Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə35/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   31   32   33   34   35   36   37   38   ...   114
SOS KONSP 2021

MÖVZU: № 9. SOSİAL MOBİLLİK
PLAN.


1. Sosial mobillik anlayışı
2. Sosial mobilliyin səciyyəvi xüsusiyyətləri
3. Sosial mobilliyin inkişaf kanalları

Sosial mobillik anlayışı


Sosioloji tədqiqatların nəticələri göstərir ki, istedadlı şəxsiyyətlərin istənilən ictimai təbəqələrdə və siniflərdə olması real faktdır. Əgər sosial nailiyyət üçün heç bir maneə mövcud deyilsə, onda yüksək sosial mobilliyin müvəffəqiyyətini gözləmək olar. Lakin araşdırmalara görə deyə bilərik ki, təbəqə və siniflər arasında fərdlərin bir qrupdan digərinə sərbəst keçidləri üçün müəyyən maneələr mövcuddur. Ən başlıca maneələrdən biri sosial sinfin nümayəndəsinin həmin sinfin mədəniyyətinə uyğun tərbiyə olunmasıdır.
Sosial bərabərsizlik problemi həmişə belə bir sualın meydana çıxmasına səbəb olur: fərd öz qüvvəsi ilə özünün statusunu yüksəldə və nüfuzluluq şkalasında ondan yuxarıda yerləşən sosial təbəqəyə daxil ola bilərmi? Bu sualın cavabı sosioloji ədəbiyyatda müxtəlif cür şərh edilir. Bəzi tədqiqatçılara görə, müasir cəmiyyətlərdə bütün insanların start imkanları bərabərdir və əgər fərd müvafiq cəhd göstərərsə, o, mütləq sosial mobilliklə bağlı uğur qazana bilər. Çox vaxt bu fıkri sübut etmək üçün sıfırdan başlayan milyonçuların karyerasını və adi ailələrdən çıxan, sonra kinoulduzlara çevrilən qızları nümunə göstərirlər. Digər qrup müəlliflər isə yaradıcı işlə məşğul olan ziyalıların ailəsində doğulmuş uşaqların gələcəkdə fıziki əmək fəaliyyəti sahəsində məşğul olması ehtimalının olduqca aşağı olduğunu vurğulayaraq heç də insanların sosial nailiyyət üçün bərabər imkanlara malik olmadığını qeyd edirlər. Məsələn, nazir və fəhlə övladlarının yüksək vəzifəyə təyin olunma imkanları müxtəlifdir. Məhz buna görə də sözügedən fıkri vurğulayan tədqiqatçılar cəmiyyətdə yüksək nailiyyət əldə edilməsi üçün yalnız bacarıq və qabiliyyətlə çalışmağın kifayət etməsi haqqındakı ümumi nəzəri fıkrin əsassız olduğunu iddia edirlər.
Yuxarıda deyilən fıkirlər təsdiq edir ki, hər bir sosial dəyişiklik az və ya çox dərəcədə mövcud maneələri dəf etməklə həyata keçirilir. Hətta insanların bir yaşayış yerindən digərinə köçməsi zamanı yeni şəraitə uyğunlaşması üçün müəyyən müddət tələb olunur.
Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. « Sosial mobillik» anlayışı sosiologiyaya 1927-ci ildə P. Sorokin tərəfındən gətirilmişdir. O, mobilliyi iki növə ayırır: üfüqi və şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik adlanır. P. Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü.15
Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun iki əsas səbəbi vardır. Əvvəla, tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əməyin bölgüsünü dəyişdirir, yeni statuslar yaradır və köhnələri yenisi ilə əvəz edirlər. İkincisi, elita təhsil almaq üçün imkanları inhisara ala bilər. Lakin o, istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlamaq iqtidarında deyildir. Buna görə də ən yüksək təbəqələr labüd olaraq ən aşağı təbəqələrdən üzə çıxan istedadlı insanların hesabına artır.
Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini dəyişməsi, bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birin-də fərd özünə aid olan sosial statusu dəyişmir. Şaquli mobillik dedikdə isə fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi başa düşülür. Bu, fərdin sosial statusunu yüksəldən və ya aşağı salan dəyişmədir. Əgər sex rəisi sonradan zavodun direktoru olarsa, bu, yüksələn mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən mobilliyin göstəricisi hesab oluna bilər.
Sosioloqlar həmçinin nəsillər arasında və bir nəslin daxilində mobilliyi fərqləndirirlər. Nəsillərarası mobillik valideynlərin və onların uşaqlarının sosial statusunun karyerasının müəyyən anına şamil olunur. Tədqiqatlar göstərir ki, Azərbaycanın əhalisinin böyük hissəsi hər bir nəsildə sinfi iyerarxiyada heç olmazsa, bir az yuxarıya və ya aşağıya doğru yerini dəyişir. Nəsildaxili mobillik şəxsiyyətin sosial statusunun uzun müddət ərzində müqayisə edilməsini nəzər-də tutur. Araşdırmaların nəticələri göstərir ki, azərbaycanlıların çoxu öz həyatı boyunca məşğulluq növünü dəyişdirir. Lakin insanların çoxunda mobillik məhdud xarakter daşıyır. Kiçik məsafələrə yerdəyişmə qaydadır, böyük məsafələrə yerdəyişmə isə qaydalardan istisnadır.
