Kənd təsərrüfatının aparıcı sahələri. Livanda işləmək qa-
biliyyəti olanların təqribən 7 faizi iri torpaq sahibkarlığı üstünlük
təşkil edən kənd təsərrüfatı sahələrində çalışır. Ölkədə təqribən 400
min ha sahə becərilir. Bunun dörddə biri suvarılır. Sitrus meyvələri,
alma, zeytun və tərəvəz yetişdirilməsi nisbətən yaxşı inkişaf
etdirilmişdir. Üzümçülük və tütünçülüyün də rolu az deyil. Hər il orta
hesabla 330-360 min ton sitrus meyvələri (əsasən portağal və limon),
200 min ton alma, 40 min ton zeytun yığılır.
Əldə olunan məhsulun xeyli hissəsi qonşu Ərəb və Avropa
ölkələrinə ixrac olunur. Dənli bitkilərdən arpa, buğda, texniki
bitkilərdən şəkər çuğunduru və tütün əkinləri üstünlük təşkil edir.
Heyvandarlıq kənd təsərrüfatının geri qalmış sahəsidir. Quşçuluq və
balıqçılıq nisbətən inkişaf etmişdir.
Yerli əhalinin qida rasionunun əsasını buğda, paxlalı bitkilər və
tərəvəz təşkil edir. Ərzaqla özünü təminat təqribən 30 faiz
həddindədir.