II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
243
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
E.Sultanovun hekayələrində də biz istənilən qədər xalq yaradıcılığı nümunələriylə rastlaşırıq. Bununla bərabər ədibin
hekayələrinin bir çoxunda, hətta, demək olar ki, hamısında təhkiyə zamanı nağıl üslubuna rast gəlir, nağıl elementlərini
müşahidə edirik. Hekayələrinin nəqlində, personajların nitqində, hekayələrdəki hadisələrin gedişatında nağıl abu-havası
oxucunu ağuşuna alır.
Hələ 1880-ci illərin sonlarında Naxçıvanda teatr tamaşaları göstərməyə çalışdıqları zamanlarda əvvəlcə “rus dilində
oynayın” tələbinə qarşı “Qadının hiyləsi” adlı nağıl əsasında qələmə aldığı “Tatarka”--“Azərbaycan qadını” pyesiylə şifahi
xalq ədəbiyyatının çox yayılmış bu janrına müraciət etməsi də E.Sultanovun nağıllara qarşı xüsusi münasibətinin təzahürü
idi.
E.Sultanovun hekayələrində xalq yaradıcılığının ifadəsindən bəhs edən akademik İsa Həbibbəyli qeyd edir ki, “Ədibin
hekayələrində də folklora məxsus bəzi maraqlı dil-üslub xüsusiyyətləri görmək mümkündür. Onun əksər hekayələri
nağılvari təhkiyə ilə başlanmış, bunlarda macəra ünsürlərinə yer verilmişdir. Az qala yazıçının qələmindən çıxan bütün
nümunələrdə xalq-aşıq şeirindən alınmış misallara müraciət olunmuş, personajların nitqində tez-tez atalar sözü və məsəllər
özünə yer tutmuşdur. Şifahi xalq ədəbiyyatı ənənələrinə qüvvətli meyl onun əsərlərinin bədii-emosional səviyyəsini
yüksəltdiyi kimi, xəlqilik keyfiyyətini də gücləndirmişdir”.
Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi E.Sultanovun hekayələrində folklorun dil-üslub xüsusiyyətləri nəzər-
diqqəti cəlb edir. Xüsusilə hekayələrində axıcı və oynaq dil, çaparaq zaman nağıl janrının özünəməxsus cəhətlərini yada
salır.
E.Sultanovun hekayələri ölümündən sonra bugünəcən bir dəfə --1966-cı ildə İzzət Maqsudov tərəfindən tərtib edilərək
kitab halında nəşr edilib ki, həmin kitabda da ədibin cəmi 12 hekayəsi yer alıb. Həmin hekayələr mövzu etibariylə ədibin
yaşadığı dövrün ictimai-siyasi, ictimai-məişət hadisələrini əks etdirir. Buna baxmayaraq həmin hadisələr nağıl dili ilə elə
gözəl üslubda nəql edilir ki, oxuduqca xalq yaradıcılığından qidalanan söz axınına düşürsən.
Yazıçının ictimai və siyasi məzmun daşıyan belə hekayələrindən biri “Podratçı” hekayəsidir. Böyükdüzdə, çölün
ortasında təzə çəkilən dəmir yolu xəttində çalışan fəhləni təsvir edən ədibin dili nağıllardakı təsvir səhnələrini xatırladır:
“Yayın şaqqaması idi, şiddətli isti idi. Fəhlələrin hamısı köynəkcə, tuman-paça və baldırları çirməli, ayaqyalın, qırxıq
başlarında dəsmal, çoxusu başı açıq işləyirdilər. Elə işləyirdilər ki, tər dabanlarından süzülür, yerə axır və torpağı palçıq
edirdi”
Hekayənin nəqlindəki dil sadəliyi, baş verən hadisələrin təsvirindəki ətraflı və əhatəlilik, həmçinin son cümlədəki
mübaliğəli anlatım əksər nağıllarımızın təhkiyəsini yada salır.
Ədibin hər hansı bir hekayəsini oxuduqda ilk cümlədən nağıla qulaq asdığını düşünürsən. Hekayələrinin, demək olar
ki, hamısının girişində biz nağıl cümlələri ilə üz-üzə qalırıq. Bunu yazıçının hekayələri və xalq nağıllarının qarşılıqlı
müqayisəsində də görmək mümkündür.
“Acı masqara” hekayəsinə belə başlayır E.Sultanov:
“Cəvahirfüruş Ağamehdi Rəsulov Ərdəbildən Tiflisə gələn gündən Şeytanbazar tacirlərinin içində birdən-birə ad
çıxarıb məşhurlaşmışdı”.
Azərbaycan nağıllarının çoxunda biz bu cür girişlə rastlaşırıq. Sadəcə olaraq E.Sultanov hekayəsini “biri var idi, biri
yox idi” ənənəvi pişrovuyla başlamır.
“İbrahim” nağılında iki qardaş tacir haqqında belə nəql olunur:
“Biri var idi, biri yox idi. Əhməd ilə Məhəmməd adlı iki qardaş var idi. Bu qardaşların ikisi də tacir idilər. Ticarətdə
daha bu şəhərdə elə bir adam yox idi ki, onların əlinin qabağına əl qoya. Ticarətləri günü-gündən böyüyüyrdü. Çox
məşhurlaşmışdılar”.
Hekayə və nağılın girişindəki sujet oxşarlığı, həmçinin hekayənin nəqlindəki sadəlik və dilin xəlqiliyi nağılda olduğu
kimidir. Hətta “Acı masqara”nın ümumi sujeti də bir neçə Azərbaycan nağıllarından götürülərək ümumiləşdirilmiş
təəssüratını yaradır. Belə ki, hekayədə Ərdəbildən Tiflisə gələn (nağıllarda bir şəhərdən başqa bir şəhərə gələn) tacir
(nağıllarımızda tacir də çox geniş yayılmış obrazlardan biridir) burada qısa vaxt ərzində varlanır. Xanpəri adında kasıb bir
qarının qızına vurulur. (Diqqət edin: varlı oğlan, kasıb qız). Elçiliyi özü edir. Həmin hadisə də hekayədə nağılvari dillə nəql
edilir.
“Bir cümə axşamının günündə, sabahısı da ki, qurban bayramı idi. Ağamehdi həmin qarının evinə gəlib, onun qızını
elçilədi. Xanpəri qarı, nəhayət dərəcədə yoxsul idi, öz qızı Gülnaz ilə ona-buna muzduluq edib yaman günlü bir daxmada
yaşayırdı: çılım-çılpaq, bir qarın ac, bir qarın tox... Ağamehdi bunun daxmasına gələndə biçarə qarı xəcalətindən bilmirdi nə
qayırsın, çünki evində bir tikə palaz parçası da tapılmadı ki, qonağın altına salsın...”.
Bu cür sadə danışıq dili Azərbaycan nağıllarına məxsusudur ki, E.Sultanov da məhz şifahi ədəbiyyatımızdakı xalq
danışıq dilinə üstünlük vermişdir.
Ümumiyyətlə ədibin bütün hekayələrində nağıl təhkiyəsi, nağıl dili qabarıq şəkildə özünü göstərir ki, bu da onun
hekayələrinin sevilərək oxunmasına səbəb olur.
Dostları ilə paylaş: |