Torpaq və bitki örtüyü. BƏƏ səhraları daşlı-çınqıllı, daşlı-qum-
lu səth örtüyünə malikdir. Sahildə bataqlaşmış və lilli sahələr, şoranlıqlar
(səbhlər) üstünlük təşkil edir. Dağ dərələrində, Əş-Şemaliyə vadisində
məhsuldar dağ-qırmızı torpaqlar, Rəss-əl-Heymə əmirliyi və əl-Büreym
rayonunda qırmızı-qonur torpaqlar yayılmışdır.
BƏƏ quru səhra və yarımsəha, çılpaq qayalı dağlar, vahələr və
nisbətən məhsuldar dağ vadiləri olan ölkədir. Ərazisində təbii meşə
massivi yoxdur. Bəzi yerlər kol bitkilərindən də məhrumdur. İran və
nisbətən Oman körfəzi sahillərində kserofit səhra çöl bitki örtüyü,
sahildən materikin daxilinə doğru uzaqlaşdıqca səhranın yarımkol
bitkiləri, dağların ətəkləri və vadilərdə subtropik bitkilər yayılmışdır.
Vahələr və vadilərdə xurma və meyvə ağacları bitir. Ölkənin İran
körfəzi sahillərindən 10 km-lə aralı yerləşən əraziləri şoranlaşmış
qumlarla örtülmüşdür. Yeraltı sular səthə çox yaxın yerləşdiyindən
tezliklə buxarlanan nadir yağışlardan sonra, günəşin qızmar şüaları
altında geniş sahələr qar kimi ağ duz ilə örtülür.
Yerli torpaq örtüyü ilə tanış olan xarici mütəxəssislər, əkin və
biçin üçün bu torpaqların yararsız olduğunu sübut etməyə çalışırdılar.
Lakin ölkənin hakim dairələri inanırlar ki, əmirliklərin gələcək nəsli
bağ-bağçaya bürünmüş bir ölkədə yaşayacaqlar. Artıq indinin özündə
BƏƏ-də 80 mln.dan artıq ağac əkilmişdir. BƏƏ ilə oxşar iqlimə
malik olan Avstraliya, Cənubi Amerika və Cənub Şərqi Asiya
bölgələrindən gətirilən bitkilərin yetişdirilməsi üçün ölkədə bir neçə
meşə təsərrüfatı sahələri yaradılmışdır. BƏƏ-də təbiətə qayğı ilə
yanaşırlar. Onu qorumaq məqsədilə Əmirliklərdə qoruq və
yasaqlıqlar yaradılmışdır.
Əmirliklərin heyvanat aləmi həddən artıq kasıbdır. Burada
ceyran, dovşan, sürünənlərdən isə kərtənkələ və ilanların müxtəlif
növləri yayılmışdır. İran körfəzin sahilində quşlar çoxdur. Oman
körfəzi müxtəlif növ balıqla zəngindir.