Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qəbələ rayonunun Vəndam kəndinin sakinləri ilə görüşü 8 noyabr 2002-ci il
Kənd ağsaqqalı: Cənab prezident, xoş gəlmisiniz! Allah canınızı sağ etsin,
uzunömürlü olasınız!
Heydər Əliyev: İlham müəllimi tanıyırsınız da.
Kənd ağsaqqalı: İlham müəllim bizim ürəyimizdir.
Heydər Əliyev: Necəsiniz, nə var, nə yox? Bura rayonun mərkəzidir, yoxsa?
Yerdən səslər: Xeyr, bura Vəndam kəndinin mərkəzidir. Bu kəndin 8 min əhalisi var.
7 kəndi əhatə edir.
Heydər Əliyev: 8 min? Mənimlə görüşə gəldiyinizə görə sağ olun, təşəkkür edirəm.
Mən sizin hamınızı salamlayıram. Hamınıza xoş arzularımı, hörmət-ehtiramımı
bildirirəm.
Yerdən səslər: Çox sağ olun, biz Sizə çox minnətdarıq.
Heydər Əliyev: Görürəm, Vəndam böyük kənddir, 8 min əhalisi var, eyni zamanda,
çox gözəl təbiəti olan bir yerdir. Mən keçmişdə də bu yolla gəlmişəm. Yəqin ki, bilirsiniz,
vaxtilə bu yolun açılmasını da mən təmin etdim. Yadınızdadırmı? 1980-ci illərdə mən
təmin etdim. Əvvəllər bu yol yox idi. Siz o biri yolla Bakıya gedirdiniz.
Yerdən səslər: Bəli, Ağdaşdan, Göyçaydan Bakıya gedirdik.
Heydər Əliyev: Ağdaşdan, Göyçaydan keçib Bakıya gedirdiniz. Yolunuz nə qədər
uzaq olurdu. Elədirmi? Biz bu yolu açdıq, bir neçə körpü tikdik, burada işlədiyim əvvəlki
dövrün son illəri 1981-1982-ci illər idi. Mənim yadımdadır, bu yolun çəkilməsini xahiş
etmişdilər, mən də bunu etdim. İndi Bakıya yolunuz qısalıbdır. Özü də yol belə gözəl
meşənin içindən keçir. Adam baxır, deyir ki, burada təbiət nə qədər gözəldir. Siz belə bir
yerdə yaşayırsınız. Belə yerdə yaşayan adamlar da həm fiziki cəhətdən, həm də əqli
cəhətdən sağlam olur, həm də ki, zəhmətkeş, fədakar olur, elədirmi?