Mİr möHSÜn nəvvab 1905-1906-ci iLLƏRDƏ erməNİ-MÜSƏlman davasi azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 0,62 Mb.
səhifə6/10
tarix01.04.2017
ölçüsü0,62 Mb.
#13036
1   2   3   4   5   6   7   8   9   10

SEYİDİN ƏHVALATI
Həmin gün ermənilərlə müsəlmanların barışığı elan edilərək hər iki millət arasında sülh yaradıldıqdan sonra kəndistan yerindən olan və orada alverlə məşğul olan bir seyid evlərinə tərəf gedirdi. Seyid erməni küçəsi ilə bulvarın yanından gəlib keçəndə onunla tanış olan bir erməni qabağına çıxdı. Hal-əhval etdikdən sonra erməni dedi ki, bu evdə satılmalı bir palaz var, gedək onu sənə alım. Bu şərtlə ki, əgər ucuz alsam, mənə dəllallıq pulu verməlisən. Seyid onunla razılaşdı. Onlar bir az getdikdən sonra qabaqlarına iki yapıncılı qımdat çıxdı. Onlar ermənicə bir-birindən soruşdular ki, seyidi harada aparıb öldürsünlər. Birisi dedi ki, əvvəl gərək Kiki Kələntərova deyək, ondan sonra öldürək. Seyid erməni dilini bildiyindən bu danışıqların hamısını başa düşdü. Əhvalatın nə yerdə olduğunu dərk edən seyid daxilən həyəcanlansa da, öz həyəcanlarını büruzə vermədi. Əvvəl istədi ki, qaçsın, lakin buna heç bir fürsət olmadığını görüb vəziyyətdən çıxış yolu axtarmağa başladı. Ermənilərdən biri digərinə dedi ki, siz onu söhbətə tutub saxlayın, mən gedim Kikiyə məlumat verim. Bir azdan erməni geri dönərək öz yoldaşlarına buyurdu ki, seyidi Kikinin əmri ilə öldürüb, onu da papaqçını basdırdığınız yerdə basdırın. Bundan sonra onlardan hər üçü seyidin üzərinə hücum çəkib qollarını burdular və toqqanı açıb boynuna bağlayıb çəkə-çəkə bir həyətə gətirdilər. Evdən bir övrət çıxıb dad-fəryad elədi ki, bunu burada öldürməyin. O gün papaqçını öldürərkən uşağım qorxaraq naxoşlayıb. Övrətin etirazından sonra seyidi evdən çıxartdılar. Övrət isə darvazanı onların arxasınca bərk-bərk bağladı. Ermənilər seyidi evdən çıxartdıqdan sonra fikirləşdilər ki, onu harada öldürsünlər. Bu zaman birdən yolun o biri tərəfindən hay-küy qalxdı. Bir müsəlman çığırırdı ki, tut məni görüm necə tutursan. Kəndistan yerindən olan bu müsəlman atın üstündə getdiyi yerdə iki erməni onun üstünə hücum çəkərək tutub öldürmək istəsələr də, gücləri çatmır. Bu seyidin yanında olan ermənilərdən biri onunla qaldı, ikisi isə o biri ermənilərə köməyə getdilər. O biri erməni seyidi orada olan çuxura salmaq istəyərkən, seyid toqqadan tutub erməniyə müqavimət göstərir. Yer yaş olduğundan seyidin göstərdiyi müqavimət nəticəsində erməninin ayağı sürüşüb yıxılır və toqqa əlindən çıxır. Seyid fürsəti əldən verməyib erməni qalxanacan müsəlman məhəlləsinə tərəf xeyli qaçdı. Qaçarkən yolda seyid bir neçə dəfə yıxılsa da, qalxıb yenə də, öz yoluna davam edirdi. Nəhayət, müsəlman məhəlləsinə çatdıqdan sonra sakitləşdi.

Əlavə: O günün sabahısı erməni qəbristanlığında bir erməni öldürdülər. Ermənilər əhvalatdan xəbərdar olan kimi gedib divana şikayət etdilər. Divana isə cənab qazının yanına gələrək ona bildirdi ki, ermənilər qatili tələb edirlər. Qazı ərz etdi ki, sizinlə gəldiyimiz razılaşmaya əsasən biz ancaq şəhərdə baş verən hadisələrə cavabdeh olacağıq. Şəhərdən kənarda baş verən hadisələrə isə biz müdaxilə etməyəcəyik. Çünki bu ölüm hadisələrinin əksəriyyətini ermənilər özləri eyləyib, müsəlmanların üstünə böhtan atırlar. Odur ki, bunların heç birinin müsəlmanlara dəxli yoxdur.

