Mİr möHSÜn nəvvab 1905-1906-ci iLLƏRDƏ erməNİ-MÜSƏlman davasi azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 0,62 Mb.
səhifə4/10
tarix01.04.2017
ölçüsü0,62 Mb.
#13036
1   2   3   4   5   6   7   8   9   10

KƏRBƏLAYI İSGƏNDƏRİN ƏHVALATI
Kərbalayı İsgəndər adlı bir şəxs mənə danışdı ki, dava günü üç nəfər yuxarı erməni bazarına çıxmışdıq. Bir də gördük ki, ermənilər bir-birinə qarışaraq dükanları bağlayır, əllərində tüfəng və tapança küçələrə çıxır, harada müsəlman görürdülərsə, gülləyə basırdılar. Heç nədən xəbərləri olmayan silahsız müsəlmanlar isə bu hücumun qarşısında hərəsi bir tərəfə qaçırdı. Bəzisi qaçıb qurtarır, bəzisi yaralı canını qurtarmağa cəhd göstərirdi. Bir qismi isə yaralı yıxılıb qalırdı. Biz üç nəfər də bu vəziyyəti görüb dəhşətə gəldik və qaçmaq istədik. Lakin gördük ki, bütün dükanların qarşısında silahlı ermənilər dayanıblar. Əgər qaçsaydıq, bizi hər tərəfdən gülləbaran edəcəkdilər. Əlacsız qalıb orada olan bir müsəlman papaqçı dükanına girdik. Dükanın sahibi Aslan adlı bir nəfər idi. Aslan durub tez dükanın qapısını çəkib içəridən bağladı və arxasına böyük şeylər qoydu ki, açılmasın. Bunu görən ermənilər tez qaçıb dükanı gülləyə tutdular. Güllələr qapını deşib içəri keçirdi. Biz isə içəridə hərəmiz bir divar dibinə qısılıb qalmışdıq. Mən bir təhər qalxaraq dükanın arxasındakı taxtanı çıxartdıqdan sonra ona bitişik olan ikinci dükana keçdik. Həmin dükanın sahibi də dükanı bağlayıb getmişdi. Gördüm ki, dükanda bir dəstə lavaş və yanında da dolu bir qab su var. Sudan bir az içdik. Sonra fikirləşdik ki, nə edək. Axşam düşəndən sonra lavaşdan bir qədər yeyib sudan içdikdən sonra həmin dükanda gecəməli olduq. Lakin yata bilmədik. Sübh olan kimi mən qalxıb o dükanın bir tərəfinin divarının üstünü açdım. Mənimlə orada olanlardan birisi dəmirçi Süleyman, o birisi isə Cəmil adlı bir şəxs idi. Mən divarın üstündən aşdığım yerdən gördüm ki, bazar-dükan, ev-eçik tamam od tutub yanır. Alov artıq biz olan dükana yetişirdi. Amma bazarda bir nəfər də olsun, erməni görünmürdü. Onların hamısı böyük meydana yığılıbmış. Müsəlmanların da “Ya Əli!” sədası eşidilirdi. Mən alovun yaxınlaşdığını görüb özümü birtəhər açdığım yerdən bayıra atdım. Yoldaşlarıma da xəbər verdim ki, od-alov artıq dükana çatır. Onlar hərəkət edib divara çıxana kimi od-alov dükanı bürüdü. Onlar karıxaraq iksi də divarın üstündən dükanın içəri tərəfinə yıxıldılar. Mən böyük çətinliklə divarların dalı ilə evimizə çatdım. Gördüm külfətim hamısı ağlaşırlar. Bir qızım özünü saçından asıb Allaha dua edirdi. Elə ki, məni gördülər, hamısı ayağıma düşdülər.


ŞÜKÜR BAQQALIN ƏHVALATI
Yuxarıda deyilənlərdən daha qəribə bir əhvalat qalalı Şükür Kərbəlayi Allahverdi oğlunun başına gəlmişdi. Bu haqda o belə danışır:

- Mən və qardaşım Həsənin yuxarı erməni meydanında baqqal dükanımız var idi. Dükanlarımız quru meyvə ilə dolu idi. Alış-verişimiz də yaxşı gedirdi. Günlərin bir günündə (yəni dava başlanan günü) bir də gördük ki, nə qədər dükanlarda alış-veriş edən vardısa, hamısı bir-birinə qarışıb hay-küy yarandı. Sonra isə dəstə-dəstə olub müxtəlif səmtlərə getdilər. Ermənilərdən sual etdik ki, nə hadisə baş verib? Onların heç biri cavab vermədi. Bu vaxt mən gördüm ki, atlı qımdatlardan birisi tələsik gəlib erməni dükan sahiblərinə nə dedisə, onlar o dəqiqə dükanları şaraqqaşaraqla bağlayıb, dəstə-dəstə olub əllərində tüfəng və tapança hər tərəfə yayıldılar. Gəncələr meydanına və bazara doluşan əli silahlı ermənilər harada müsəlmanlara rast gəlirdilərsə, gülləyə tuturdular.



