Milli müəyyənlik və psixoloji dərinlik
Qədim türk düşüncəsində uçmaq cənnət deməkdir. Təsadüfi deyil ki, dahi şair, romantik filosof Hüseyin Cavid özünün ən kamil mənzum faciələrindən birini-“Şeyx Sənan”ı uçmaqla tamamlayır. Mövzusu böyük sufi şairi T.Əmmarın “Məntiq-üt-teyr”əsərindən alınmış bu dramda müəllif qəhrəmanları mütləq uçuruma –cənnətə göndərməli idi. Çünki, ilahi eşqin məkanı, son mənzili məhz Allahın dərgahı olan cənnətdir...
İstedadlı yazıçı və alim Natəvan Dəmirçioğlu da XX əsrin 90-cı illərində sanki yuxudan çıxıb uçaraq ədəbiyyata gəlib. Onun povest və hekayələrdən ibarət “Birinci Kitab”a (2006) yazdığı “Yazardan qısa bir yazı”da oxuyuruq: ”Uşaq vaxtı yuxularımda hey uçurdum. Dağların, dərələrin, böyük suların, uçurumların, şəhərlərin üstündən uçurdum. Bir- iki dəfə xalama dedim ki, yuxularda uçuram, qorxuram. Dedi: “Qorxma böyüyürsən ondandır”.
Bir dəfə bir gəzərgi seyid gəlmişdi həyətimizə. Nə istədi verdik, amma həyətimizdən getmək istəmədi. Dedi: ”Hökmən gərək birinizin taleyindən gördüklərimi deyim”.Soruşdum ki, gördüklərinizi deyib neyləyirsiniz? Dedi:”Çox dərdə əlac eləyirəm”. Dedim: “Onda mənim dərdimə əlac edin. Yuxularımda uçuram, canım boğazıma yığılıb uçmaqdan”. Gözlərimin içinə baxdı – Ay qız! Səni mələklər uçurdur -dedi- vergilisən sən. Bunu heç kimə demə.
...daha yuxularımda uçmuram. Təkcə yazı yazanda yuxularda uçduğum kimi çəkisizlikdə oluram. Uçmuram, uçunuram”. Əslində mən bu sətirləri yazıb bu yazıya nöqtə qoymalıyam. Natəvan yazıçıdır! Yazıçılıq ona yuxuda, mələklərin sırasında uçduğu zaman buta verilib. Mən bilmirəm bu ilahi vergi ilə O, 50 yaşa qədər necə yaşayıb,onun psixaoloji yükünü necə çəkib!...
Bir gün türk qızı - gözəl şairə Anna Axmatova poeziya göyərçini Marina Svetayevaya məktub yazır. Məktubun sonuna bir cümlə əlavə edir: ”Blok umer”. M.Svetayeva ona cavab məktubu yazır. Sonda belə bir cümlə əlavə edir: ”Udivitelno ne to, çto Aleksandr Blok umer, udivitelno to, çto on de sex por jiv”. Bu qeydim Natəvandan uzaq olsun, O Allahın verdiyi qədər, həyat yoldaşı, iki övladı və gələcək nəvələri ilə xoşbəxt yaşasın. Xatırladım ki, Natəvan Dəmirçi qızı Atamoğlanova 1 noyabır 1963-cü ildə ədiblər və şairlər yurdu, Azərbaycan ədəbiyyatına M.P.Vaqifi, M.V.Vidadini, S.Vurğunu, M.Hüseyini, İ.Şıxlını,
2
Hüseyin Arifi, M.Dilbazini, Muğannanı,Yusif və Vaqif Səmədoğluları,Nəriman Həsənzadəni bəxş etmiş Qazax rayonunun Daşsalahlı kəndində dünyaya gəlib. Beş il (1984-89) BDU-nun jurnalistika fakültəsində təhsil alıb. Tələbə ikən Zaqafqaziya Universitetləri Tələbələrinin Beynəlxalq Elmi Festifalının qalibi olub. Hələ tələbəlikdən - 1988-ci ildən bu günə qədər -25 ildir ki, taleyini Azərbaycan Dövlət Televiziya və Radiosu ilə bağlayıb, 18 ildir ki, Azərbaycan Beynəlxalq Raiosunun şöbə müdiri kimi ağır, şərəfli və məsuliyyətli bir işdə çalışır.
Yazının tələblərinə əməl edərək üç mühüm faktı da qeyd etməliyəm: Natəvan xanın istedadlı gənc yazıçı kimi 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin, 2010-cu ildə isə cənab İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb; ”Yetim” povestinə görə “Yaddaş” komissiyasının qərarı ilə “Qılınc və Qələm“ mükafatı ilə təltif edilib; Nəhayət, 2010-cu ildə Moskvanın “Filinta” nəşriyatında povest və hekayələrindən ibarət 10 çap vərəqi həcmində “Pervaya kniqa” kitabı böyük tirajla çap olunub.