Əlavə: Şəvval ayının 12-də Qalaya vətənpərvər şəxslərdən bir məktub gəldi. Məktubda qeyd edilirdi ki, yollar çox qorxulu olduğuna görə müsəlmanlar bu tərəfə səfər etməsinlər. Həmin gün bağlar tərəfdən gələn cənab Haşım Vəzirzadə nəslindən olan Cəfər bəyin sərkərdəliyi ilə bir neçə yüz atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar.

Digər tərəfdən isə Piçənis və başqa kəndlərin kürdlərindən də yüzə yaxın atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar. Xəlifəli tayfasından olan müsəlmanlar kürdlərlə danışıq apararaq, bu nəticəyə gəldilər ki, onların hərəsi bir tərəfdən erməni kəndlərinin üzərinə hücuma keçsinlər. Kürdlərin sərkərdəsi İbrahim bəy idi. Onlar, yəni İbrahim bəyin dəstəsi əvvəlcə Kiki Kələntərovun yaşadığı Cəmilli kəndinin üstünə yeridilər. Bu kənddə Kiki Kələntərovun yaşadığı imarətləri var idi. Onun evində olan bəzi şeyləri qarət etdikdən sonra qalanını od vurub yandırdılar. Cəmilli kəndindən bu hücum nəticəsində qaçanlar qaçmışdı. Qalanları isə qayaların arxasından, evlərin pəncərələrindən İbrahim bəyin dəstəsinə atəş açırdılar. Müsəlmanlar isə çöldən onlara gülləbaran edirdilər. Bu hücum nəticəsində bütün kənd yandırıldı və 11 nəfər erməni öldürüldü.

Həmin vaxt xəlifəlilər Xənəzək kəndinin üzərinə hücum çəkərək, kəndin yarıdan çoxunu yandırdılar və əllərinə keçən erməniləri qətlə yetirdilər.

Xəlifəlilərin arasında Qasım adlı çox qeyrətli və işgüzar bir cavan vardı. O, bu hücumda ermənilərlə çox böyük cəsarət və qəhrəmanlıqla vuruşurdu. Qasım dörd erməni öldürmüşdü. Birdən ona bir güllə dəyib onu yerə sərdi. Kosalar kəndindən olan bu cavan döyüş meydanında qəhrəmancasına həlak oldu. Onun cənazəsini Kosalar kəndinə gətirdilər. Molla Qalada olduğundan bir neçə nəfəri at və qatırla mollanı gətirmək üçün oraya göndərdilər. Yolda onları ermənilər Yel dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar at və qatırlarını buraxıb, böyük çətinliklərlə daşların arxasıyla gəlib Qalaya çatdılar. Gələn kişilərdən birisi Qalaya çatan kimi çığıra-çığıra camaata xəbər verdi ki, ermənilər davaya gəlirlər. Camaat dükan-bazarı bağlayıb cavanlar silahlanıb səngərlərə doluşdular. Əhvalatı belə görən vilayət hakimi müsəlmanları sakitləşdirərək deyilənlərin hamısının yalan olduğunu söyləyir.

Bağlardan olan atlılar və piyadalar isə dalbadal erməni kəndlərini yandıra-yandıra gəlib Xoramord kəndinə çatdılar. O kənddə də xeyli erməni öldürüb evlərini yandırdılar, mallarını isə qənimət kimi ələ keçirdilər.

Əlavə: Bir neçə gün bu əhvalatdan qabaq dörd nəfər müsəlman Süleymanlı kəndi yaxınlığında yerləşən müşahidə məntəqəsinə yaxınlaşırlar. Həmin müşahidə məntəqəsində ermənilərin səngərləri var imiş. Bir gecə həmin səngərlərdə neçə nəfər erməni keşik çəkərmiş. Dörd nəfər müsəlman yavaş-yavaş həmin səngərlərə yaxınlaşaraq görürlər ki, dörd nəfər erməni yemək süfrəsi açıb. Biri ağacda kabab bişirir, o birləri isə süfrəni düzəldir və şərab şüşələrini ağzını açırlar. Dörd ədəd tüfəngi isə kənarda baş-başa çatıblar. Müsəlman cavanları qəflətən sıçrayıb ermənilərin tüfənglərini ələ keçirdilər və yenə də cəld səngərlərə girib tüfəngləri ermənilərə tərəf tuşladılar. Ermənilər baş verən hadisədən dəhşətə gələrək, müsəlmanlara yalvarmağa başladılar ki, bizi öldürməyin, patrondaşları da sizə verəcəyik. Ermənilər patrondaşları çıxarıb atdılar. Müsəlmanlar patrondaşları götürdükdən sonra ermənilərin dördünü də güllələyib kəndlərinə qayıtdılar.