Burada dükanı olan Əli Molla Məcid oğlu adlı bir cavan vəziyyəti belə görüb qaçıb mənim dükanıma gəldi. Mən isə bağlamağa fürsət tapmayıb Əli ilə birlikdə dükanın arxasında yerləşən zirzəmiyə girdik. Bizim buraya girməyimizi görən ermənilər zirzəminin mühasirəyə alıb atəşə tutdular. Mənim də içəridə bir tapançam və on beş gülləm var idi. Mən də başladım onlara cavab atəşi açmağa. Çartaz əhlindən bir erməni cəsarətlə istəyirdi ki, zirzəmiyə tərəf gəlsin. Həmin dəm tapança ilə onun sinəsindən vurdum. Erməni çığırıb yıxıldı. Cavab atəşini və çartazlının öldürülməsini görən ermənilər qorxudan geri çəkilib uzaqdan atəş açmağa başladılar. Mənim yanımda çoxlu tüfəng gilizləri var idi. Hər dəfə tapançadan atəş açarkən həmin gilizlərdən birini dərhal bayıra atırdım. Onlar tüfəng gilizlərini görüb xəyal edirdilər ki, məndə tüfəng var. O gecə oğlanla birlikdə bu qərar ilə zirzəmidə qaldıq. Zirzəminin bir tərəfində dəmirdən bir pəncərə var idi. Həmin pəncərəni çox böyük zəhmətlə sökərək çıxartdıq. Həmin pəncərə ilə üzbəüz bir anbar var idi. Həmin pəncərədən anbarın taxtapuşuna çıxaraq oradan içəri endik. Böyük həcmli olan anbarın içərisi müxtəlif əşyalarla dolu idi. Dəmir sac və aftafalar daha çox idi. Oğlan yalvardı ki, mən bir küncdə gizlənim, sən isə sacları mənim ətrafıma düz ki, güllə dəyməsin. Sonra oğlan bir bucağa qısıldı, mən isə sacları onun ətrafına düzdüm. Başqa səmtə gələrək gördüm ki, bir zirzəmi var. Onun qapısına böyük bir qıfıl vurulmuşdur. Yerdən daş parçası götürüb onunla qıfıla bir neçə zərbə endirərək sındırdıqdan sonra zirzəmiyə girdim. Zirzəmidə çoxlu və böyük parça tayları var idi. Həmin parça taylarından bir neçəsini götürüb qapını örtüb onun arxasına qoydum. Bundan sonra bir az sakitləşdim. Zirzəmidə o yan-bu yana baxaraq içərini axtardıqdan sonra gördüm ki, ağzı örtülü bir küpə var. Küpəni açanda onun içərisində qatıq olduğunu gördüm. Şükür edib qatıqdan bir az içdikdən sonra özümə gəldim. Üç gün idi ki, ermənilər hər tərəfdə müsəlman axtara-axtara gəlib həmin anbara doluşdular. Anbarın hər tərəfini yoxladıqdan sonra oğlanın orada olduğunu hiss etdilər. Sonra sacları o tərəf-bu tərəfə atıb Əlinin orada gizləndiyini gördülər. O dəmdə hər tərəfdən atəş atıb onu öldürdülər. Ermənilər tüfəngin səsinə anbara gəlirdilər. Ermənilər oğlanı öldürdükdən sonra oradakı aftafalardan bir neçəsini götürüb onun başına vuraraq əzdilər və bütün bədən üzvlərini kəsdilər. Ermənilər oğlanın cəsədinə olmazın işgəncələrini verdikdən sonra mən gizləndiyim yerə tərəf gəldilər. Qıfılın sındırıldığını görüb içəridə adam olduğunu bildilər. Onlar zirzəminin qapısını açmaq istəyərkən mən pəncərədən bir güllə atdım. Güllə bir erməninin dodağına dəyib dişlərini tökdü. Həmin ermənini çığırıb qaçdı. O biriləri də tez qapıdan uzaqlaşdılar. Ondan sonra Mesrop adlı tanıdığım bir erməni gəlib divarın dalından məni dilə tutaraq dedi ki, ağa Şükür, sən çölə çıx, mən səni ermənilərdən qoruyaram, qoymaram ki, sənə əl vursunlar. Mən müsəlmanların çörəyini yemişəm. mən sənə xəyanət etmərəm. Mən ona cavab verdim:

- Siz erməni tayfasına inanmaq olmaz. Sən deyirsən ki, artıq müsəlmanlarla barışıq etmişik. Əgər doğru deyirsənsə, get qazını və ya Xosrov bəyi gətir, ondan sonra mən buradan çıxaram.

