II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
308
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
düşüncəsini bütöv halda bizə yetirə bilmişdir. “Kitabi-Dədə Qorqud”da gördüyümüz milli həyat məhz qədim oğuzlarin
tarixi taleyidir. Zəngin və çoxcəhətli oğuz-türk mədəniyyəti məhz bu qəbilə və tayfa birləşmələrinin tarixi təkamülündə
yaranan, inkişaf edib yüksələn və nəhayət parçalanmalara məruz qalan qəbilə və tayfa birləşmələrinin yaratdığı bir
mədəniyyətdir. Maraqlı cəhətlərdən bir də odur ki “Kitabi-Dədə Qorqud” qəbilə və tayfa birləşmələrinin tarixi intibahını və
təzahürünü bütov sistem şəklində əks etdirmişdir. Hətta bir sıra mühüm ictimai-siyasi amillər, o cümlədən islam görüşləri
müəyyən dərəcədə izlərini qoya bilsə də, dastanda ümumilikdə peşəkar inprovizatorçu ruhunda çıxış edən ozanın qədim
türk əxlaq modelini bütov şəkildə əks etdirmə qüdrətini sarsıda bilməmişdir. Buna görə də “Kitabi-Dədə Qorqud” təkcə
tarixi qəhrəmanlıq, keçmişimizi əks etdirən abidə kimi yox, eyni zamanda milli adət-ənənə və mərasimlərimizi öyrənmək
üçün dəyərli bir mənbədir.
“Kitabi-Dədə Qorqud” boylarının sujet və kompozisiya quruluşu göstərir ki, əcdadlarımızın yaratdığı qədim adət-
ənənə və mərasimləri, eləcə də sujet, motiv, obraz və başqa folklor vahidləri abidədə özünü güclü şəkildə qoruyub saxlaya
bilmişdir. Zamanın nə sərt ictimai-siyasi baxışları, nə bir-birilə daimi çəkişmədə olan dini görüş və təriqətlər, ziddiyyətli və
təzadlı dünyagörüşlər, nə də islam əxlaqı və dünyagörüşü abidənin şifahi yaradıcılıq qaynaqları ilə bağlı tarixi köklərini
sarsıda bilməmişdir. “Kitabi-Dədə Qorqud”da öz əksini tapan folklor sujet, motiv və obrazları, eləcə də adət-ənənə,
mərasim və xalq deyimlərini yaradan fərdlər məhz həmin dövrdən yararlanmışlar. Maraq doğuran cəhətlərdən biri də məhz
bu qüdrətli-şifahi söz mədəniyyətinin, adət-ənənə və mərasim dünyasının yarandığı ilkin zəmin idi.
“Kitabi-Dədə Qorqud”da qəbilə və tayfa birləşmələri arasındakı çəkişmələr və ziddiyyətlər fonunda yüksəlib inkişaf
edən folklor yaradıcılığı müəyyən cəhətlərlə tayfanın özünün tarixi inkişafı, təkamülü, parçalanması, eləcə də daxili
ziddiyyətləri ilə sıx bağlı idi.
Həmin oğuz nəslində yaranan hər bir folklor vahidi nəslin əxlaqı, həyat və dünyagörüşü ilə bağlıdır. Ona görə də
“Kitabi-Dədə Qorqud”un folklor qaynaqları əslində bu nəslin tayfa həyatından, onun tarixi intibahından kənarda qala
bilməzdi.
Oğuzların bu böyük qəhrəmanlıq tarixçəsində ədəbi düşüncənin müxtəlif təzahür formaları, bədii təfəkkürdə sujet,
motiv və obrazların törəməsi, müxtəlif zaman kəsimlərindəki transformasiya və rekonstruksiyaları özünü göstərir. Dastan
eyni zamanda ağız ədəbiyyatımızın bir sıra kiçik janrlarının epik düşüncədə hələ Dədə Qorqud hadisələrindən xeyli əvvəl
mövcud olduğunu, ozanların milli yaddaşdakı həmin hazır modellərdən dastanda istifadə etməsi faktını təsdiqləməkdədir.
Bütün bunlar isə “Kitabi-Dədə Qorqud”un türk xalqlarının folklor ənənələri ilə sıx bağlı olduğunu, öz törəniş mərhələsində
həmin qaynaqlardan bəhrələndiyini, türk xalqlarının sonradan dünyaya yayılmış bir çox sujetlərinin ilkin, ibtidai modellərini
özündə böyük mühafizəkarlıqla qoruyub saxladığını göstərir. Dastanın bütün tədqiqat tarixində bu istiqamət başlıca
cəhətlərdən biri kimi nəzəri cəlb edir.
Dostları ilə paylaş: |