Natəvanın yaradıcılığı ilə 2004-cü ildən tanışam.Mən “Yaddaş”komisiyasının sədrin kimi onun müsabiqəyə təqdim olunan “Yetim” povestini oxumuşam. O, bir pyesin, bir neçə povestin, onlarla maraqlı hekayənin müəllifi, fəal ictimai mövqeyə malik vətənpərvər ziyalı, prinsipal qələm sahibi, publisist, milləti və dövləti hər şeydən uca tutan yazıçı - qələm sahibidir. Mən onu Azərbaycançılıq mövqeyindən sərt mənəvi-ideoloji döyüşlər aparan təmiz qanlı bir türk qızı kimi tanıyıram. Bu qənaətlərimə dayaq üçün “Yetim”in üzərinə qayıdıb, Natəvan Dəmirçioğlunu bir yazıçı kimi ətraflı təqdim etmək istəyirəm.
“Yetim” mürəkkəb arxitektonaya, çoxşaxəli sujet xəttinə malik bir əsərdir. Sadə təsvir və təhkiyə ilə yox, gərgin psixoloji keçidləri olan mətn üzrə yazılıb. Əsərdə özünə məxsus xarakteri, psixaloji tutumu olan obrazlar var: Yazıçı, Yetim - oğul Nüsrət, qətl edilmiş ata Nüsrət, Nüsrətin nənəsi, qatil-Əmiroğlu, Səs-Şeytan və toplum obrazlar - tələbələr, Yetimin ailəsi, kənd camaatı...
Natəvan Dəmirçioğlunun “Birinci kitab”ına yazdığı ön sözdə görkəmli tənqidçi, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov onun yaradıcılığına doğru yöndən yanaşır: ”Türk varlığının, mənəviyyatının ən zəngin
3
və dolu qatı mifaloji düşuncə ilə bağlıdır. Bu da Natəvanın yaradıcılığını küll halında əhatə edir. Əvvəlki əsərlərdə - “Üç nöqtə” və “Səbət”də xüsüsi olaraq diqqəti çəkən mistik anlayışlar, ölüm- həyat, bu dünya - o dünya, yerüstü və yer altı yaşam həqiqətləri, Yer və Göy əlaqələri çox orijinal şəkildə özünü göstərir... Hələlik onun sonuncu əsəri olan “Yetim”də isə mifaloji düşuncəsi yeni sferalarda gəzişməyə başlayır. Povesdə İnsan və (Allah lənət eləmiş) Şeytan qarşılaşması, İnsanın mənəvi gücü, dolayısı ilə elə yazıçının öz gücü deməkdir. Qarının həm bu dünyada, həm o dünyada yaşaması, əslində iki dünya arasında insanlığın gözlə görüb, şüurla dərk etmədiyi güclü və birbaşa rabitənin olduğuna əsaslanır”.
“Bir olan Tnrım!...Özündən yetim qoyma məni!”- Povest belə başlayır. Sonra deyilir:“İnsan atadan, anadan yetim ola bilər, ancaq Allahdan yetim qalmasın, taleyi yetim olmasın”. Bu ideyanı yazıçı əsərin sonunda konseptual bir məqama çatdırır. Natəvanın qəhrəmanı olan yazıçı ( təbii ki, o özü! ) qupquru qurumuş, Yetim gələnə qədər ölməyən Qarı ilə söhbətdən sonra belə qənaətə gəlir: ”Belə götürəndə birinin Allahdan yetim qalmasına nə var ki, uzaq başı bir adamdı. Yetimdi, bir nəsil onun qeydinə qalacaq. Toyunu bir qohumu edəcək ( öz xeyri xatirinə ), vayını bir qohumu yola verəcək ( ad-san xatirinə ). Bir nəsil də Allahdan yetim qalsa, dərd yarıdı. Çünki, bir nəsil bir elin içində nədi ki! Onun dərdi yaxındı. “El içində, öl içində” atalar deyib bunu! El içində ölüm də asandı, yüngüldü. Qalıb ki, yetimlik ola. Dərd odur ki, bir millət Allahdan yetim qala”. Yazıçını əlinə qələm almağa vadar edən bax, bu narahatçılıqdı.
