Ürək əzələsinin zədələnmələri,perikarditlər
Miokarditlər kəskin,yarımkəskin və xroniki formalara ayrılır.Bu xəstəliyin etiologiyasında revmatizm, qarın yatalağı, skarlatina, qrip, səpgili yatalaq, angina, sepsis və s. infeksiyaların rolu vardır.Xəstəliyin ilk dövrlərində rentgenoloji olaraq mühüm əlamətlər qeyd olunmur.Bəzi hallarda pulsasiyanın tezləşməsi,ritmin pozulması və amplitudanın kiçilməsi görünür.Göstərilən əlamətlər diaqnozun qoyuluşu üçün heç də əsas sayıla bilməz.Diffuz miokarditlərin inkişafı ilə əlaqədar olaraq ürək kameraları bərabər genişlənir (xüsusilə mədəciklər). Bu zaman ürək-damar kölgəsi üçbucaq şəklini alaraq geniş əsasə ilə diafraqma üzərində yerləşir.Çəp vəziyyətlərdə aparılan müayinələr,ürəyin mədəciklərinin daha artıq böyüməsini qeyd edir.Rentgenoloji müayinədə xarakterik əlamətlərdən ən əsası ürək vurğularının zəifləməsidir.Rentgenokimoqramda dişciklərin amplitudalaranının kiçilməsini,deformasiyaya uğramasını görmək olar.
Xroniki şəkildə davam edən miokardiodistrofiyada yenə də ürək kameraları eyni dərəcədə böyüyür.Rentgenoloji olaraq kəskin miokarditləri miokardiodistrofiyalardan ayırmaq çətindir.Bu zaman xəstəliyin kliniki gedişinin nəzərə alınması və klinik əlamətlərin düzgün təhlili kəskin fazanı xronikidən ayırmağa imkan verir.
Miokardın infarktı zamam aparılan rentgenoloji müayinədə infarkt olan sahədə « ölü zona » müşahidə edilir.Belə ki, həmin zonada dişciklər olmur,ondan yuxarı və aşağı sahələrdə dişçiklər görünür.Bu formada dəyişikliklər əksər hallarda sol mədəciyin ön,yan və arxa kənarlarında müşahidə edilir.Miokard infarktının qorxulu ağırlaşmalarından biri də ürək anevrizmasıdır.Rentgenoloji müayinədə ürəyin kölgəliyi deformasiyaya ugrayır,onun siluetində kənara doğru qabaran məhdud oval və ya yarımkürə formada,kənarları hamar kölgəlik aşkar edilir.Ürək anevrizmasının pulsasiyası zəif, güclü və tam itmiş ola bilər.Bəzi hallarda anevrizma pulsasiyasına rast gəlinir.
Perikarditlər.Perikarditlərin etioloji amilləri sırasında birinci yeri revmatizm infeksiyası tutur.Digər amillərdən vərəmi,irinli infeksiyalarlı,uremiyanı göstərmək olar.
Kliniki gedişinə görə perikarditlər quru və eksudativ olur.
Quru perikardit zamanı ürək kisəsi qalınlaşır,kobudlaşır və hamarlığını itirir.Bir çox hallarda quru perikarditlər rentgenoloji olaraq aşkar olunmur.Quru perikarditlər rentgenoloji müayinədə o zaman aşkar görünür ki, perikard pərdəsi artıq qalınlaşmış və kirəcləşmiş olsun.Bəzən perikardla qonşu üzvlər arasında bitişmələr əmələ gəlir.Əgər bitişmələr ürəyi ağciyərlər,diafraqma, orta divar və ya döş qəfəsi divari ilə birləşdirirsə, ürək kölgəliyində deformasiya müşahidə olunur,ürəyin konturundan kənara çıxan üçbucaq şəkilli dişəbənzər kölgəliyə rast gəlinir. Bunlar dərin nəfəs alib saxlayan zaman daha aydın görünür.Bəzi hallarda ürək kisəsi həddindən artıq kirəcləşir,ürək sanki daş qəfəsdə yerləşir.Buna zirehli ürək deyilir.Yan və çəp proyeksiyalarda aparılan rentgenoskopiya və rentgenoqrafiya zamam alınan şəkil daha inandırıcı olur.
Eksudativ perikaditlərin rentgenoloji olaraq aşkar edilməsi toplanan mayenin miqdarı ilə sıx əlaqədardır.Perikard kisəsinə az maye toplanarsa rentgenoloji olaraq mühüm dəyişikliklər alınmır.Yalnız ürəyin əsasının bir qədər böyüməsi,genişlənməsi aşkar edilir. Lakin ürək kisəsinə çoxlu miqdarda eksudat toplandıqda onun hüdudlarının həddindən artıq genişlənməsi görünür.Rentgenoloji müayinədə ürəyin normal şəkli kəskin dəyişir.O, üçbucaq və ya şar şəklini alır,kənarları hamar olur.Dərin nəfəs alıb-vermə zamanı ürəyin forması dəyişmir.Mühüm rentgenoloji əlamətlərdən ürok vurğularının tam itməsini görmək olar. Bu hal rentgenokimoqramda daha aydın görünür.
Bəzi hallarda perikard kisəsində eksudatla yanaşı hava da olur.Buna pnevmohidroperikardit deyilir. Bu vəziyyət odlu silah yaralanmalarında,ağciyər absesinin perikard kisəsinə deşilməsində və punksiya zamanı havanın daxil olmasında da əmələ gələ bilər.Rentgenoloji müayinə zamanı ürək nahiyəsində mayenin üfqi səviyyəsini aşkar etmək olur.Xəstənin vəziyyətindən asılı olaraq mayenin səviyyəsi də dəyişir.Ürək vurğularının təsirindən mayenin üfqi səthi dalğavarı şəkildə titrəyir.
Dostları ilə paylaş: |