Bunu eşidcək Masrop acıqlanıb qazı və Xosrov bəyin ünvanına söyüşlər yağdırdı. Mən də cavab olaraq Masropun özünü və keşişlərini söydüm.

Bu minvalla qatıqdan az-az içib vaxtımı keçirirdim. Beşinci gün bir də gördüm ki, qardaşımın səsi gəlir, musiqi səsi də eşidilirdi. Eşiyə çıxıb qardaşımla evə gəldim.

O insafsız erməni tayfası dükanda olan nəqd pulu və malları, o cümlədən çuval-çuval quru meyvələri və digər satış mallarının hamısını talan və qarət etmişdilər.

..... Xülasə, sözümüz həmin yerdə qaldı ki, müsəlman igidləri irəliləyərək ermənilərin evlərinə od qoydular. Od-alov yuxarı qalxdıqca ermənilər geri qaçırdı, səngərləri isə boş qalırdı. Müsəlmanlar isə onların səngərlərini ələ keçirib, darmadağın edir və yandırırdılar. Müsəlmanlar hər tərəfdən irəliləyərək ermənilərin mövqeyini ələ keçirirdilər. Onlar Böyük kilsəni, Aşağı meydanı və Qalanı da tutdular. Ermənilərin kişi, övrət və uşaqları üz qoydular qaçmağa. Onların bir parası Üçmıxdan Daşaltı tərəfə qaçdılar. Bir qismi isə əlacsız qalıb övrət-uşağını götürüb rus qazarmasına qaçıb doluşdular. Qazarma dolduğundan rusların böyüyü əsgərlərə əmr etdi ki, daha oraya heç kimi buraxmasınlar.

Bu halda qımdatlardan biri olan Baxış bəyin oğlu Kolya, bir neçə övrət-uşaqla əlində tüfəng, üstündə patrondaşlar dolu halda qazarmaya gəldi. Ermənilərin dediyinə görə, Kolya dünyaya gələndən onldan mərdümazarlıqdan başqa yaxşı iş görməyiblər. O rəngi qaçmış, titrəyə-titrəyə qazarmaya girib gizləndi.

Davanın dördüncü günü bütün səngərlərin igidləri söz bir olub tədbir etdilər ki, birdən “Ya Əli” narəsi çəkib, hər tərəfdən ermənilərin üzərinə hücuma keçib, onların axırıncı qüvvəsini darmadağın edib, bütün mülklərini yandırıb qələbə bayrağını kilsənin üstünə və Xəlifəli qapısına sancdılar.

Həmin gün isə erməni məhəlləsinin sakinləri həyəcanlı kədər və məlal içərisində teleqraf vurub rus dövlətindən xahiş etdilər ki, bu fəsadı söndürmək üçün cənabi-müstətab, sərkari-baiqtidar şəriətmədar Şeyxülislam cənablarını oraya (Qalaya) göndərsinlər.

ERMƏNİ XƏLİFƏSİNİN BÜTÜN KEŞİŞLƏRİLƏ BARIŞ ÜÇÜN MƏSCİDƏ GƏLMƏSİ
Xəlifə elə ki gördü ermənilərin arvad-uşağı ağlaşa-ağlaşa töküldülər onun qapısına, tez durub kilsə paltarını geyib böyük xaçı, kilsələrin böyük keşişlərindən hər biri bir İncili əlinə alıb, kilsə paltarları əyinlərində, keşişlərin əllərində qiymətli bayraq, neçə ruslar qabaqda papaqları ağacın başında, naçalnik onların dalında və ermənilərin nümayəndələri bunların dalınca musiqi çala-çala gəldilər meydana doldular. Xəlifə qabaqca, keşişlər əllərində xac və İncil və bayraqlar bir parası ağlaya-ağlaya məscid həyətinə daxil oldular ki, bizi əfv edin, bağışlayın.

Həmin gün müsəlmanların əyan-əşrəfləri və böyük alimləri müəyyən bi işlə bağlı məscidə gəlmişdilər. Mən də (Mir Möhsün Nəvvab) bir vacib işlə əlaqədar oraya gəlmişdim. Məscidin həyətinə çatanda qonşuluqdakı qapı açıldı. Əvvəl oradan naçalnik çıxdı və mənə yaxınlaşıb əlimdən tutaraq “izvinite” sözünü deyib daxil oldu. Onun arxasınca gələn erməni xəlifəsi də mənim əlimi sıxaraq “bağışlayın” deyib içəri daxil oldular. Bu zaman cənab Hacı Molla Hüseyn qazı təşrif gətirdi. Onların ardınca müsəlmanlar da məscidə daxil olub xəlifə və keşişlərlə görüşdülər. Bundan sonra xəlifə barışıq nitqinə başladı. Bir qədər sonra məsciddən çıxdılar. Cənab qazı və müsəlmanların əyanları da onlrarla erməni meydanına tərəf yollandılar. Yenə qabaqda naçalnik və ruslar müsiqi sədası altında erməni məhəlləsinə doğru hərəkət edirdilər.

