GƏNCƏ ƏHVALATI
1324-cü il səfər ayının 9-da Gəncənin müsəlman əhli yığışaraq
qubernatorun yanına gəldilər və ərz etdilər ki, bizim dolanacağımız bağlarla
əlaqədardır. Artıq bahar fəsli olduğuna görə biz bağlarımızı əkib-becərməliyik.
Ermənilər yaşayan yerlərdə olan bağlarımızı əkib-becərməyə yenə ermənilər mane
olacaqlar. Siz də razı olmursunuz ki, biz özümüz ermənilərlə görüşüb, aramızdakı
ixtilafları yoluna qoyaq. Belə olan halda, biz nə etməliyik.
Qubernator onun yanına gəlmiş Gəncə əhlinə bir neçə silahlı kazak verib
bağlara yola saldı. Onlar bağlara çatan kimi ermənilər kazakları və Gəncə əhlini
atəşə tutdular. Kazaklar da bir neçə güllə atdıqdan sonra onların hamısı yenidən
qubernatorun yanına qayıtdılar. Əhvalatı qubernatora söylədikdən sonra
müsəlmanlar qubernatordan xahiş etdilər ki, əgər bizə izn və rüsxət versəniz
ermənilərin öhdəsindən biz özümüz gələrik və istədiyimizə nail olarıq. Qubernator
müsəlmanların bu sözündən bərk qəzəbləndi.
Bu zaman xəbər gətirdilər ki, ermənilər müsəlmanların bir sürü qoyunlarını
çobanların əllərindən alıb apardılar. Qubernator bu xəbərdən daha çox qəzəbləndi
və onun əmri ilə kazaklar erməni məhəlləsinə topdan bir neçə dəfə atəş açdılar.
|