Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Sosial mobilliyin inkişaf kanalları



Yüklə 1,1 Mb.
səhifə37/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   33   34   35   36   37   38   39   40   ...   114
SOS KONSP 2021

3. Sosial mobilliyin inkişaf kanalları


Sosial mobillik həm fərdin özündən, həm də yaşadığı cəmiyyətin strukturundan asılıdır. Nəzərə almaq lazımdır ki, yüksək statuslu vəziyyətə keçmək üçün mübarizəyə hazır olmayan fərdə açıq sinifli cəmiyyət çox az kömək edir. Bəzi cəmiyyətlərdə gənclərin təkəbbürü nəticəsində mobillik kanalı üçün bir və ya iki dəfə imkan yarana bilir. Lakin elə cəmiyyətlər də mövcuddur ki, həmin gənclər yüksək statuslu vəziyyətə çatmaq üçün daha çox yol əldə edə bilərlər. Yüksək vəziyyətin yolları etnik və ya sosial-sinfı fərqlə, fərdin öz şəxsi xüsusiyyətləri ilə, bacarığını tətbiq edə bilməməsi ilə bağlı ola bilər. Lakin sosial vəziyyəti tamamilə dəyişmək, yeni, daha yüksək sosial vəziyyətə malik qrupun mədəniyyətinə daxil olmaq, yeni sosial ətrafla qarşılıqlı əlaqələri qurmaq prosesində çətin problemlər yaranır. Mədəniyyət və əlaqə maneələrinin aradan qaldırılması üçün lazım olan üsulları fərdlər sosial mobillik prosesində həyata keçirirlər.
Yeni sosial vəziyyətə çatmış fərdin gəliri daha yüksək mənsəbli sosial təbəqənin nümayəndələri ilə bərabərləşdikdə sadəcə pul qazanıb çoxlu pul xərcləməsi kifayət deyildir. Yeni vəziyyətin dərəcəsini qavramaq məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, televizor və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli vasitələrdən biri olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində həmin vasitə öz əhəmiyyətini itirir.
Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfı təbəqəyə daxil olması mütləq həmin təbəqənin davranışını özündə əks etdirməlidir. Məsələn, əməliyyat müvəkkili bölmə rəisi keçdikdə yeni şəraitə uyğun dəyişməlidir və s.
Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə sosial mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan fərdin şəxsi bacarığını göstərməsi üçün yaxşı imkanlar yaradır. İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz irəliləməyə imkan yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin mədəniyyətini tez öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial maneələri dəf etməkdə böyük imkan verir və onların elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda yeni sosial vəziyyətin mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə bilməyəcəkdir. Çünki belə olan halda yuxarı mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» hesab etməyəcəklər.
İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanının olması əhəmiyyətlidir, lazımdır və mədəniyyətin ayrılmaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qrupların istedadlı insanlarına sosial həyatda daha fəal iştirak etmək imkanı vermir. Yüksək statuslu sosial mobillik yalnız mürəkkəb strukturlu cəmiyyətlərdə əhəmiyyətli və münasibdir.
Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq müəyyən qaydaların yerinə yetirilməsini tələb etmir. Bundan başqa texniki nailiyyətlər əldə etmək məqsədilə cəmiyyətdə çoxlu sayda yüksək ziyalı, ali təhsil almış peşəkar ekspertlərin olması lazımdır. Belə cəmiyyətlər lazımi yerlərdə «beyinsiz» keçinə bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəruridir. Lakin açıq sistemin mobilliyi ona daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər.
Açıq stratifıkasiya sisteminə malik cəmiyyətlərdə sosial mobilliyin qərarlaşmış kanalları mövcuddur. Məsələn, hamı bilir ki, ali təhsil almaq nisbətən sadə və kifayət qədər etibarlı kanaldır. Savadsız ailədən çıxmış adam bu kanalla irəliləyərək öz statusunu yüksəldə bilər və ixtisaslı, nüfuzlu əməklə məşğul olmaq imkanı qazana bilər. Hər bir hərbçi bilir ki, mərkəzdən uzaqda yerləşən və təhlükəli olan yerlərdə qulluq etmək mobillik kanalıdır, çünki bu, yüksək rütbələrə tez çatmaq imkanı verir.