Aman (sülh) bayraqlarından birini mən (Həvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkdirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim.

Ermənilərin bu növ siyasətinə və hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olmazdı. Çünki neçə dəfə bu qərar ilə məsciddə, kilsədə və qazının evində bütün keşişlər, xəlifənin özü və erməni əyanları toplaşaraq çoxlu nitqlər söyləmiş, xütbələr oxumuş və dostluqdan danışmışlar. Amma axırı yenə mənasız olub. Belə ki, onlar yəni ermənilər öz fitnə-fəsadlarından əl çəkməyərək xalqın rahatlığını kəsib onları qırğına düçar etmişlər.

Üç gün bundan sonra cənab Şeyxülislam Şuşa şəhərinə təşrif gətirdi. Şəhər əhalisi onu böyük ehtiramla qaşıladı. Şeyxülislamı üç yüz atlı, hörmətli şəxslər, alimlər, erməni keşişləri və xəlifəsi, eləcə də erməni böyükləri faytonlarda, otuz nəfər atlı kazaklar sursatları ilə birlikdə müşayiət edirdilər. Onlar şəhərə daxil olaraq cənab qazının evində qərar tutdular.

Elə ki sabah oldu, yenə alimlər, seyidlər, əyan-əşraflar, ermənilərin xəlifəsi, keşişləri və əyanları cənab Şeyxülislamın hüzuruna gələrək, xoş gəldin etdilər. Bundan sonra Şeyxülislam buyurdu ki, ey erməni və müsəlman camaatı! Bir para başqa vilayətlərdə fitnə-fəsad işləri vəba xəstəliyi kimi yayılarkən məscidlərdə və yığıncaqlarda mərifət əhli Şuşa qalasının erməni və müsəlman əhalisinin mehriban dolanmağını misal gətirərək, iğtişaş salanları məzəmmət edirdilər. Onlar Avropanın Paris şəhərində olan xoş davranışı Qafqaz şəhəri içərisində Şuşa əhalisinin mehriban münasibətləri ilə müqayisə edirdilər.

Mənə məlumdur ki, siz iki tayfa, yəni erməni və müsəlmanlar keçmiş zamanlarda qardaş kimi dolanmısınız. Hətta Məlik Şəhnəzərin qızı Hurizad xanımı mərhum İbrahim xan özünə halal övrət edib, qohum olublar. Indi sizdən sual edirəm: bu fitnə-fəsada nə bais olur?

Aramızda din-məzhəb davası, namus məsələsi yoxdur. Bəs nə üçün bir neçə şeytan cildinə girmiş insanların fitnə-fəsadına uyaraq bu qədər qanların tökülməsinə, malların tələf olub, mülklərin dağılmasına və yanmasına bais olursunuz? Qiyamət günü Allah-təalanın qarşısında bu bəd əməlləriniz üçün cavab verəcəyinizi unudursunuz? O, tezliklə zalım ilə məzlum arasında ədalətlə divan edəndir. Tövbə edib Allah yoluna qayıdın. Bir də belə fitnə-fəsadlar törətməyin. Fitnə-fəsad törətməyə çalışan bir para adamların sözünə qulaq asmayın. Onlar öz cahillikləri ilə sizin rahatlığınızı əlinizdən alıb, öz fitnələri ilə sizi qırğına verirlər. Bununla bir məqsədə və ali mərtəbəyə nail olmaq qeyri-mümkündür.

Xülasə, o biri gün səhər tezdən cənab Şeyxülislam məscidə təşrif gətirdi. Yenə də erməni və müsəlmanlar məscidin ətrafına toplaşdılar. Şeyx həzrətləri burada da çıxış edərək, onların bütün fitnə-fəsadlara son qoymalarını və mehriban dolanmalarını nəsihət etdi. Hərbi qubernator da camaata elan etdi ki, aranızda gedən vuruşlara son qoymaq və hər iki tayfa (erməni və müsəlman) arasında sülhü bərqərar etmək üçün dövlət məni buraya qubernator təyin etmişdir. Hər hansı bir fitnə-fəsada görə mən məzlumun tərəfində olub zalımı tənbeh edəcəyəm. Buna mənim səlahiyyətim var.

Buradakı çıxışlardan sonra onların hamısı erməni kilsəsinin yanına gəldilər. Burada da erməni xəlifəsi və qubernator çıxış edib, hamını fitnə-fəsadlardan əl çəkib əmin-amanlığı qorumağa çağırdılar.