Açıq statifıkasiya sistemləri üçün şaquli mobillik kifayət qədər adi hadisədir. Burada söhbət əlbəttə ki, aşağıdan elitaya doğru sürətli sıçrayışdan deyil, addım-addım yerdəyişmədən gedir (baba - fəhlə, ata - həkim, oğul şəhərə köçür və dissertasiya müdafiə edir). Qapalı sistemlərdə mobilliyin belə təzahürləri də istisna olunur.
Məsələn, silk və zümrəli cəmiyyətlərdə çəkməçilərin, tacirlərin, təhkimli kəndlilərin onlarca nəsli, digər tərəfdən isə əsil-nəcabətli nəsillərin uzun şəcərə zəncirləri norma olmuşdur. Biz belə sosial varlığın yeknəsəkliyini tarixi mənbələrdə göstərilən küçə adlarına görə qiymətləndirə bilərik: qalayçılar küçəsi, tənəkəçilər küçəsi, xalçaçılar məhəlləsi və s. Ustalar nəinki öz status və peşələrini nəsildən-nəslə ötürür, həm də onların hamısı yan-yana yaşayırdı.
Sosioloji ədəbiyyatda sosial mobillik nəzəriyyəsinə müxtəlif yanaşmalar mövcuddur. Bu, ilk növbədə sosial mobillik anlayışının mahiyyəti ilə bağlıdır. Bəzi sosioloqlar belə bir fikir irəli sürürlər ki, sosial mobillik o zaman baş verir ki, yeni sosial status fərdin ailəsinə aid edilsin. Fransız sosioloqları P. Bertu və P. Burdan sosial mobilliyi fərdlərin həyatları və peşə fəaliyyəti dövründə öz valideynlərinin sosial statusuna nisbətən bir sosial kateqoriyadan digərinə keçməsi kimi xarakterizə edirdilər. Burada çıxış nöqtəsi kimi sosial mənşə götürülürdü.
Sosial mobillik probleminə müasir yanaşmalar içərisində M. Lipset və R. Bendiksin sənaye cəmiyyətinin inkişafını şaquli mobilliklə bağlayan konsepsiyasını göstərmək lazımdır. Lipset və Bendiksin tədqiqatlarına görə, bütün sənaye cəmiyyətləri yüksək dərəcədə yüksələn mobilliklə səciyyələnirlər. Çünki bir tərəfdən qeyri-məhdud sosial inkişaf üçün geniş imkanlar sanki aşağı sosial təbəqələrin daha enerjili və istedadlı nümayəndələrinin enerjisini başqa istiqamətə yönəldən və inqilabi dəyişikliklərin risqini azaldan bir «qoruyucu klapan» kimi çıxış edir. Başqa sözlə, mobillik cəmiyyətin stabilləşdirilməsi funksiyasını yerinə yetirir. Digər tərəfdən isə sənaye cəmiyyəti fərdə yüksək intellektual tələblər verir və fərdi istedadların sosial vəziyyətindən asılı olmayaraq inkişafını və onlardan məhsuldar şəkildə istifadə olunmasını zəruri edir. P. Blau və bir sıra digər sosioloqlar mobillik fenomenini sosial ədalət və sosial sistemin effektivliyi ideyası ilə bağlayırdılar. XX əsrin ortalarında sənaye cəmiyyətinin populyar olan nəzəriyyələrində sosial mobilliyə mühüm yer ayrılırdı. Məsələn, konvergensiya nəzəriyyəsinə görə, şaquli mobilliyin artmasına meyl sosial quruluş və siyasi sistemindən asılı olmayaraq bütün sənaye cəmiyyətlərinə xasdır. Bu nəzəriyyəyə əsasən sənayeləşmə prosesi müxtəlif sinif və təbəqələrdən çıxmış insanların şaquli mobilliyinin artmasına və sosial imkanların bərabərləşməsinə kömək edir. Sənaye cəmiyyətinin tənqidi yönümlü nəzəriyyələri isə əksinə, göstərirdilər ki, sənayeləşmə labüd olaraq enən Mobilliyin genişlənməsinə səbəb olur. Çünki işçilərin ixtisasına və işgüzar xüsusiyyətlərinə tələblərin yüksəlməsi, eləcə də istehsalatın geniş mexanikləşdirilməsi və avtomatlaşdırılması işsizliyin artmasını, getdikçə daha çox işçinin aşağıya doğru itələnib çıxarılmasını və onların marginallaşmasını şərtləndirir.
Sonuncu onilliyə müraciət etdikdə, mobilliyin metodologiyasının öyrənilməsinə həsr edilən və onun perspektivlərini başa düşmək üçün müqayisəli təhlilin xüsusi əhəmiyyətini əsaslandıran B. Dyuryenin tədqiqatını, eləcə də C. Qoldtorp və R. Eriksonun müxtəlif sənaye cəmiyyətlərində mobillik səviyyələrinin dəyişməsinə həsr olunmuş tədqiqatlarını qeyd etmək lazımdır. Nəticədə müəlliflər bu qənaətə gəlirlər ki, sosial quruluşundan asılı olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin