II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
241
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA SƏS AHƏNGDARLIĞI
Dürdanə TARIVERDİYEVA
Bakı Slavyan Universiteti
pearl087@hotmail.com
Bildiyimiz kimi bədii üslub bədii təfəkkürün ifadəsi olub, obrazlı, emosional (ekspressiv) nitq formasıdır. Azərbaycan
ədəbi dilinin tarixində bədii üslub həmişə aparıcı olmuşdur, müəyyən mərhələlərdə isə hətta bütövlükdə ədəbi dili təmsil
etmişdir. Ədəbi dilin əsas aparıcı üslubu bədii üslubdur. Bədii üslubun əsas şərti obrazlılıq və emosionallıqdır.
Eposda qədim dastan ənənəsinə uyğun olaraq, hadisələr nəsrlə təsvir olunmuş, yeri gəldikcə qəhrəmanların dilindən
şeir parçaları da verilmişdir. Heca vəzni ilə yazılmış bu şeirlər, əsasən, sərbəst şəkildədir. Misralardakı hecaların sayı bir
çox hallarda bərabər deyil, lakin şeirlərdə xüsusi bir ahəng, ritm və özünəməxsus qafiyələnmə qaydası vardır.
Dastanın dilini tədqiq edərkən fonetik obrazlılığın əsas göstəriciləri olan alliterasiya və assonansa xüsusi diqqət
yetirilir. Dastanın bədii xüsusiyyətləri sırasında assonans daha çox diqqəti cəlb edir. Həm müasir ədəbi dilimizdə, həm də
folklor və bədii ədəbiyyatda assonansdan geniş istifadə olunur. Professor K.Vəliyev dastanda assonansın az olduğunu qeyd
edir. N.Xudiyev isə incə saitlərin assonansının az olmasını bildirir. “Kitabi-Dədə Qorqud”un dili üçün qalın saitlərin
assonansı xarakterikdir. İncə saitlərin assonansı ilə bağlı təqdim etdiyimiz nümunələr, xüsusən onlara aid statistik
hesablamalar göstərir ki, eposun dili üçün incə saitlərin assonansı da səciyyəvidir
“Kitabi-Dədə Qorqud” dastanının ən maraqlı dil xüsusiyyətlərindən biri də eposda güclü alliterasiyanın olmasıdır.
Alliterasiya – samit səslərin ahəngi dastanın dilində daha çox işlənən fonetik obrazlılıqdır. Dastanda daxili və xarici
alliterasiyalara tez-tez rast gəlinir. Məqalədə təqdim etdiyimiz nümunələr bir daha təsdiq edir ki, dastanda “q” samitinin
alliterasiyası daha çoxdur. Dastanda allitersiyanın daha maraqlı bir təzahürü də odur ki, bəzi misralar hansı səslə başlanırsa,
sonu da həmin səslə başlanan sözlə bitir:
Yerliqara
tağların yıqılmasın
Kölgəlicə qaba ağacın kəsilməsin
Qamən aqan görkli suyun qurumasın
Eposun həm nəzm, həm də nəsr dilində rast gəlinən bu obrazlılığa onomastik vahidlərdə də rast gəlinir: Dəli Domrul,
Boyu uzun Burla Xatun, Qaragünə oğlı Qarabudağ, Baybörə oğlu bamsı Beyrək, Sarı Donlu Selcan xatun.
Araşdırmalarımız göstərir ki, sintaktik-konstruktiv təkrarlar əsasında yaranmış cümlələrdə incə və qalın saitlərin
assonansı xarakterikdir. Dastanda fonetik obrazlılığın digər göstəriciləri olan təkrar (fonetik təkrarlar yəni səs və heca
təkrarları) və intonasiya da çox işlənmişdir. Dastanı vərəqlədikcə “Dədə Qorqud” şeirinin özünəməxsusluğu, ritm-
intonasiya rəngarəngliyi, qafiyə, anafora, epifora və s. kimi poetik kateqoriyalara rast gəlirik. Eposdakı sintaktik bütövlərin
çoxunda səs, heca, söz, söz birləşməsi və cümlə təkrarları digər poetik kateqoriyalar, xüsusən də epitet və təşbehlərərlə
qovuşuq, çuğlaşmış şəkildədir, onların birini digərindən ayırmaq mümkün deyil.
Bərü gəlgil, başım baxtı, evüm taxtı,
Evdən çıqub yüriyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlım,
Qurulu
yaya
bənzər çatma qaşlum!
Eposda fikrin təsir gücünü qüvvətləndirmək üçün bədii sual, təzad və mübaliğə kimi bədii ifadə vasitələrindən də
istifadə edilmişdir.
Dostları ilə paylaş: |