Din xadimləri və qubernator bu iki tayfa arasında sülh yaratmağa çalışdıqları vaxt xəbər gəldi ki, Bəng tərəfdə ermənilər toplaşıb müsəlman köçərilərinin yolunu kəsiblər. Belə ki, min nəfərəçən əlsiz-ayaqsız övrət-uşaq, qoca kişilər və onların heyvanları yığılıb o tərəfdə meşədə qalıblar.

Bu xəbər şəhərə çatan kimi, dərhal Ağdama və Bağlar əhlinə müxtəlif kağızlar yazıb göndərdilər. Dərhal altı yüzə qədər silahlı atlılar cəm oldular. Və üz qoydular Bəng tərəfə. Ermənilərin səngərlərinə bir güllə atımlıq məsafədə düşüb dəstələr təşkil etdilər. Ermənilər xəbərdar olan kimi qorxuya düşdülər və bir neçə ermənini onların hüzuruna göndərdilər ki, müsəlmanların gəlişlərinin səbəbini öyrənsinlər. Atlılar həmin ermənilərə bildirdilər ki, gəlmişik köçərilərin yollarını kəsənlərə layiqli cəza verək ki, bundan sonra bir də belə iş görməsinlər.

Ermənilər dedilər ki, biz onların yolunu kəsməmişik. Ola bilsin ki, köç tayfası bizim ermənilərlə dava ediblər və bunun nəticəsində bir-iki adam ölübdür.

Xülasə, atlılar köçərilərin yolunu açdılar, onlar sərbəst gəlib oradan keçərək öz oymaqlarına tərəf yollandılar.

Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayırdılar. Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər isə Əsgəran səngərlərindən çıxarıldıqdan sonra onlar Xanabad kəndinə hücum edirlər. Onlar kənddə Həsənağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər.

Bundan sonra ermənilər Badara kəndinə hücum çəkdilər. Onlar həkim Mirzə Allahqulu oğlunun evini hər tərəfdən mühasirəyə alaraq od vurdular. Bu zaman Mirzə Allahqulu oğlu öz övladları Cahangir bəy və Kərim bəylə bu əhvalatdan xəbərsiz içəridə işlə məşğul idilər. Ermənilərin bir qismi isə içəri doluşaraq Mirzə Allahqulu oğlunu və övladlarını, eləcə də nökərlərini övrət-uşaqları ilə birlikdə qətlə yetirib mal-dövlətlərini talan etdilər.




ŞUŞA ŞƏHƏRİNİN ƏTRAFINDAKI KƏNDLƏRDƏ BAŞ VERƏN ƏHVALATLAR
Ermənilərin yuxarıda deyilən vəhşiliklərindən xəbər tutan kürdlər dərhal silahlanaraq bir neçə yüz atlı ilə üz qoydular Minkənd, Xınzirək və başqa kəndlərin üstünə. Onlar bu kəndləri darmadağın etdilər. Ermənilərdən bir qismi öldü. Bir qismi qaçıb canını qurtardı, başqa bir qismi isə tüfənglərini atıb təslim oldu.

O günün sabahısı mənim (Mir Möhsün Navvabın) yanıma bir cavan kürd oğlanı gəlib xəbər verdi ki,biz müsəlmanlar cəm olub birdən yüz evdən ibarət olan Hərrad kəndinin üstünə hücum çəkdik. Bizim hücumun qarşısında tab gətirməyən ermənilər əlacsız qalıb tüfəng və patrondaşlarını atdılar və acizanə şəkildə təslim oldular. Oğlan dedi ki, indi Qala dərəsinin üstünə hücum çəkmək məqsədi ilə hazırlıq görürük. Həmin oğlan bacardığı qədər boş gilizlər alıb apardı və dedi ki, orada yaxşı patron qayıran var, verəcəyəm bu gilizləri doldursun, çünki lazım olacaq.

Həmin günlər cənab Şeyxülislam buyurdu ki, erməni tayfasından bir neçə mötəbər adam onun hüzuruna gəlsinlər. Həmin gün müsəlmanlar da oraya toplaşmışdı. Onlar gəldikdən sonra Şeyxülislam buyurdu ki, inşallah, sabah mən getməliyəm. Yenə də hər iki tayfaya nəsihət edirəm ki, burada əmin-amanlığı pozmayaraq, əvvəlki kimi yenə də biri-birinizə ehtiram ilə yanaşaraq qardaş kimi dolanasınız.

