Neçə ilə daş ləl olar qoca dövran içində,
Aman daşa çırpma onu, sən də bir an içində.
Hikmət. İradəsiz kişi həyasız arvadın əlindən yaxasını qurtara
bilmədiyi kimi, ağıllı da nəfsin əlindən öz canını qurtara bilmir. Gücə
əsaslanmayan bir tədbir əfsanəyə bənzər, tədbirə əsaslanmayan bir
güc isə divanəyə. Əvvəlcə tədbir və qabiliyyət lazımdır, sonra
hökmranlıq.
Beyt
Ölkəsindən əvvəl tədbir, zəka lazım hər şaha
Ki, nadanın səltənəti meydan oxur allaha.
Yeyib paylayan igid, yığıb saxlayan abiddən yaxşıdır. Yalnız
camaatın xoşuna gəlmək xatirinə bu dünyanın eyş-işrətindən əl çəkən
adam, halal şöhrəti atıb, haram şəhvətdən yapışmış olar.
Şer
Abid allah xatirinə guşənişin olmasa,
O yazıq nə görə bilər qaralmış bir aynada.
Hikmət. Dənə–dənə bol olar, dama–dama göl olar, yəni gücü
çatmayan adamlar kiçik daş yığıb saxlayar, fürsət düşcək zalimdən
qisas alar.
Beyt
Qətrələr toplaşıb çay olur haman,
Çaylar da birləşib yaradır ümman.
Beyt
Yığılıb göl olar kiçik damlalar,
Balaca dənlərdən düzələr anbar.