MALIBƏYLİ ƏHVALATI
Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdan, Keşişkənddən və Daşaltıdan neçə yüz erməni yığılaraq qımdatlarla məsləhətləşib belə qərara gəldilər ki, müsəlmanların qüvvələrini zəiflətmək məqsədilə kəndlərdən onları qovub təmizləsinlər. Bundan sonra Qalaya hücum çəkib müsəlmanların müqavimətini sındırmaq asan olacağını söylədilər. Ermənilər tökdükləri tədbirlərə əsasən birinci Malıbəylinin üstünə hücum çəkib oranı tarmar etmək, ev-eşiklərini yandırıb mallarını qarət etmək fikrində idilər.

Ermənilər bu məqsədlərini həyata keçirmək üçün səhər tezdən Malıbəylinin üzərinə hərəkət etdilər. Bu hücumda neçə yüz adam və kəl arabaları iştirak edirdi. Onlar kəl arabalarını müsəlmanların mallarını qarət edib aparmaq üçün gətirirdilər. Ermənilər Malıbəylinin qiblə və qərb tərəfdən mühasirəyə aldılar. Hücum səhər tezdən olduğuna görə səngərdə olanlar yatmışdılar. Kəndin səhər tezdən oyananları hücumdan xəbərdar olub başqalarına da məlumat verdilər. Səngərdə dayanmış müsəlmanlar bu qədər ermənini görən kimi bir-iki güllə atdılar. Ermənilər isə səngərə yüzə qədər tüfəngdən atəş açdılar. Odur ki, səngərlərdəkilər atəşin belə çoxluğundan vəhşətə gəlib səngərlərdən kəndin içərisinə qaçırdılar. Ermənilər isə səngərləri tutaraq kəndə daxil oldular. Onlar Hacı Təhmirəzin evini ələ keçirərək, hər tərəfdən ona od vurdular. Qımdatlardan ikisi sevincindən evin balkonunda şadlıq edirdi. Belə ki, biri əl çalıb, o birisi oynayırdı. Bu zaman Malıbəylinin igidləri və tüfəngdarları əhvalatı belə görən kimi nərə çəkib hər tərəfdən ermənilərin üzərinə hücum çəkdilər. Bir cavan müsəlman Hacı Təhmirəzin evinin balkonunda oynayan ermənini sinəsindən nişan alaraq elə vurdu ki, erməni bircə dəfə çığırıb yerə yıxıldı. Həmin cavan bir güllə də çəpik çalan qımdata vurdu. O da bərk qışqırıb o biri erməninin yanında yıxıldı.

Müsəlmanlardan bir atlı Xankəndinə, o birisi isə Qalaya xəbər gətirib onlardan kömək tələb etdilər. Dərhal Qalada cavan müsəlman döyüşçüləri toplaşaraq Ağa Şamil və Bəşir bəyin rəhbərliyi altında Malıbəyliyə tərəf yollandılar. Xankəndindən isə bir dəstə müsəlman kazaklarla birlikdə Malıbəyliyə gəldilər. Qaladan və Xankəndindən kömək gələnə kimi Malıbəyli cavanları hər tərəfdən ermənilərin üzərinə hücuma keçmişdilər. Hər iki tərəfdən güllə yağış kimi yağırdı. Hacı Təhmirəzin evinin balkonunda iki qımdat öldürüldükdən sonra ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib edərək gülləyə tuturdular. Bu təqib zamanı daha doqquz erməni öldürüldü, neçəsi isə yaralandı.

Ermənilərin Malıbəyliyə hücumunun başlanğıcında Hacı Təhmirəzin evinin yanında vuruşma gedərək müsəlmanlar evi hər tərəfdən gülləyə tuturdular ki, ermənilər oraya daxil olmasın. Bu zaman ermənilərin əlinə düşməsin deyə evin bəzi qiymətli əşyalarını yığıb özləri ilə aparmaq istəyən iki övrətin erməni olduğu güman edən müsəlman cavanları səhvən onları da vurub öldürmüşdülər.