Digər mobillik kanalı ruhani karyerası ola bilərdi: böyük fılosof, kardinal Nikolay Kuzanski kasıb balıqçı ailəsində doğulmuşdu. Lakin o, monaxlığı qəbul etdi, təhsil aldı və zümrəyə qoşularaq yüksək status qazandı.
Dominantlıq edən sinfə mənsub olmaq üçün ailə kapitalına malik olmaq çox vacibdir. O müxtəlif formada ola bilər: iri maliyyə və sənaye müəssisələri, iqtisadi, siyasi, sosial və ailə münasibətlərinin şəbəkəsi, mədəniyyət vasitələrinə müyəssərlik və i.a. Əksər hallarda dominantlıq edən sinfin üzvləri öz aralarında nikah bağlayırlar, eyni məktəblərdə və ya nüfuzlu universitetlərdə oxuyurlar, ayrı-ayrı müəssisələrdə eyni inzibati şuralara daxil olurlar və s. Məhz bu üç əsas element, yəni böyük iqtisadi vərəsəlik, geniş münasibətlər dairəsi və ailə tərəfındən əhəmiyyətli dəstək siyasi və iqtisadi hakimiyyətin hakim siniflərin əlində olmasını təmin edir. Məsələn, D. Berto Fransada maliyyə oliqarxiyasının mövcud olmasını qeyd edir. Bu məhdud sayda ailələr fantastik varidata malikdirlər və onları idarə edirlər. Onlar fransız cəmiyyətində misli görünməmiş dərəcədə hakimiyyət sahibidirlər. Bu insanlar bir-birinə pulla və qohumluqla bağlıdırlar. Onlar iqtisadiyyatın başında durmaqla yanaşı, həm də hakimiyyəti öz əllərində saxlayırlar. Bank işi və oliqarxiyanın tarixi üzrə mütəxəssislər göstərirlər ki, axırıncı 170 il ərzində Fransada maliyyə resursları və deməli, real siyasi hakimiyyət XVIII əsrin sonunda Napoleon Bonapartın hakimiyyətə gəlməsi anından etibarən eyni ailələrin əlində cəmləşmişdir. Hakim sinfin daxilində olmaq üçün yaxşı olar ki, orada doğulasan və ya bu sinfə mənsub olan insanla nikah bağlayasan.
Beləliklə, sosial iyerarxiyanın yüksək sferalarına giriş asan olmayan bir işdir. Sosial mobilliyə konyuktura (böhran və ya iqtisadi artım şəraiti), eləcə də cəmiyyətin strukturu böyük təsir göstərir. Bunu ondan görmək olar ki, mobillik barədə suallara cavab çox vaxt sosial təşkilatlanmanın təhlilindən tapılır. Hindistanda olduğu kimi, ənənəvi cəmiyyətlərdə bu və ya digər sinfə mənsubluq əsas fakt kimi qəbul edilir. Bu halda söhbət, çox ehtimal ki, silkdən gedir: silk daxilində doğulur, nikah bağlayır və ölürlər. Silkə əsaslanan cəmiyyətlərdə sosial siniflər digər siniflərdən olan insanlar üçün tam qapalıdır. Bu qapalı sosial strukturlarda fərdlərin hansı yaxşı cəhətlərə malik olmalarından asılı olmayaraq, onlarda sosial mobillik mümkünsüzdür.
Bizim cəmiyyətə oxşar cəmiyyətlərdə siniflər daha açıqdır. Sosial nərdivan üzrə qalxmaq və enmək mümkündür; bu hallarda yüksələn və ya enən mobillik haqqında danışırlar. Mobilliyi bir adamın həyatı çərçivəsində də nəzərdən keçirmək olar. Əgər günəmuzd işləyən insan informatika sahəsində mütəxəssisə çevrilibsə, bu, intragenerasiya mobilliyidir (yəni bir nəslin hüdudlarındakı mobillikdir). Lakin mobilliyə başqa cür də baxmaq olar. Məsələn, atası xarrat olan müəllimi götürək. Burada intergenerasiya mobilliyi göz qabağındadır (yəni, iki nəsli bir-birinə bağlayan mobillik). Bəs belə hesab edə bilərikmi ki, biz elə açıq cəmiyyətdə yaşayırıq ki, bütün sosial trayektoriyalar mümkündür? Bizim valideynlərimizin sosial statusu bizim sosial piramidanın zirvəsinə çata bilmək imkanımıza necə təsir edir?
Bu suallara cavab vermək üçün iqtisadi, siyasi və sosial konyukturanı nəzərə almaq lazımdır: müəyyən etmək lazımdır ki, o, nəsildən-nəslə dəyişərək mobillik üçün daha artıq və ya daha qapalı struktura gətirib çıxarırmı? Qeyd etmək olar ki, xalqın içərisindən çıxan bəzi fərdlər sosial piramidanın zirvəsinə çatmağa müvəffəq olurlar. Deməli, iradə, enerji, istedad, ailə mühiti, uğur kimi fərdi amillər öz rolunu oynayır. Lakin bu amillər elə şərait və sosial strukturda fəaliyyətə başlayır ki, burada aşağı siniflərdən olan fərdlər bu keyfiyyətləri cəmiyyətin üstünlük verdiyi təbəqələrindən olan fərdlərdən daha artıq dərəcədə göstərməlidirlər. Çünki onlar lap əvvəlcədən iqtisadi, mədəni və sosial kapital cəhətdən daha az üstünlüyə malikdirlər.
Açıq tipli cəmiyyətlər sosial qruplar arasında insanın sosial vəziyyətinin yüksəlməsinə daha çox imkan verir, lakin sosial mobilliyin deqradasiyası qorxusunu da yaradır. Belə ki, fərd öz aşağı vəziyyətinə görə cəmiyyəti məzəmmət edə bilmir, amma aşağı vəziyyətin bütün məsuliyyətini özü daşıyır. Fərd öz vəziyyətinin yüksəlməsi üçün çalışsa da onun aşağı vəziyyətinin saxlanmasına heç bir təminat yoxdur. Nə üçün başqaları yuxarı vəziyyətdə ola bilərlər, o isə yox? Bir çox Avropa və Amerika ölkələrində sosial vəziyyətindən narahat olan ənənəvi olaraq ən çox orta sinifdir.
Nisbətən açıq tipli sosial cəmiyyətdə təbəqələr arasında bəzi adamlar sosial mobillikdə çox böyük sürət götürərək, yaxşı mənsəb sahibi olurlar, digərləri isə mənəvi cəhət-dən pozğunlaşaraq içkiyə, narkotik maddələrin qəbuluna aludə olurlar. Bəzi fərdlər öz vəziyyətlərini saxlamaq məqsədilə sosial mobilliyin şaquli istiqaməti üzrə bir sıra maneələr fıkirləşirlər. Məsələn, həmkarlar ittifaqı, sahibkarlar ittifaqı, aktyorlar cəmiyyəti, hüquqşünaslar cəmiyyəti və s. həmin maneələrdəndir. Bəzi fərdlər öz elmi adları, dərəcələri ilə, aktyorlar, müəllimlər, hərbçilər onlara verilən adlarla özlərini müdafiə edirlər.
Şaquli sosial mobillikdə irəliləmə təkcə güzəranın yaxşılaşmasa və imtiyazlar yox, həmçinin yeni məhdudiyyətlər, məsuliyyət yaradır. Yeni vəzifənin yaradacağı əlavə gərginliyə və məsuliyyətə görə bəzi adamlar onlara təklif olunan yüksək vəziyyətə keçməkdən imtina edirlər. Yeni təyin olunmuşlarda əsəbilik və stresslər istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu əmələ gətirə bilər.
Bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir; ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır.
Mobillimin deqradasiyası fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin