8. Akkulturasiya – mədəniyyətlərin qarşılıqlı nüfuzu
deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki
modelləri dəyişikliyə məruz qalır. Əksər hallarda xarici
etnoqrafiyada akkulturasiya avropalaşmanın sinonimi hesab
olunur. Akkulturasiya Avropa mədəniyyətinin, təsərrüfat
qaydalarının, sosial institutlarının Asiya, Afrika, Amerika və
Okeaniya xalqlarının arasında yayılması deməkdir.
9. Urbanizasiya – etnoqrafiya terminlərinə Qərbi Avropa
sosiologiyası və etnoqrafiyasından daxil edilmişdir (latınca
“Urbanus”-şəhər sayağı deməkdir). Urbanizasiya sənayenin və
əhalinin iri şəhərlərdə toplanmasına deyilir. Etnoqrafik
ədəbiyyatda bu anlayış belə bir məna kəsb edir ki, şəhər
mədəniyyətinin standart tiplərinin hər yanda yayılması
nəticəsində kəndlə şəhər arasındakı mədəni fərqlər aradan
qalxır.