Xarici ticarət. Xarici ticarətində xroniki kəsirə baxmayaraq bu
sahə Misir iqtisadiyyatında çox mühum əhəmiyyətə malikdir.
1974-cü ildən ölkə rəhbərliyi «açıq qapı» siyasətini yeridir.
Məqsəd xarici investisiya və texnologiyaları ölkəyə cəlb etmək,
həmçinin region ölkələri ilə əməkdaşlığı nizama salmaqdır. 2003-cü
ildə ölkədən mal ixracatının dəyəri 6,6 mlrd. dollar, idxal dəyəri 14,6
mlrd. dollar olmuşdur. Dövlət neft və neft məhsulları, pambıq və
düyü ixracatına inhisarı öz əlində saxlamışdır. Ənənəvi ixracat
malları aşağıdakılardır: neft və neft məhsulları (bütün ixracat
həcminin 50%-ə yaxını), alüminium, çiyidli-pambıq, iplik, parça,
əczaçılıq malları, sintetik yuyucu malları, tütün məmulatları və son
dövrlərdə bu siyahıya təbii qaz da əlavə edilmişdir.
İdxal məhsulları: taxıl, ət və süd məhsulları, metal prokatı,
avadanlıq, nəqliyyat vasitələri, elektrik mühərrikləri, ağac
materialları, yanacaq və neft məhsulları. İxracatdan əldə olunan
vəsait idxal məsrəflərinin 30 faizini ödəyir. Yaranmış kəsir fərqi
turizmdən, Süveyş kanalından istifadədən, xaricdə işləyən misirlilərin
pul köçürülmələri hesabına ödənir.
Misirin ixrac mallarının ən böyük alıcısı ABŞ-dir. Misirə ən
çox mal göndərən isə Avropa İttifaqı ölkələridir. Misir 2001-ci ildən
Avropa İttifaqının assosiativ üzvüdür. Bunun sayəsində Misir malları
(ərzaq, pambıq və iplik istisna olmaqla) Avropa İttifaqı ölkələrinin
bazarlarına gömrük rüsumu qoyulmadan çıxarılır.
Ölkənin pul vahidi – Misir funtudur. 1 ABŞ dolları təqribən 4
funta (2004-cü il) bərabərdir.