Torpaqda gedən bütün proseslər orada yaşayan mikroorqanizmlərlə əlaqədardır. Əgər bu canlılar torpaqdan ayrılarsa, torpaq məhsuldarığını itirib ölü bir cismə çevrilər. Tibb sənayesində mikroblardan dərman preparatları alırlar. Mikrobların sənayedə əhəmiyyəti daha böyükdür. Çörəkbişirmədə, süd və limon turşuları istehsalında, etil spirti alınmasında mikrobların rolu əvəzedilməzdir. Mikrobların bitki, heyvan və insan orqanizminə zərər verən növləri, xəstəlik törədənləri də vardır. Lakin onların verdiyi xeyir zərərindən daha çoxdur. Mikroblar uşaqlarda qızılca, göyöskürək, qrip, dizinteriya, angina, revmatizm, tonzillit, poliomielit, verəm kimi xəstəliklər törədir. Onlar kiçik ölçülü olduğundan ətraf mühitdə asanlıqla yayılırlar, insan orqanizminə hava, su, qida ilə düşürlər, xəstəlik törədirlər. Yoluxucu xəstəliklər xəstə adamdan çox sürətlə sağlamlara yoluxur. Mübaliğəsiz demək lazımdır ki, əgər mikroorqanizmlər olmasaydı, nəinki, bitkilərin, hətta, insanların da yaşayışları mümkün olmazdı. Mikroblar təbiətdə maddələr mübadiləsində iştirak etməsəydilər, Yer kürəsində həyat da mövcud olmazdı.