İcbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi istiqamətində 2020
Ölkənin səhiyyə sistemində islahatlara hazırlıq mərhələsi Azərbaycanın səhiyyə sistemində islahatlar məsələsi hələ 1990-cı illərin sonları – 2000-ci illərin əvvəllərində müzakirə edilməyə başlamışdı. Keçmiş SSRİ-dən miras qalmış və əhaliyə pulsuz xidmət göstərməli olan səhiyyənin təşkilinin Semaşko modeli artıq işləmirdi: iqtisadi-maliyyə imkanlarının məhdudluğu səbəbindən hökumət səhiyyə sisteminin normal fəaliyyəti üçün yetərli qədər vəsait ayıra bilmir, dövlət büdcəsindən ayrılan məhdud vəsaitlər belə əsasən korrupsiyanın yeminə çevrilir, tibb müəssisələrinin maddi-texniki təminatı getdikcə pisləşir, tibbi xidmətlərin keyfiyyəti və əlçatanlıq səviyyəsi aşağı düşməkdə davam edir və tibbi xidmətlərə görə əhalinin cibindən ödənişləri artırdı.
Dünya Bankının araşdırmalarına əsasən, 2002-ci ildə Azərbaycanda illik cəmi səhiyyə xərclərinin yalnız 20-25 faizini dövlət büdcəsinin vəsaiti, qalan 75-80 faizini isə əhali tərəfindən ödənişlər (cibdən ödənişlər) təşkil edirdi (World Bank 2005). Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2002-ci ildə dövlət büdcəsindən səhiyyə sektoruna ayrılan vəsaitin məbləği 44.8 milyon AZN (təqribən 50.2 mln. ABŞ dollarına ekvivalent) olub ki, bu da illik dövlət büdcəsi xərclərinin 4.8%-i, illik ÜDM-in 0.7%-i qədər deməkdir. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin əhalinin hər nəfər hesabına düşən məbləği təqribən 5.5 AZN-ə ($5.7) bərabər olub. Beynəlxalq Şəffaflıq Təşkilatının 2002-ci il üzrə Korrupsiyaya Həssaslıq İndeksində Azərbaycan 2 balla 102 ölkə arasında 95-ci yerdə qərarlaşmışdı.
Səhiyyə sistemində islahatların istiqamətinin müəyyən edilməsi, islahat proqramının hazırlanması, islahatların təşkili və aparılması məqsədiylə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 760 saylı Sərəncamı ilə Səhiyyə Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradılmış, həmin ilin dekabrın 29-da imzaladığı 49 saylı Fərmanla Komissiyanın Əsasnaməsi təsdiq olunmuşdu.
1999-cu ilin oktyabrında Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu 28 (№ 725-IQ) qəbul olundu. Qanunun tətbiq edilməsi barədə Prezidentin 30 dekabr 1999-cu il tarixli (№241) Fərmanında Nazirlər kabinetinə tapşırılırdı ki, 2 ay müddətində icbari tibbi sığorta haqlarının məbləği və ödənilmə qaydasını, icbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tarifləri müəyyən etsin, habelə icbari tibbi sığorta proqramını təsdiq etsin. Lakin sonradan bu tapşırıqların icrası ilə bağlı hər hansı bir rəsmi məlumat, yaxud rəsmi sənəd ortada olmadı.
Səhiyyə islahatlarının hazırlanmasına dəstək məqsədilə 2001-ci ildə Dünya Bankı ilə 5 mln. ABŞ dolları dəyərində Health Reform Project LİL layihəsi imzalanmışdı. 2001-2006-cı illər dövründə icra olunan həmin layihədə 5 pilot ərazidə ilkin səhiyyənin gücləndirilməsi, nazirliyin potensialının artırılması və optimallaşdırma komponentləri vardı. 2005-2006-cı illərdə Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, USAİD və başqa bir neçə beynəlxalq təşkilatın fəal iştirakı ilə ölkədə səhiyyə islahatları ilə bağlı müzakirələr genişləndi, səhiyyə sektorunda islahatların genişləndirilmiş konsepsiyası hazırlanıb hökumətə təqdim edildi. Lakin həmin sənəd proqram kimi təsdiq edilmədi, yalnız işçi sənəd olaraq qaldı [Azerbaijan HiT, 2010].
2006-cı ildə Dünya Bankı ilə 50 mln. ABŞ dolları dəyərində Səhiyyə Sektorunda İslahatlar Layihəsi (Health Sector Reform Project) üzrə saziş imzalandı. 2006-2013-cü illər dövründə reallaşdırılacaq və 5 pilot rayonu (Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəki) əhatə edəcək bu layihə çərçivəsində səhiyyə sistemində struktur və idarəetmə islahatlarının həyata keçirilməsi nəzərdə tutulurdu. Səhiyyə Nazirliyinin Hesabatında qeyd edilirdi ki, bu layihəyə Azərbaycan hökuməti əlavə olaraq 28.3 milyon dollar, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 8.0 milyon dollar, YUNİSEF 470 min dollar və Dünya Səhiyyə Təşkilatı 35 min dollar ayıracaqdı. Layihə çərçivəsində 2009-cu ildə Azərbaycan Səhiyyə Sisteminin Fəaliyyətinin Qiymətləndirilməsi üzrə hesabat hazırlanmış, həmin hesabatda ölkənin səhiyyə sisteminin problemləri tamamilə əks olunmuşdu.
2005-2006-cı illərdə bir qrup xəstəliklər (şəkərli diabet, onkoloji xəstəliklər, xroniki böyrək çatışmazlığı, qan xəstəlikləri və s. kimi) üzrə 9 proqram hazırlanaraq hökumət tərəfindən qəbul edildi və dövlət büdcəsindən həmin proqramların maliyyələşdirilməsi üçün vəsait ayrılmağa başlanıldı.
2007-ci ilin fevralın 6-da Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (№523) ilə Səhiyyə Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası ilə bağlı yuxarıdakı qeyd olunan sərəncam və fərman ləğv edildi.