Elektromaqnit impulsu. Nüvə partlayışı anında ətrafa külli miqdarda
qamma-kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı
təsirə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə,
kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s.
qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna
elektromaqnit impulsları deyilir. Elektromaqnit impulsları radioelektron cihazlarını
sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur.
Elektromaqnit impulsu, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum
cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən
adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək
elektrik gərginliyi ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan
mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə edilir (ildırımdan
mühafizədə olduğu kimi).