürdükdən sonra
Şahbulaq qalası tədricən tərk edildi.
Yaşayış məntəqəsindən bir qədər kənarda Şahbulaq dağ silsiləsi yerləşir. Şah sözü toponimiyada yüksəklik, ucalıq,
hündürlük, bəzən də böyüklük anlamlarında işlənir.
Azərbaycanda şah sözü ilə yaranan toponimlər çoxdur. Məs.; Şahdağ (Qusar r-nu), Şahbulaq dağı (Göranboy r-nu),
Şahsevən kəndi (Ağcabədi, Kürdəmir rayonları), Şahbuz kəndi (Şahbuz r-nu), Şahkərəm kəndi (Daşkəsən r-nu), Şahqaya
dağı (Qaradağ r-nu) və s.
Türk mənşəli bulaq sözü ilə yaranan toponimlərimiz də çoxdur: Aydınbulaq (Şəki), Qarabulaq (Gədəbəy, Xankəndi,
Qax, Oğuz), Daşbulaq (Şamxor, Şəki, Xankəndi), Ağbulaq (Cəlilabad, Laçın, Tovuz, İsmayıllı, Xankəndi), Soyuqbulaq
(Kəlbəcər, Laçın, Qazax), Xanbulaq (Yardımlı) və s.
Bildirək ki, Azərbaycan ərazisində bulaq komponentli hidrooykonimlərin sayı 50-yə yaxındır.
Xatınbulaq. Füzuli rayonunda Qarakollu inzibati-ərazi vahidində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Xatınbulaq
kənd adı Xatın və bulaq sözlərinin birləşməsindən ibarət olur, “Xatının bulağı” anlamını verir.
“Kitabi-Dədə Qorqud” dastanında “xatın” sözü həm arvad, həyat yoldaşı”, həm də “qadın, xanım” anlamlarında
işlənmişdir. Məs.: “Böylə digəc Dirsə xan xatununa cavab vermədi” (KDQ., B., 1988, s.38); “Qırq incə bellü qız ilə həlalın
– Boyu uzun Burla xatun ağlayuban şundan keçdi” [KDQ., s.45]; “Qısırca yengə derlər bir xatun vardı, ana
ayıtdılar”[(KDQ., B., 1988, s.64].
Ə.Tanrıverdiyev qeyd edir ki, “xatın” titulu müasir ədəbi dilimizdə apelyativ kimi arxaikləşmişdir. “Xatın” fonetik
variantında müasir Azərbaycan antroponimləri və toponimləri sistemində mühafizə olunmuşdur. Qadın adları sistemindəki
Xatın, Xatun, Ayşaxatun və s. toponimlər sistemindəki Xatıncan, Xatınlı (Tovuz), Xatınbulaq (Füzuli) və s. vahidlər
dediklərimizi təsdiqləyə bilər. Qeyd olunan oykonim və hidronimlərdə “xatun” titullu (Xatun) antroponim əsasında
formalaşmışdır” [2, 105].
Füzuli rayonundakı Xatunbulaq kəndi öz adını bulaq adından almışdır.
Dostları ilə paylaş: |