Ermənilərdən biri ayağa durub ərz elədi ki, bu böyüklükdə alovun üstünü pərdə ilə necə örtmək olar? Ermənilərin vaveylası aləmi bürümüşdü. Çox böyük hörmətlə cənablarınızdan xahiş eləyirik ki, getməyəsiniz. Bir-iki gün də burada qalasınız. Bələkə, bu tayfa arasında sülhü bərqərar eləyəsiniz. Erməninin bu müraciətindən sonra müsəlman camaatı da cənab şeyxdən xahiş etdi ki, Qalada bir neçə gün də qalsın. Bu müraciətlərdən sonra şeyx onların xahişini qəbul edərək, bir neçə gün yenə şəhərdə qalmalı oldu. Həmin günün sabahı hər iki tayfanın xahişinə əsasən sülhü bərpa etmək məqsədilə hər tərəfdən iyirmi-otuz adamın iştirakı ilə əvvəl erməni kilsəsinə getdilər. Burada alimlər, xəlifə və keşişlər öz dini qanun-qaydaları ilə and içdilər ki, iki millət arasındakı ədavəti qızışdıranların fitvası ilə fitnə-fəsada qoşulmayacaqlar və hər iki tayfa arasında yaradılmış sülhü pozmayacaqlar.

Bundan sonra hər iki firqə birlikdə məscidə gəldilər. Burada xütbələr oxunduqdan sonra cənab qazı müsəlmanları Qurani-Şərifə and içdirdi ki, heç kəs bu iki xalq arasındakı əmin-amanlığı pozmayacaq və heç bir fitnə-fəsada bais olmayacaqlar.

Bu andiçmə mərasimindən sonra çox inadkar, nahaq qanlara və fitnə-fəsadlara bais İrəvan əhlindən olan Həmzəd adlı bir erməni öz ətrafına onun kimi cəlladları toplayaraq qəfildən zəif müsəlman kəndlərinə basqın edirlər. Onlar əvvəlcə kəndin ətrafında olan bir para ot tayalarına od vurub yandırdılar. Kənd camaatı bu hücumdan xəbərdar olan kimi kəndin müdafiəsinə qalxaraq düşmənlə vuruş meydanına atılırlar. Ermənilər isə onlardan qorxaraq geri qaçmışlar. Onlar başqa müsəlman kəndlərinə də belə basqınlar edərək xalqın rahatlığına haram qatmışlar. Gah da həmin dəstə Əsgəran bürclərinə girərək gizlincə yoldan gəlib-gedən müsəlmanları namərdliklə vurub öldürürdülər. Öldürdükdən sonra isə qaçıb onun üstündə olan paltarlarını, pulunu və apardığı malını qarət edib, meyidini yandırırdılar ki, ondan əsər-əlamət qalmasın.

Bundan əvvəl də bu iki tayfa arasında din-məzhəb üstündə, yaxud böyük mülklərdən ötrü münaqişə olurdu. Lakin bu cür insafsızlıq və namərdliklər olmurdu. Bu namərd dəstə isə harada əlsiz-ayaqsız adamlar görürdülər, gendən vurub öldürürdülər.

Xaspolad adlı bir müsəlman Qalanın ətrafında yerləşən bir dəyirmanı icarəyə götürmüş və onu bir kişi ilə övrətinə tapşırmışdı. Qarət və qan tökməklə məşğul olan erməni dəstələrinin biri həmin dəyirmana gələrək böyük bir faciə törətmişdilər. Onlar kişini güllə ilə öldürdükdən sonra qucağında dörd aylıq uşaq olan qadına yaxınlaşdılar. Erməni cəlladları onları da öldürmək istəyəndə övrət dedi ki, Allah xatirinə məni öldürün, ancaq uşağa əl vurmayın. Ermənilərdən ikisi irəli çıxıb dedilər ki, qorxma uşağı öldürməyəcəyik. Onlar uşağı qadından alıb bələyini açdılar. Ermənilərin hərəsi uşağın ayağından tutub qüvvətlə hərəsi bir tərəfə çəkdilər. Uşaq iki para oldu. İki yerə bölünmüş uşağın parçalarını ananın üstünə atdılar. Ana bu vəhşiliyə dözə bilməyib huşunu itirdi. Cəlladlar bu qadını da bir neçə güllə ilə qətlə yetirdikdən sonra dəyirmanda olan taxılı və unu, eləcə də malı qarət edib apardılar.



Əlavə: Ermənilərin bu qaniçən dəstələri öldürdükləri müsəlmanlara əvvəlcə olmazın işgəncəsini verərək, onların diri-diri burnunu, qulağını, ayağını və kişiliyini kəsdikdən sonra öldürür, cəsədini zibillikdə yandırırdılar.

Yuxarıda qeyd olunan 18 nəfər İran fəhlələrini və erməni məhəllələrində 20-yə qədər alver edən müsəlmanları bu cür vəhşiliklərlə qətlə yetirmişdilər.



Əlavə: Erməni tayfasının müsəlmanlara qarşı olan namərdliklərinə dair çox misallar göstərmək olar. Hacı Bəylərin başına gələn müsibət buna bir misal ola bilər. Belə ki, Hacı Bəylər adlı bir müsəlman sövdgəri Nikolay adlı bir erməni tacir ilə yaxın dostluq edərlərmiş. Onlar yaxın dost olduqlarından bir-birinə deyərlərmiş ki, hərgah ermənilərlə müsəlmanlar arasında dava olarsa, biri-birimizi onlardan qoruyaq.

Bir dəfə ermənilərlə müsəlmanlar arasında dava başlayarkən Nikolay Hacının dükanında olub. Erməninin davadan bərk qorxuya düşdüyünü görən Hacı ona ürək-dirək verərək onu gizlin bir yerə aparır. Nikolayı əmin edir ki, orada onu heç kəs tapa bilməz. Dava qutardıqdan və hər tərəf sakitləşdikdən sonra Hacı Nikolayı hörmətlə öz evinə yola saldı.

Nikolay Hacıya 93 manat pul vermişdi. Bur gün Hacı bu puları götürüb Nikolaya qaytarmaq üçün dükanına gedir. Hacı pulları sayıb erməniyə verdikdən və bir qədər söhbət etdikdən sonra birdən gurhagur düşdü. Hər tərəfdən iğtişaşlar başlandı. Tüfəng və tapança səsləri bazarı bürüdü. Hacı həyəcanlanaraq iğtişaşın səbəbini Nikolaydan soruşarkən o dedi ki, erməni-müsəlman davası düşdü. Hacı ondan soruşdu.

- Bəs mən nə edim?

Hacı fikirləşirdi ki, o, erməni Nikolayı gizlədərək qoruduğu kimi yəqin ki, onu da Nikolay ermənilərdən mühafizə edəcəkdi. Lakin təəsüflər olsun ki, belə olmadı. Birdən Nikolay stolun siyirməsindən bir tapança çıxarıb dabanını çəkdi və tapançalar Hacıya tərəf tuşlandı. Tapançanın gülləsi Hacının sinəsinə dəyib bir azca yaraladı. Hacı qanı tökülə-tökülə üz qoydu qaçmağa. Nikolay və onunla başqa ermənilər Hacının arxasınca tüfəngdən və tapançadan iyirmiyə qədər güllə atdılar. Amma xoşbəxtlikdən güllələrin heç biri Hacıya dəymədi. Bu əhvalatı Hacı özü mənə danışmışdır. Ermənilərin belə namərliklərindən və qəddarlığından yazmaqla qutaran deyil.

Əlavə: Cavad ağa və Paşa ağa oğlu adlı bir nəfər müsəlman həmişə ermənilərə hörmət edir, onlara rəhmlə yanaşardı. Çalışardı ki, ermənilərlə müsəlmanlar arasında həmişə sülh olsun. Buna baxmayaraq, yuxarıda adı çərkilən Həmzad adlı erməni cəlladı öz dəstəsilə Cavad ağanın kəndinə basqın etmişdir. Onlar Cavad ağanın və onun rəiyyətinin evlərinə və gözəl atlar saxlanılan tövlələrinə od vurub yandırmış, mal-dövlətini qarət etmişlər.

Əlavə: Erməni quldur dəstələri Xanəzək kəndinə də dasqın etmişdilər. Məmmədağa Ataxan oğlunun bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağların ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. Onun nökərləri qaçıb canlarını xilas etmişlərsə də, çoban onlardan qurtara bilməmişdir. Quldurlar onu vəhşicəsinə öldürmüşlər.

Əlavə: Bu zaman Qalaya bir adam gəlib xəbər gətirdi ki, erməni quldurlarının bu vəhşiliklərinə son qoymaq üçün hər tərəfdən müsəlman atlıları tökülüb ermənilər yaşayan Sissi kəndinə hücum etmişlər. Kənddə müsəlman atlıları erməni quldurlarının bir neçəsini öldürmüş, bəziləri isə qaçıb canını qutarmışdı. Müsəlman kəndlərindən qarət edilmiş mal-dövlət geri qaytarılmışdır. Kəndə basqın zamanı müsəlman atlıları övrət-uşağa toxunmamışdılar.

Bundan sonra atlılar əksəriyyəti erməni olan Məşhər adlı kəndə tərəf yönəldilər. Ermənilər müsəlman atlılarına müqavimət göstərə bilməyib hərəsi bir tərəfə qaçdı. Onlar bu kənddə olan heyvanları və bəzi əşyaları özləri ilə qənimət götürüb öz iqamətgahlarına göndərdilər. Bir para quldur evlərinə və onların ot tayalarına od vurduqdan sonra atlılar Sary kəndinə tərəf yollandılar. Bu kənddə də müsəlmanlar istədiklərini etdikdən sonra Qarabulaq kəndinə üz qoydular. Oradan isə Xəlifə kəndinə getdilər. Bu kəndlərdə də övrət-uşaqlara əl vurmadan quldurlara divan tutaraq aparılan malların hamısını geri qaytardılar.



