ƏSGƏRAN ƏHVALATI
Ermənilər Papravənddə böyük məğlubiyyətə düçar olduqdan sonra
qımdatlar belə qərara gəldilər ki, hücum etmək onlar üçün əlverişli deyil. Yaxşısı
budur ki, yolları kəsib müsəlmanların gediş-gəlişinə mane olaraq, şəhəri bir növ
mühasirədə saxlasınlar. Bu məqsədlə onlar ayrı-ayrı dəstələr düzəldib Əsgəran
qalası ətrafında gizli mövqelərdə yerləşdirdilər. Bu dəstələr yol ilə gəlib-gedənlərə
güllə atmağa başladılar. Buna görə də yollardan gediş-gəliş kəsildi, kirəkeşlər və
arabaçılar üçün hərəkət mümkün olmadı.
Digər tərəfdən isə Rusiya vilayətində və Tiflisdə iğtişaş və tətillərin olması
üzündən teleqraf və poçt işləmirdi.
Qalada Yel dəyirmanı deyilən qayaların üstünə çıxaraq yollara nəzarət edən
ermənilər gördülər ki, Xəlfəli və Kürdlər yaşayan məntəqələrdən də gəlib-gedən
yoxdur. Kirəkeşlər dəyirmanlara un üyütmək üçün taxıl da apara bilmirdilər. Bu
səbəbdən də şəhərdə ərzaq get-gedə azalır və bahalıq əmələ gəlirdi. Kasıblar və
qəriblər üçün dolanacaq çətinləşirdi. Dəyirmanlar işləmədiyindən və un ehtiyatı
azaldığından çörək dükanları bağlanırdı.
ƏLAVƏ: Xəbər çıxdı ki, Sisyan tərəfdə ermənilər dəstə bağlayıb
müsəlmanların üstünə gəlirlər. Müsəlmanlar da zor bir dəstə yaradıb onların
qarşısına çıxaraq atışmağa başladılar. Vuruşma iki gün sərasər davam etdi.
Vuruşma zamanı müsəlmanlardan 20 nəfər şəhid oldu, bir neçəsi isə yaralandı.
Ermənilər tərəfindən isə yaralananlardan başqa 50 nəfər öldürülmüşdü. Sisyanlılar
on nəfər qalaya göndərirlər ki, oradan tüfəng və patron alıb gətirsinlər.
Dostları ilə paylaş: |