Ermənilər Malıbəylidən çıxarıldıqdan sonra Xankəndindən və Qaladan gələn dəstələr gurultu ilə Malıbəyliyə daxil oldular və onlar Malıbəyli müdafiəçilərinə qoşularaq salavat və “Ya Əli!” nərələri çəkib cəsarətlə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilərin gülləbaran edilməsi nəticəsində daha on beş erməni öldürüldü. Ermənilər vəziyyəti belə görən kimi pərən-pərən olub qaçmağa başladılar. Həmin həlak olmuş 15 nəfərin meyidini də götürüb kənarda saxladılmış və qənimət üçün gətirilmiş arabalara qoyub apardılar. Həmin Təhmirəzin evində öldürülmüş 9 erməni meyidi isə oradaca evlə birlikdə yanmışdı. Qaçan erməniləri müsəlman döyüşçüləri gülləbaran edə-edə təqib edirdilər. Sonra daşların dibində, çökək və çuxur yerlərdə ölən ermənilərin meyidlərini saydılar. Onların miqdarı 80 nəfərə çatmışdı. Müsəlmanlar tərəfindən isə bu davada ölənlər Hacı Məhəmmədin bir cavan oğlu və Hazı Təhmirəzin evindəki iki övrət olmuşdur.

Hacı Təhmirəzin evində öldürülmüş 9 nəfər ermənidən beşi kazak çinovniki paltarları geyiniblərmiş ki, müsəlmanlar onları kazak bilib atəş açmasınlar.




QAYBALI KƏNDİNİN ƏHVALATI
Xəlifəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı qırıq müsəlman gedib Qaybalı ermənilərini xəlifəlilərin tədbirindən xəbərdar edir. Ermənilər tədbirdən xəbərdar olan kimi Qalaya və kəndlərə adamlar göndərib tezliklə kömək göndərmələrini tələb edirlər. Hər yerdən ermənilər cəm olub Qaybalıya gəlirlər. Köməyə gələn ermənilər iki yerə bölünərək bir qismi kəndi mühafizə etmək üçün orada qalır, digər qismi isə silahlarını götürüb başqa bir yerdə gizləndilər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlifəli və neçə nəfər kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə iki dənə mərəyə od vurdular. Ondan sonra kəndi gülləyə tutdular. Kənd əhali hücumdan qabaqcadan xəbərdar olmasına baxmayaraq, nalə və fəryadları göyə ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb həzrəti-Abbası köməyə çağırmağa başlamışdılar. Xülasə, bunları gülləbaran edib atışırdılar. Ermənilərdən 11 nəfər qətlə yetirilmişdi ki, bu vaxt pusquda durmuş ermənilər Qaybalı yaxınlığında yerləşən bir neçə müsəlman evlərinin üzərinə hücum çəkdilər. Bu evlərdə yaşayan müsəlmanların babası laçınlı Məhəmməd ləqəbi daşımış məşhur aşpaz olmuşdu. Ermənilər həmin laçınlıların evlərini gülləbaran etməyə başladılar. Onların aş qazanlarına da od vurub yandırdılar. Əhvalatdan xəbərdar olan kimi müsəlmanlar Qaybalıdan qayıdıb laçınlılara köməyə gəldilər. Onlar erməniləri gülləbaran edərək oradan qovdular. Nəhayət, atışma dayandı və sakitlik yarandı.

20 ŞƏVVAL 1323-CÜ (1905-Cİ) İLDƏ

PİRƏMƏKİDƏ BAŞ VERƏN ƏHVALAT
Bu günlərdə Qala igidlərindən və gözətçilərindən ibarət müsəlmanlar atlanıb Malıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçi bunlara qoşulub atlarını birbaşa Pirəməki deyilən yerə sürdü. Pirəməki Şuşakənd ermənilərinin ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi. Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə, talvarlara od vurub yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub, Pirəməkidəki bütün məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə mal etdilər.

Həmin günün sabahı divan əhli Pirəməkiyə gəldi. Ətrafı, dağları və meşələri təftiş etməyə başladılar. Təftiş zamanı Malıbəylidə baş vermiş erməni-müsəlman davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların hamısının patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı. Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini xilas etmək istəyiblərsə də, mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi məlumata görə, 107 nəfər erməni ölmüşdü.



Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal xəsarətinə düçar olsalar da, tutduqları əməldən bir nəticə çıxarmayıb, nə peşman olurlar, nə də qəflət yuxusundan ayrılırlar. Hər şəhərin və hər kəndin içində ömrü boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək milləti min cür bəlalara düçar edən qımdatlar yazıq sadə erməniləri hədələyərək, onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı qoyurlar.

İRƏVANLI ERMƏNİ HƏMZATIN ƏHVALATI

(24 şəvval 1323-cü il/1905-ci il)
Cavanşir eli tərəfindən dalbadal kağızlar gəldi ki, neçə yüz müsəlman atlısı yekdil olub erməni kəndlərinə basqınlar edirlər. Onlar hansı kəndə girirlərsə, ermənilərə səngərlərə girməyə fürsət vermirdilər. Onlar əvvəlcə Sərab adlı kəndə daxil olaraq “Ya Əli” nərəsi çəkə-çəkə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu hücumdan vəhşətə gələrək elə karıxdılar ki, müqavimət göstərməyə qüdrətləri çatmadı. Ermənilər pərən-pərən olaraq əllərinə nə keçdisə, götürüb hərə bir tərəfə qaçdı. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Sərab kəndindən sonra müsəlman atlıları Başkəndə, sonra Marağa kəndinə, oradan isə Çaylı kəndinə hücum etdilər və ermənilərə böyük zərbə endirdilər. Müsəlmanlar birdən gördülər ki, onların qarşısına bir-iki erməni qımdatının rəhbərlik etdiyi bir zor dəstə çıxdı. Onlara rəhbərlik edənlərdən biri İrəvan əhlindən olan erməni Həmzat idi. Bu Həmzat neçə-neçə fitnə-fəsadlara və nahaq qanların tökülməsinə bais olmuşdu. İrəvan tərəfdə və Osmanlı dövlətində bir çox iğtişaşların yaradılmasına o rəhbərlik etmişdi. O, Şuşa şəhərinə üç il əvvəl gəlibmiş. Həmzat əvvəlcə özünü qabiliyyətli bir zərgər kimi qələmə verərək, müsəlman bazarında zərgərlik dükanı açır. Buna görə də Qarabağın əyanlarının çoxu özləri və qadınları üçün hazırlatmaq istədikləri zinət şeylərini Həmzata sifariş verirdilər. Həmzat isə gizlincə müsəlmanlara qarşı iş aparırdı. O, şəhərdə və kənddə yaşayan ermənilərin birliyinə nail olmaq üçün böyük qımdatların köməyi ilə Osmanlı ermənilərindən gətirdiyi vərəqləri və qəzetlər vasitəsi ilə təbliğat işi apararaq, onlarda müsəlmanlara qarşı nifrət yaratmağa çalışırdı. Həmzat müsəlmanların və dövlətin ziddinə iş aparmaqla bərabər, ayrı-ayrı siniflərdən olan qımdat dəstələri yaradırdı. O, qüvvətli qımdat dəstələrinin yaradılmasına nail olduqdan sonra erməni tayfasının dövlətlilərindən böyük miqdarda pullar qoparmağa başladı. O müəyyənləşdirmişdi ki, filan erməni dövlətlisi qımdat divanxanasına bu qədər məbləğdə pul verməlidir. Əgər o şəxs sözsüz-danışıqsız müəyyən edilmiş pulu verirdisə, canını qutarırdi. Əks halda, yəni pulu vermədikdə həmin şəxs qımdatlar tərəfindən qətlə yetirilirdi. Həmzat və onun silahdaşları pul toplamaq məqsədilə oğurluqdan da çəkinmirdilər. Belə ki, bir gün iki-üç nəfər dövlət poçtundan xəzinəyə 43 min manat pul və nə qədər veksel apardıqları zaman qımdatlardan bir neçəsi hücum çəkərək onları öldürmüş və pulları isə aparmışlar. Qımdatlar 43 min pulu apardıqdan sonra daha da tamahlanaraq bir neçə rus böyüklərini öldürdülər. Divan adamları Həmzatın bu əməllərindən və neçə gizli məktublarından xəbərdar olduqdan sonra onu həbs etdilər. O həbs olunduqdan sonra müsəlman əyanlarından o günədək aldığı qızılların hamısını mənimsəyərək, heç kəsə bir qram belə qızıl qaytarmadı. Həmzət özünə bir at alıb bir neçə qımdatla birlikdə kəndistan yerlərinə gedərək erməni dəstələri yaradıb, əhalini dövlətin ziddinə əməllər törətməyə təhrik edirdi. Bir qədər qüvvətləndikdən sonra isə müsəlmanlarla dava etməyə başladılar. Dövlət onun tutulması üçün neçə dəfə kazaklar göndərsə də, müsəlmanlar ona qarşı mübarizəyə qalxanacan nail olmadı. Müsəlmanlar Həmzətin dəstələri ilə uzun atışmadan və onların sıralarına böyük zərbələr endirdikdən sonra məğlubiyyətə düçar oldular. Bu döyüşdə böyük bir erməni qımdatı da öldürüldü. Ermənilər dərhal həmin qımdatın başını kəsib torbaya qoyaraq onun atı və sursatını özləri ilə birlikdə apardılar. Müsəlmanlar güman etdilər ki, ermənilərin başını apardıqları böyük qımdat Həmzat olmuşdur. Lakin sonra məlum oldu ki, o deyilmiş.
PAPRAVƏND KƏNDİNİN ƏHVALATI
Müsəlmanların yaşadığı Papravənd kəndi erməni kəndləri ilə əhatə olunmuşdu. Ermənilər burada özlərinin çoxluğuna arxalanaraq ətrafdakı erməni kəndlərindən böyük bir dəstə yaradaraq, Mirzə bəy adlı erməni qımdatının rəhbərliyi atında qəflətən hücum edərək Paparavənd kəndini mühasirəyə aldılar. Hücum sübh tezdən olduğuna görə kənd əhlinin əksəriyyəti tamam yuxuda, bəziləri isə sübh namazında idilər. Ermənilər kəndi mühasirəyə alarkən bir çoban hündür bir yerdə qoyun otarırdı. Ermənilərin Papravəndə hücumunu görən çoban qoyunları orada buraxıb müsəlman kəndlərinə qaçaraq xəbər verdi ki, ermənilər Papravəndə hücum ediblər, onlara kömək etmək lazımdır. Müsəlmanlar xəbəri eşidən kimi silahlanıb, atlarına minərək Papravəndə tərəf çapdılar. Onlar kəndə çatan kimi salavat nərəsi çəkərək, erməniləri arxadan mühasirəyə aldılar. Arxadan və qabaqdan ermənilərə endirilən şiddətli zərbə nəticəsində onların arasında böyük tələfat oldu. Erməni dəstəsinin qarşısında durub atışan və ermənilərə göstəriş verən qımdat Mirzə bəyə birdən dörd güllə vurdular. O, çığırıb yerə sərildi. Onun öldürüldüyünü görən ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib edərək bir qismini öldürdü, bir qismini isə yaraladılar. Ermənilərin sağ qalanları dağlarda və meşələrdə gizləndilər. Müsəlmanlar ermənilərin qarət üçün gətirdikləri kəl arabalarını qənimət kimi ələ keçirdilər.


ƏSGƏRAN ƏHVALATI
Ermənilər Papravənddə böyük məğlubiyyətə düçar olduqdan sonra qımdatlar belə qərara gəldilər ki, hücum etmək onlar üçün əlverişli deyil. Yaxşısı budur ki, yolları kəsib müsəlmanların gediş-gəlişinə maneə olaraq, şəhəri bir növ mühasirədə saxlasınlar. Bu məqsədlə onlar ayrı-ayrı dəstələr düzəldib Əsgəran ətrafında gizli mövqelərdə yerləşdirdilər. Bu dəstələr yol ilə gəlib-gedənlərə güllə atmağa başladılar. Buna görə də yollardan gediş-gəliş kəsildi, kirəkeşlər və arabaçılar üçün hərəkət mümkün olmadı.

Digər tərəfdən isə Rusiya vilayətində və Tiflisdə iğtişaş və tətillərin olması üzündən teleqraf və poçt işləmirdi.

Qalada Yel dəyirmanı deyilən qayaların üstünə çıxaraq yollara nəzarət edən ermənilər gördülər ki, Xəlifəli və Kürdlər yaşayan məntəqələrdən də gəlib-gedən yoxdur. Kirəkeşlər dəyirmanlara un üyütmək üçün taxıl da apara bilmirdilər və bahalıq əmələ gəlirdi. Kasıblar və qəriblər üçün dolanmaq çətinləşirdi. Dəyirmanlar işləmədiyindən və un ehtiyatı azaldığından çörək dükanları bağlanırdı.

Əlavə: Xəbər çıxdı ki, Sisyan tərəfdə ermənilər dəstə bağlayıb müsəlmanların üstünə gəlirlər. Müsəlmanlar da zor bir dəstə yaradıb onların qarşısına çıxaraq atışmağa başladılar. Vuruşma iki gün sərasər davam etdi. Vuruşma zamanı müsəlmanlardan 20 nəfər şəhid oldu, bir neçəsi isə yaralandı. Ermənilər tərəfindən isə yaralananlardan başqa 50 nəfər öldürülmüşdü. Sisyanlılar on nəfər Qalaya göndərdilər ki, oradan tüfəng və patron alıb gətirsinlər.

KAZAKLARLA ERMƏNİLƏRİN ƏLBİR OLMAĞI VƏ MÜSƏLMANLARA

XƏYANƏTİ
Yollar bağlı olduğundan altmış ədəd yüklü araba yığışıb Ağdamda qalmışdı. Bu vəziyyətdən təngə gələn kirəkeşlər və əşya sahibləri divana şikayət etdilər. Divan məmurları həmin adamları Şuşaya qədər müşayiət etmək və sağ-salamat oraya çatdırmaq üçün bir dəstə kazak ayırdılar. Camaat pul toplayaraq iki yüz manat kazakların böyüyünə verdi ki, bunun yüzü sənindir, yüzünü isə kazaklara payla ki, bu arabaları əmin-amanlıqla şəhərə çatdırsınlar. Ağdamın pristavı da bu arabaların və əşyaların sağ-salamat şəhərə çatdırılacağına söz verdi. Xülasə, kazaklar qabaqda, 40-50 araba isə bir-birinin ardınca düzülüb şəhərə yola düşdülər. Hər iki tərəfi hündür olan dərəyə bənzər bir yerə çatarkən gördülər ki, hündür yerdə ermənilər səngər qurub dayanıblar. Kazakların böyüyü kazaklardan birini çağırıb ona nəsə deyib ermənilərin yanına göndərdi. Arabaçılar və əşya sahibləri şübhələnib, hərə bir gümana düşdü. Bir azdan kazak qayıtdı. Ermənilər isə hər tərəfdən qarışqa kimi qaynamağa başladılar. Vəziyyəti belə görən Qala əhlindən olan iki nəfər Məşədi Dadaş və Ağa İsmayıl arabada olan tüfənglərini çıxarıb arabadan düşdülər və bir daşın dalına girərək ermənilərə atəş açmağa başladılar. Bu atəşi görən ermənilər irəli gəlməyə cürət etmədilər və geri çəkildilər. Arada bir az fürsət yaranan kimi arabaçıların bir parası geri, Ağdama tərəf qaçdılar. Kazakların arasında olan arabaçılar isə qaçmağa fürsət tapa bilmədilər. Amma bir para müsəlmanlar çeviklik edərək arabalara qoşulmuş atları açıb onlara minib qaçdılar. İçi dolu on dörd araba isə kazaklarla ermənilərin arasında qaldı. Ermənilər tökülüb həmin arabalarda olan şeyləri qarət etməyə başladılar. Onlar arabalarda olan qəndi və başqa əşyaları kazaklarla bölüşdürdülər.

Qaçan adamlar araba və əşyalarla gəlib Ağdama çatdılar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi xalq dəstə-dəstə yığışıb danışırdılar ki, oranın pristavı bazara gəldi. Həmin saat ermənilər tərəfindən yolda qarət edilmiş 14 arabanı və əşyaların sahibi qalalı Məşədi Səlim adlı birisi pristavın yaxasından tutub dedi ki, qarət edilmiş 14 arabanın və əşyaların qiyməti qırx min manat eləyir. Mənim pullarımı verməlisən. Pristav gördü ki,ölüm məqamıdır. Dedi məni öldürmə, bir kağız verərəm ki, mən sizə 40 min manat borcluyam. Cənab Cəfər bəy Vəzirzadə qol kağızı almağa razı olmadı. Çünki sonra divana deyər ki, məni öldürürdülər, canımın qorxusundan verdim.

Pristav sözlə birtəhər onların əlindən çıxa bildi. İki gündən sonra orada qalan arabaları geri gətirdilər. O günün sabahısı Xankəndinin yaxınlığında ermənilər tökülüşüb qalalı Məşədi Bəşir adlı bir oğlanın 200 qaramalını apardılar.

Həmin günlərdə Qaladan olan Cəmşid adlı bir nəfər Xocalının ətrafında yol kənarında bir dükan açmışdı. Bağlardan satmaq üçün Qalaya gətirilən bəzi əşyaları o, ucuz qiymətə alaraq burada açdığı dükanda başqa yerlərdən gələn ermənilərə satırdı. Cəmşid kişinin övrət-uşağı da özü ilə birlikdə bu dükanda qalırdı. Müsəlmanlar onu məzəmmət edərək nəsihət verirdilər ki, sən müsəlmansan, tutduğun iş şəriətdən uzaqdır, bu dava vaxtı gördüyün işdən əl çək, əks halda peşman olarsan. Cəmşid kişi heç kəsi eşitmədi və öz nəfsinə qarşı çıxa bilmədi. Çox keçmədi ermənilər bir gün tökülüb Cəmşid kişini və övrət-uşağını öldürdülər, gözəl bir qızını əsir götürdülər, dükanında olan malları isə qarət edərək dağıtdılar.



Əlavə: Yuxarıda göstərilən tarixdə qalalı Məlik Paşayev bir neçə erməni ilə birlikdə altmış min manatlıq misi apararkən müsəlmanlar tərəfindən tutulub Ağdama aparılmışdır.
ƏHMƏD BƏYİN QIZI HƏMİDƏ XANIMIN ƏHVALATI
Bu günlərdə Cavanşir Əhməd bəyin qızı Həmidə xanım bir dəstə atlı ilə birlikdə böyük təmtəraqla Ağdama gəldi. Ağdamın camaatı onu böyük hörmət və ehtiramla qarşılayaraq, bir gözəl mənzildə yerləşdirdi. Həmidə xanım cənab Cəfər bəyə bildirdi ki, millət xüsusunda camaata bir neçə söz demək istəyir.

Cəfər bəy xeyriyyə məclisinin üzvlərinə buyurdu ki, bazar-dükanların bağlanıb camaatın böyük meydana toplanması haqqında göstəriş versinlər. Camaat və əyanlar yavaş-yavaş böyük meydana toplaşdılar. Həmidə xanım Cəfər bəy ilə birlikdə hündür bir eyvana qalxdılar. Həmidə xanım üzünü Cəfər bəyə tutaraq onun buraya nə məqsədlə gəldiyini camaata çatdırmasını xahiş etdi.

Cəfər bəy uca səslə dedi ki, ey əyanlar və müsəlmanlar! Həmidə xanımın zəhmət çəkib uzaq yolları gəlməkdə məqsədi aşağıdakılardan ibarətdir: Həmidə xanım buyurur ki, mən Qalada bizim qan qardaşlarımızın çox zəhmət və əziyyət çəkdiklərini eşitdim. Mənə məlum oldu ki, kəndlərdə yaşayan ermənilər yolları kəsərək camaatın Qalaya ərzaq və mal gətirməsinə, eləcə də dəyirmana getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz altı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət olsam da, müsəlman qardaşlarımızın belə əziyyət çəkməsi gecə-gündüz mənə əziyyət verərək rahat buraxmır. Qardaşlarımız Şuşada belə əziyyətlərə məruz qaldıqları halda biz burada rahat yeyib-içib, yata bilmirik. Mənə yaraşmaz ki, siz olan yerdə mən xalqımızın bu əziyyətdən qurtulması üçün mübarizə aparam. Ona görə cənablarımızdan xahiş edirəm ki, siz də qüvvə toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmizləyəsiniz ki, onlar rahat yaşaya bilsinlər.

Meydana yığışan camaat yuxarıda deyilən sözləri eşitcək Həmidə xanımı ürəkdən alqışladılar. Hətta bəzi şəxslər bu sözlərin təsirindən kövrələrək ağladı. Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş yaşına kimi hamımız və canımızla bu yolda mübarizə aparmağa hazırıq. O yolkəsənlər də öz layiqli cavablarını alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, Allah-təalanın köməyi ilə biz bu işlərin hamısına əncam çəkərik.

Həmidə xanım xeriyyə məclisinə iki yüz manat nəqd pul və iki yüz pud un və arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin