İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020
Maliyyələşməsi artdıqca əlçatanlığı azalan dövlət səhiyyəsi Böyük neft gəlirləri hesabına 2007-ci ildən başlayaraq həm dövlət büdcəsinin Səhiyyə bölməsinə ayrılan vəsaitlərin, həm də səhiyyə sektoruna yönəldilən büdcə investisiyalarının məbləğinin ildən-ilə artması baş verirdi. Dövlət büdcəsinin Səhiyyə bölməsinin xərcləri 2006-cı ildəki 162.0 mln. manatdan 2013-cü ildə 618.9 mln. manata yüksəlmişdi, yəni 4 dəfəyədək artmışdı. Eyni zamanda, 2007-2013-cü illər dövründə səhiyyə sektoruna yönəldilən büdcə investisiyalarının məbləği 1047.7 mln. manat[1] olmuşdu (bu vəsait ölkədə yeni səhiyyə obyektlərinin tikintisinə və mövcud səhiyyə obyektlərinin əsaslı təmirinə yönəldilib).
Başqa bir misal: Maliyyə Nazirliyinin məlumatına əsasən, 2007-ci ilin dövlət büdcəsindən xəstəxanaların dərman, sarğı ləvazimatları və materialları təmin edilməsinə 12.1 mln. manat, ərzaq məhsullarının alınmasına isə 5.0 mln. manat (faktiki xərclər) ayrılıb[2]. 2012-ci ildə isə həmin xərclər, müvafiq olaraq, 37.3 mln. manat və 18.5 mln. manat təşkil edib[3], yəni uyğun olaraq, 3.1 və 3.7 dəfə artmışdı. Lakin o dövrdə ölkədə heç kimə sirr deyildi ki, xəstəxanalarda müalicə alan xəstələrin bütün dərman və ərzaq təminatını pasiyentlərin özləri, yaxud qohum-əqrəbası tərəfindən təmin olunurdu (halbuki Səhiyyə Nazirliyi hələ 2005-ci ildə stasionar tibb müəssisələrində müalicə alan xəstələrin büdcə vəsaiti hesabına təmin edilməli olduğu dərman preparatlarının siyahısını təsdiq etmişdi). Sektora dövlətin ayırdığı maliyyə vəsaitinin məbləğinin artması maraqlar mübarizəsini daha da gücləndirirdi.
Eyni zamanda, səhiyyənin dövlət maliyyələşdirilməsinin artmasına rəğmən, səhiyyə xərclərində əhalinin cibdən ödənişlərinin payının yenidən böyüməsi müşahidə olunurdu. Dünya Bankının məlumatına əsasən, ölkədə illik ümumi səhiyyə xərclərində əhalinin cibdən ödənişlərinin payının səviyyəsi 2002-ci ildəki 72.3%-dən 2007-ci ildə 52.7%-ə düşmüşdü. 2007-ci ildən sonra dövlət tərəfindən səhiyyə sektoruna ayrılan vəsaitlərin məbləğinin əhəmiyyətli dərəcədə artmasına rəğmən, cibdən ödənişlərin payı da yenidən artmağa başladı və 2012-ci ildə 60%-lik səviyyəni ötdü.
Halbuki, Səhiyyə nazirinin əmri ilə 2008-ci il fevralın 1-dən nazirliyin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşdirilən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu xidmətlər ləğv edilmişdi[4]. Cibdən ödənişlərin payının artmasında dövlət səhiyyəsindəki korrupsiya halları ilə yanaşı, ölkənin səhiyyə sektorunda özəl klinikaların sayının sürətlə çoxalması və ölkə iqtisadiyyatında baş verən iqtisadi canlanma ilə əlaqədar əhalinin gəlirlərinin və ödəmə qabiliyyətinin artması kimi amillərin də rolunun olduğunu qeyd etməliyəm.
Bununla yanaşı, müşahidələr göstərirdi ki, həmin dövrdə müalicə üçün xaricə (İran, Rusiya, Türkiyə və başqa ölkələrə) üz tutan vətəndaşların sayı da ildən-ilə sürətlə artırdı. Məsələn, DSK-nın məlumatına görə, müalicə turizmi məqsədilə xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı 2007-ci ildəki 20.6 min nəfərdən 2013-cü ildə 169.0 min nəfərə yüksəlmişdi, yəni 8 dəfədən çox artmışdı. Elə bunu da ölkə daxilində təqdim olunan tibbi xidmətlərin qiymətlərinin baha, keyfiyyətinin isə aşağı olmasından əhalinin narazılığının bir göstəricisi hesab etmək olardı. Belə qənaətə gəlmək olur ki, bu dövrdə həm əhalinin tibbi xidmətlərə tələbinin, həm də hökumətin səhiyyənin maliyyələşdirilməsi xərclərinin əhəmiyyətli dərəcədə artmasına rəğmən, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlıq səviyyəsində nəinki irəliləyiş olmayıb, əksinə, hətta pisləşmə müşahidə olunub. Bu vəziyyət səhiyyədə Hart Qanunu (The Inverse Care Law) kimi tanınır.
Bu durum, xüsusilə, 2013-cü ildə keçiriləcək prezident seçkilərindən əvvəl hökumətin diqqətini çəkməyə bilməzdi. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli (№ 800) fərmanı ilə təsdiq edilmiş Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasında icbari tibbi sığortaya keçid məsələsi həyata keçirilməsi zəruri olan mühüm islahat istiqamətlərindən biri kimi vurğulandı. Və seçkidən dərhal sonra bu sahədə müəyyən işlərin həyata keçirilməsinə başlanıldı. Lakin məhz 2015-ci ildə ölkədə yaşanan iqtisadi böhranın icbari tibbi sığortaya keçid istiqamətində real addımların atılmasında həlledici rol oynadığını söyləmək olar.