Sosiologiyada qrupların öyrənilməsinin başlanğıcı əmək məhsuldarlığının sosial amillərdən istifadə etməklə, yeni vasitələrinin axtarışı ilə bağlıdır. Belə planların reallaşdırılması istiqamətində ilk addımlardan biri E. Meyonun 1927-1932-ci illərdə apardığı Xottorn tədqiqatlarıdır. Onlar göstərdilər ki, işçilər üçün daha əhəmiyyətlisi özünün hansı qrupa aidliyini dərk etməsi hesab olunur. Bundan əlavə, qrupa qəbul olunma cəhdi fəhlə üçün rəhbərliyin onun əməyini tənzimləmək tədbirlərindən daha qiymətlidir. E. Meyonun fikrincə, nəzarətedici və tənzimləyici hissə kiçik əlaqələndirici qrup olur.
Kiçik qrupların öyrənilməsinin digər istiqamətini Y. Morenonun sosiometrik metodu təşkil edir. Sosiometriyanın məqsədi insanın əməyini və həyatını həm işdə, həm də istehsalat mühiti xaricində ona müsbət təsir bağışlayan insanlar arasında təşkil etməkdən ibarətdir. Bu metodun əsasında şəxslərarası münasibətlərin yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə qrupun səmərəli idarə olunmasını həyata keçirmək mümkündür.
Sosioloji ədəbiyyatda sosial qrupun bir neçə inkişaf fazası göstərilir. A. V. Petrovskinin konsepsiyasına uyğun olaraq qrupun inkişaf fazası aşağıdakı meyarlarla müəyyən olunur: birincisi, qrupda şəxslərarası münasibətlərin vasitəli ifadə dərəcələri, birgə fəaliyyətin məzmunu ilə; ikincisi, birgə fəaliyyətin ictimai əhəmiyyəti ilə.
Bu meyarlar əsasında A. V. Petrovski kiçik qrupun aşağıdakı inkişaf fazalarını qeyd edir:
diffuz (qarışıq) qrup - ümumi birlik, birgə fəaliyyətin məzmunu (məqsədi, əhəmiyyəti və dəyəri) ilə vasitəliliyi olmayan şəxsiyyətlərarası münasibətlər;
qrup-assosiasiya (ümumi birliyə mənsubluq gələcək birgə hərəkətlərin səmərəliliyi şəraiti kimi dərk edilir);
qrup-kooperasiya (şəxslərarası münasibətlərin hər kəs üçün əhəmiyyəti birgə fəaliyyətin məzmununda dərk edilir);
qrup-kollektiv (şəxslərarası münasibətlər qrupşəkilli fəaliyyətin şəxsiyyət əhəmiyyəti və ictimai cəhətdən qiymətliliyi ilə dərk edilir);
korporasiya (bu qrupda şəxsiyyətlərarası münasibətlər qrupun üzvləri üçün xüsusi əhəmiyyətli, bəzən də qrup fəaliyyətinin məzmununa görə antisosial vasitə ilə ifadə olunur).
Sosial qrupun fəaliyyətinə müxtəlif əlaqə üsulları ilə təsir göstərilməsi A. Bavelas tərəfindən öyrənilmişdir. O, məhdud vaxt ərzində sadə məsələlərin həllində «şturval» əlaqə üsulunun yüksək effekt verdiyini göstərir. Bu halda qrupun üzvlərinin bir-biri ilə əlaqələri istisna edilir və onlar yalnız liderlə əlaqəyə girə bilərlər. A. Bavelas yaradıcı işlərin həlli üçün «çevrə» əlaqə üsulunun daha əlverişli olduğunu göstərir. Belə ki, bu şəraitdə qrupun hər bir üzvü qarşılıqlı surətdə məlumatları bölüşmək imkanına malik olur. Bu isə məsələnin həllinin yeni istiqamət üzrə aparılmasına şərait yarada bilər.