MÖVZU № 10. SOSİAL-ETNİK MÜNASİBƏTLƏRİN SOSİOLOGİYASI PLAN: 1. Sosial-etnik münasibətlərin mahiyyəti və səciyyəvi cəhətləri
2. Müasir dövrdə sosial-etnik münaqişələrın kəskinləşməsinin
səbəbləri
3. Milli-etnik problemlərin həlli yolları
4. Dağlıq Qarabağ münaqişəsi və onun
tənzimlənməsinin dinamikası .
Sosial-etnik münasibətlərin mahiyyəti və səciyyəvi
cəhətləri
Sosial-etnik münasibətlərin öyrənilməsi xüsusi sosioloji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu onunla izah edilir ki, sosial-etnik münasibətlər sosial münasibətlər sisteminin çox mühüm və əhəmiyyəti daim artmaqda olan istiqamətlərindən biridir. Onun əsas məzmunu millətlər və digər etnik birliklər arasında sosial həyatın istehsalı və təkrar istehsalı prosesində qərarlaşan əlaqə və münasibətlərin məcmusundan ibarətdir.
Sosial-etnik birliklər bununla səciyyələnir ki, onlarda insanların bir-biri ilə sıx əlaqədə olan iki tərəfi-sosial və etnik əlamətləri üzvi şəkildə birləşir. Həmin birlik formalarında sosial əlamətlər çox vacib və əhəmiyyətli yer tutur. Bununla yanaşı onlar həm də etnik keyfiyyətlər və xüsusiyyətlərlə səciyyələnirlər.
Sosial göstəricilərin, yəni bütövlükdə cəmiyyətin və onun struktur elementlərinin yetkinlik dərəcəsindən asılı olaraq bu və ya digər sosial-etnik birliyin fəaliyyətinin və inkişafının siyasi, iqtisadi, sosial və mənəvi keyfıyyətləri müvafiq surətdə artır və ya azalır.
İnsanların sosial-etnik münasibətlərinin müasir, mürəkkəb mərhələsi elə bir termindən istifadəni zəruri edir ki, bu termin onların sosial mahiyyətini inkar etmədən etnik dərkini də dolğun əks etdirsin. Belə bir anlayış etnosdur. Etnos tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət (dil də daxil olmaqla) və psixoloji xarakterin bəzi xüsusiyyətlərinə, eləcə də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusudur. Etnosun əsas əlamətləri - dil, xalq incəsənəti, adətlər, ənənələr, mərasimlər, davranış normalan və vərdişlərdir, yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti formalaşdırır. İnsanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı, həmişə özünün etnik mənsubiyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan etnik qruplara aiddir. Etnik qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər.
Sosial-etnik münasibətlərin tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarından keçərək bu günə gəlib çatmışdır.
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna əsaslanırdı. Bununla yanaşı, qəbilə daxilində birləşən insanlar mənafe ümumiliyinə, yaşayış məskəni, dil, adət və etiqadlar ümumiliyinə də malik olmuşlar. Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləri əvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu.
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik birlik forması təşəkkül tapdı. Qəbiləyə xas olan əsas əlamətlər (qan qohumluğu, dil və ərazi ümumiliyi, adət və etiqadlar ümumiliyi və s.) tayfada da özünü göstərmişdir. Bununla yanaşı tayfa birliyində əvvəla, sayca daha çox insanlar birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nəhayət, tayfa vahid mədəniyyət ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi.
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə, ictimai həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəbləşməsi, ünsiyyətin və gediş - gəlişin artması, ailə -nikah münasibətlərinin inkişafı və s.) prinsipcə yeni etnik birliyin yaranmasını zəruri edirdi. Bu tarixi tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı.
Sinfı münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox xalqlar-da nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır. Hazırda onlar Asiyada, Afrikada, Amerikada və Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçılıq əlamətləri hazırki dövrdə də özünü biruzə verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır.
Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və mədəniyyət əlaqələrinin ümumiliyinə əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas cəhət budur ki, o, artıq sırf etnik birlik forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi iqtisadiyyatın, sosial əlaqələrin və mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Lakin ictimai tərəqqi gedişində xalqın da birlik forması kimi məhdudluğu özünü göstərməyə başladı. Nəticədə feodalizmin dağılması və kapitalizmin təşəkkülü dövründə insanların keyfiyyətcə yeni birliyi - millət yarandı.
Müasir sosioloji ədəbiyyatda milli-etnik problemlər təhlil edilərkən daha çox «millətlərarası» və ya «milli münasibətlər» terminlərindən istifadə edilir. Həqiqətən də, XX əsrdə məhz millətlərarası münasibətlər müasir sosial münasibətlər sistemində çox mühüm yer tutur. Buradan aydındır ki, tarixi birliklər arasındakı münasibətlərdən söhbət gedərkən birinci növbədə millət anlayışına diqqət yetirilməlidir.
Millət tarixən formalaşmış etnos tipi olub, iqtisadi həyatın, dilin, ərazinin ümumiliyi ilə, mədəniyyətin, məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir. Millət xalqa nisbətən daha geniş tarixi birlik forması olub, kapitalizmin meydana çıxması və inkişafı ilə bağlıdır. Millətlərin xalqları tarixi əvəzləməsi o demək deyildir ki, ikincilər yer üzündən silinmişdir. Xalq tarixən insanların tayfa birliyindən sonra gələn sosial-etnik birlik formasıdır. Onun meydana gəlməsinin başlanğıcı quldarlıq quruluşunun dağılması dövrünə təsadüf edir. Əgər tayfa birliklərinin səciyyəvi cəhəti onların qan qohumluğuna əsaslanan əlaqələri idisə, xalqlar üçün bu ərazi və təsərrüfat əlaqələridir. Xalq anlayışı sözün əsl mənasında feodalizm cəmiyyətinin məhsuludur. Lakin xalqlar sonrakı cəmiyyətlərdə də mövcuddur. Çünki onlar bir sıra səbəblərdən (azsaylı olma, inkişafdan geri qalma, müəyyən səbəblərdən özlərinin milli dövlət qurumunu yarada bilməmələri və s.) millət kimi formalaşa bilməmişlər.
Müasir elmi ədəbiyyatda sosial-etnik münasibətləri səciyyələndirərkən həmçinin «milli azlıq», «yerli» və «gəlmə» kimi anlayışlardan da istifadə edilir. Bunlar əsas etibarilə öz millətinin ərazisindən kənarda yaşayan milli (sosial-etnik) qrupları nəzərdə tutur. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar, beloruslar, gürcülər və s.
Bu qrupların öz daxili tərkibində bir neçə kateqoriyanı ayırmaq olar (onları həmçinin diaspora da adlandırırlar):