Yazıçı atası Nüsrət müəmmalı qətlə yetiriləndə hələ anasının bətnində olan Yetimin uşaq ikən sanki gələcəkdə taleyinin necə olacağını olduqca gözəl, gerçək bir təsvirlə verir. Nənəsi onu tər yarpız yığmağa göndərir. “Yetim isə arx aşağı, arx yuxarı gedirdi. Arx aşağı getmək xoşuna gəlmirdi. Su arxadan itələyir, tələsdiyindən barmaqları daşa ilişir, ağrıyırdı. Arx yuxarı getməyin xatirinə arx aşağı gedirdi. Təzədən ləzzətlə arx yuxarı çapırdı. Dizindən yuxarı qalxan su baldırlarına güc gəlir, qırçın-qırçın ləpələnirdi... Bəs deyincə oynadı. Üzünü suya salıb açıq gözlərlə arxın dibinə baxdı. Hardansa axıb gələn bir əlçim yunu çubuğa keçirib bayraq kimi havada yellədi, qızlara verməyə beş dənə yumru, sığallı beşdaş daşı tapdı, suyun kənarında dəvədabanı yarpağının üstünə qoydu, palçıqlıqda dalbadal gedən on adamın ayaq izini düzəltdi, otlardan yolub suda axıtdı- kef elədi.
4
Birdən yadına düşdü ki,nənəsi onu gözləyir”. Bu sadəcə təsvir deyil, peyzaj-prosesdir. Onu psixoloji paralelizm də adlandırmaq olar. Uşağın-insanın təbiətə qovuşmasını obrazlaşdıran bu dolğun sətrlər nəinki uşağın xarakterini açır, eyni zamanda onun gələcək taleyindən soraq verir, hələ dünyaya gəlməmiş, ana bətnində yetim qalan bu uşaq gələcəkdə axına qarşı üzməli olacaq. Natəvan xanım tək oynayan uşaq haqqında öz psixoloji düşüncələrini belə açıqlayır: ”Nənəsi ağlayanda ona elə gəlirdi ki, dünyada nənəsi ilə tək qalıb. Bu təklik qorxudurdu Onu.
... - Niyə tək oynayırdın?- Nənəsi soruşdu.
-Heç kim yox idi. Təkcə mən idim.
...O öz-özünə daha yaxşı oynayırdı... Beləcə tək oynamaq onu yormurdu. Molla Feyzullah deyirdi ki, bu uşağın xeyir əyəsi var, xeyirli qüvvələr himayə eləyir Onu. Hansı uşaq tək oynaya bilmirsə onu pirlərə aparmaq, üstündən qoruyucu şeylər asmaq lazımdır. Demək, onun toxunması var. Tək oynaya bilən uşaqlar yaxşı uşaqlardı. Eşitdiklərini başa düşməsə də yaddaşına yazılırdı. Beləcə, böyüklərin arasında böyüyürdü”.
Yazıçı əsas psixoloji diqqəti Yetimin uşaqlıq dövrünə və yaşlanıb doğma ocağa qayıtdığı vaxta yönəldir, tələbəlik, alimlik, vəzifə həyatını isə publisistik bir sürətlə ötüb keçir.
On iki yaşı olanda Nənə ona ilk dərin, son tapşırığını, əbədi vəsiyyətini edir: ” Sən daha kişisən. Mən bunları danışıram ki, Sən biləsən. Sən bunları bilməlisən... Atana qəsd edənlər Sənin düşmənlərindi. Onlar kimdi? Biz onu bilmirik. Bəlkə tale, qismət onu sənə tuş gətirəcək. Onda neynərsən özün bilərsən. Amma düşmənini tapmaq ürək dincliyi, ondan heyfini almaq ömür-gün qiymətidir. Ömür insana bir dəfə verilir, ikincisini görən olmayıb. Ömrünü qiymətli yaşa”. Yetim- Nüsrət bu uşaqlığın son dərsini ömrü boyu unutmur. Tələbə dostları arasında da, onun xətrini istəyən həmtaleyi professorla söhbətlərində də, sevib-seviləndə də, elmi əsərlər yazanda da, vəzifədə işləyəndə də özü ilə ən qiymətli ömür əmanəti kimi qoruyub saxlayır. Ömrünün təqaüd çağında həmin sözlər Onu əhənrüba kimi
5
çəkib doğma kəndə, Nənənin ağlaya-ağlaya ona sonuncu dərsi verdiyi ata yurduna gətirir.
Və elə bilirəm, Yetim povestinin psixoloji baxımdan ən gərgin, bədii- fəlsəfi cəhətdən maraqlı və dəyərli məqamı Natəvanın yazıçı kimi kimliyini göstərən səhifəsi Yetimin onun atasının qatili kimi 25 il cəza çəkmiş Əmiroğlu ilə görüş səhnəsidir:
“Yox, bu gün adi gü deyildi.
Bu gün köksünün altında gəzdirdiyi, bağrının başında yarıya dönən suala cavab almalı idi. O məqsədlə açıq darvazadan içəri girmişdi.
-Mən deyildim, ay oğul, həmin adam, nəyə inanırsan, inan – bunu kişi dedi. Səsi tutqun çıxdı. – Mən hayıfsılanıram ki, dünyada elə bir şey yoxdu ki, buradaca səni inandırsın ki, mən sənin qan düşmənin deyiləm. Bacarmazdım mən o işi, oğul.
-Bəs niyə elə demədin onda?
-Dedim, inandıra bilmədim, hər şey mənim ziyanıma işlədi.
Qoca gözləyirdi. Ürəyi əsə-əsə.
Yetim də Qocanı gözləyirdi. Dinmirdi.
Sonra Qocanın ürəyinin əsməyi dayandı. İndi kirpikləri, sinəsi, üzünün əzaları əsirdi. Gözləri doldu və sonra çəlik tutan əli, bədəni, nəhayət əlindəki çəlik də əsim-əsim əsdi. Qoca ağlayırdı. Qarşısındakının heç nə demədiyinə görə ağlayırdı.
Qarı bir dolça su, bir də dərman gətirib kişiyə vermək istədi. Əli ilə onun gətirdiklərini kənara itələdi. Tərs- tərs arvada baxdı. Qarı qeyb oldu.
-Ay Söyün əmi, deyirlər sən yaxşı saz şalırsan. Sazın evdədimi?!
Qoca qəfil:
-Hayyy- dedi.
...Qarı qapının ağzında onu qabaqladı.
6
-Düşmən evindən ha getmirsən, a bala, bir stəkan çay iç, get,- dedi...”
Elə həmin axşam günahı olmadan 25 il türmə cəzası çəkmiş Qoca dünyaya sonuncu borcunu verib- Yetimi onun atasının qatili olmadığına inandırıb, qatilin adını da özü ilə götürüb, dünyasını dəyişir.
Yazıçı mistik obrazlardan - Şeytandan, Yetimi görməyənə qədər can verə bilməyən qupquru qurumuş Qarının qeybindən bacarıqla istifadə edir:
“Qarı ağ kəfəni tabutun içində atıb özü quş kimi uçub, gəlib qonmuşdu bu sətirləri yazanın yazı masasına. Eynən Yetimin padvalda eşitdiyi bulaşıq, dolaşıq səslə soruşurdu:
-Sənin nəyinə lazımdı bu olanları çözələmək. Sənə bir sirr açacağam. Di gəl ki,bunu da yazsan, barmağımı salıb gözünü çıxardacağam. Kəndin yiyəsi vardı, Abdulkərim! Onunla görmüşdü məni Yetimin dədəsi. Amma tanımamışdı. Budu düyün!!! Səsin çıxsa söz dediyimdi!”
Beləliklə də, yazıçı ustalıqla qatili gələcəyin mühakiməsinə verir... Məqsədimiz heç də Natəvan xanımın bir-birindən maraqlı povest və hekayələrini təhlil etmək deyil, o hələ cavandır və oxucuların ondan yeni əsərlər gözləmək səlahiyyəti var. Mən bir oxucu və tənqidçi kimi onun yaradıcılığındakı cəsarət və səmimiyyəti bəyəndim. Onun əsərlərini oxuyanda Dostayevski nəsrini oxumuş kimi mənəvi qida alırsan. O, yüksək səviyyəli, hazırlıqlı, elitar oxucu üçün yazır. Yazdıqlarında güclü bir daxili inam, sarsılmaz türk ruhu var. Bu ruh mifdən gəlir, onun Yetimi elə bil ki, böyük türk yazıçısı Ç. Aytımatovun “Ağ gəmi” povestindəki Oğlanın müasir qardaşıdır. Povestdə həm Qarının, həm Yetimin, həm də Qocanın- Əmiroğlunun təsviri dərin pisxologizmlə yüklənib.
Natəvan dilimizin qədrini bilir, onu israfçılıqla işlətmir, urvatdan düşməyə qoymur. Mənim üçün yazıçı dilə münasibətdən başlanır. O, ən böyük sərvətimiz olan dilimizin hər sözünə nəsrin fəzasında nəzər salmağı bacarır...
Sonda qeyd edim ki, Natəvan xanım həm də istedadlı və cəsarətli, öz mövqeyini elmi mübahisələrdə qoruya bilən tədqiqatçı alimdir. Mən onun “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun
7
rolu” adlı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün BDU-da, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Dissertasiya Şurasında uğurla müdafiə etdiyi dissertasiyanın rəsmi opponenti olmuşam.
Natəvan Dəmirçioğlu Allahın ona səxavətlə bəxş etdiyi istedadı həm yazıçılığa, həm jurnalistikaya, həm elmi yaradıcılığa və nəhayət həm də pedaqoji işə həsr etmiş hərtərəfli milli ruhlu ziyalıdır. O, zəngin bilik və təcrübəsini səbr və səbatla müstəqil Azərbaycanın münəvvər gəncliyinə öyrədir, maarifçi kimi fəaliyyətini əzmlə davam etdirir.
Dövlət Mükafatı Laureatı, Profrssor
Dostları ilə paylaş: |