Əlavə: Yuxarıda haqqında danışdığımız Həmzad adlı erməni qulduru və dəstəsi ilə yenə gəlib Əsgəran bürclərinə doldular. Onlar bu səngərlərdən namərdcəsinə yolla gəlib-gedən müsəlmanları qəfllətən güllə ilə vurub öldürdülər, meyidini isə odlayıb yandırırdılar. Həmin gün Mustafa bəy adlı bir nəfər müsəlmanı eləcə öldürdükdən sonra yandırmışdılar. Bu əhvalatdan bir neçə gün sonra yəni ramazan ayının üçüncü günündə İsa bulağının yaxınlığında meşədə müsəlmanlar üç erməni ilə dalaşırlar. Müsəlmanlar erməninin ikisini öldürür, üçüncüsü isə qaçır. Arxadan atılan güllələrdən ancaq biri qaçan erməniyə dəyib yaralayır. Yaralanmasına baxmayaraq, qaçıb aradan çıxır və özünü şəhərə yetirir. O, şəhərdə fəryad qaldırır ki, nə durmusunuz müsəlman atlıları dörd tərəfdən üstümüzə gəlir, yolda da iki ermnini öldürüblər, mən isə yaralanıb qaçmışam.

Ermənilər onun bu fəryadını eşidən kimi dükan-bazarı şaraqqaşuruqla bağlayıb qorxu içərisində Qalaya müvəkkil olan qoşun böyüyünün yanına gəldilər və dedilər ki, müsəlmanlar dörd tərəfdən üstümüzə gəlirlər, iki adamımızı öldürüb, birini isə yaralayıblar.

Qoşun böyüyünün əmri ilə əsgərlər dərhal şeypur çaldılar. Qalada nə qədər ki, rus var idi, hamısı silahlanıb musiqi çala-çala müsəlman bazarına getdilər. Gördülər ki, bazarda dükanlar açıq, hər kəs də öz işi ilə, alış-verişi ilə məşğuldur. Davadan heç bir əsər-əlamət yoxdur. Rus əsgərləri yenə musiqi çala-çala erməni məhəlləsinə qayıtdılar və ermənilərə bildirdilər ki, onlar öz-özlərindən nahaq yerə belə qorxuya düşüblər.

Əlavə: Həmin günün sabahı ermənilərdən on dörd nəfər atlanıb, şəhərdən kənarda yerləşən Yapma adlı yerə gəlir və müsəlmanların yolunu kəsir və onların gediş-gəlişinə mane olurlar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi bir neçə igid döyüşçü həmin yerə gələrək, ermənilərin üstünə hücum edirlər. Ermənilər karıxıb hərəsi bir tərəfə qaçarkən onlardan üçünü öldürüb birini isə yaraladılar. Qaçanlar Qalaya gəlib erməniləri əhvalatdan xəbərdar etdilər. Dərhal qımdatların rəhbərliyi altında bir dəstə erməni Yel dəyirmanı adlanan qayanın üstünə gəldilər. Qalanın üstünə çıxıb durbinlə çay tərəfdən gələn müsəlmanları müşahidə etməyə başladılar. Axşama bir saat qalanda gördülər ki, bir fağır qoca müsəlman kişisi odun yüklənmiş atla gedir. Kişi oruc olduğuna görə atın quyruğundan tutub yavaş-yavaş addımlayırdı. Erməni quldurları qoçanı güllə ilə vurub öldürdülər. At isə qaçıb yüklü halda kişinin evinə gəlir. Kişinin külfəti vəziyyəti belə gördükdə qorxuya düşüb tanış-bilişi köməyə çağırdı. Onlar kişini axtarsalar da, artıq gecə düşdüyündən qaranlıqda onu tapa bilmədilər. Səhərsi gün gedib onun meyidini tapdılar və bu haqda divana məlumat verdilər. Sonra isə kəfənə tutub dəfn etdilər. Həmin kişi Səfərəlinin oğlu Qulu dəllək idi. Mərhumun qardaşı hamıya bildirdi ki, ermənilər o biçarəni öldürəndən sonra qarnını yırtıb, başını daşla əzib, qulağını kəsib aparmışdılar. Vay olsun bu növ tayfanın əhvalına ki, Allah-təalanın məxluquna nahaq yerə belə zülümlər edib, dünyanı rahatsız qoyub özlərini də zəlil ediblər.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin