QARĞABAZAR ƏHVALATI
Mirzə Hüseyn Cavad oğlu qarğabazarlı mənimlə (M. M. Nəvvabla) üzbəüz
oturub bu əhvalatı özü nəql etdi. O, mənə danışdı ki, ermənilərin müsəlman
kəndlərində törətdikləri vəhşilikləri eşidərkən biz hövsələdən çıxdıq və
Qarğabazar, Qoçuəhmədli, Pirəhmədli, Qaragüllü və başqa kəndlərdən cavanları və
igid döyüşçüləri toplayıb ermənilərin bu vəhşiliklərinin qarşısını almaq qərarına
gəldik. Biz silahlanıb erməni kəndlərinin üstünə gedərkən xəbər gətirdilər ki,
ermənilər ətraf kəndləri boşaldıb hamısı mövqeyi baxımından möhkəm və yaxşı
mühafizəsi olan Xırmancıq kəndinə toplaşıblar. Bütün ətraf kəndlərin kişiləri və
övrət-uşaqları da Xırmancıqda cəmləşmişdilər. Ətrafdan gələn ermənilər özləri ilə
mal-dövlətlərini də bu kəndə gətirmişdilər.
Erməni kəndlərinin üzərinə getməyə hazırlaşan müsəlman dəstəsi
Xırmancıq kəndinə gələrək onu iki tərəfdən mühasirəyə aldılar. Vəziyyəti belə
görən ermənilərin bir qismi o biri tərəfdən qaçmağa başladılar. Bir qismi isə məxfi
yerlərdə gizləndilər. Müsəlman dəstəsi gözə görünən ermənilərlə atışa-atışa kəndə
daxil oldular. Bir neçə erməni öldürdükdən sonra kənddə olan mal-dövlətdən
qənimət kimi götürüb özləri ilə geri qayıdanda meşələrdə gizlənmiş ermənilərlə
atışmaları oldu və müsəlmanların tamahkarlığı ucundan bir neçə nəfər şəhid oldu.
Müsəlmanlar şəhidlərin meyidlərini özləri ilə götürüb geri qayıtdılar.
|