Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə71/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   67   68   69   70   71   72   73   74   ...   114
SOS KONSP 2021

MÖVZU: № 16. HÜQUQ SOSİOLOGİYASI

PLAN.


1. Hüquq sosiologiyasının predmeti

2. Şəxsiyyətin hüquqi sosiallaşması

3. Şəxsiyyətin hüquqi davranışı



Hüquq sosiologiyasının predmeti


Hüquq sosiologiyası hüquq elmləri ilə sosiologiyanın qovuşuğunda yerləşən bilik sahəsidir. O, ümumi sosiologiyanın tərkib hissəsi kimi onun mövcud vasitələrindən faydalanır (anket sorğusu, müşahidə, müqayisə, testlər, eksperiment və s.); fəlsəfə, sosial psixologiya, statistika, riyaziyyat kimi bilik sahələrindəki nailiyyətlərə arxalanaraq, hüquqi münasibətlərin öyrənilməsinə fənlərarası mövqedən yanaşır. Sosioloji yanaşma hüququn və hüquqi hadisələrin tədqiq edilməsində ehkamçı və sırf normativ baxışları aradan qaldırır. O, sistemli və funksional üsullara əsaslanaraq normayaratma, qanunvericiliyin səmərəliliyi, ədalət mühakiməsinin qeyri-formal mexanizmi, hüquq və qanunvericilik barədə əhalinin rəyi, hüquqi düşüncənin (şüurun) təşəkkül tapması, hüquqi sosiallaşma və s. kimi məsələləri geniş şəkildə öyrənir.
Sözün geniş mənasında götürdükdə hüquq sosiologiyası hüquqi aktların və ayrı-ayrı normaların real fəaliyyətini, adətlər, əxlaq, qrup dəyərləri və yönümlər, ictimai rəy və s. daxil olmaqla, bütövlükdə sosial tənzimləmə fonunda və onunla birgə təhlil edir. O, hüquqi məna kəsb edən sosial-hüquqi hadisələri və hüquqi xarakterli müxtəlif amilləri (ailə, mülkiyyət məsələləri, təsərrüfat müqavilələri, dövlətin planlı-tənzimləyici fəaliyyəti və i.a.) kompleks şəkildə götürür. Hüquq sosiologiyasında qanunların və ayrı-ayrı normaların səmərəliliyinin, hüququn əsas sosial funksiyalarının - tənzimləyici, tərbiyəvi, plan - proqnostik funksiyalarının, hüquq və ədalət məhkəməsi barəsində ictimai rəyin öyrənilməsinə, hüquqi peşələrin nüfuzuna və s. xüsusi diqqət yetirilir.
Hüquqa ictimai həyatın dinamizmini təmin edən vasitə kimi sosioloji yanaşma XIX əsrin ikinci yarısında əvvəlcə Avropada formalaşmış, sonra isə ABŞ-da daha geniş yayılmışdır. Hüququn sosioloji nəzəriyyəsinin nümayəndələri C. Lyüi, R. Paund, D. Frenk olmuşlar. Bu siyahıya həm də R. fon İcrinq (Almaniya), L. Dyüqi və F. Ceni (Fransa), E. Erlix (Avstriya - Macarıstan), S. Muromtsev (Rusiya) daxildirlər.
Sosioloji istiqamətin inkişafında uzun illər Harvard hüquq məktəbinin dekanı olmuş Amerika hüquqşünası Rosko Paund (1870-1964) da mühüm rol oynamışdır. Onun fikrincə, hüquq hər şeydən əvvəl faktiki hüquq qaydası və məhkəmənin fəaliyyət prosesidir.
Sosioloji istiqamətin müxtəlif variantlarının səciyyəvi cəhətini hakimin mülahizəsinin azadlığı ideyası təşkil edir. Onun nümayəndələri hüquqa «anlayışların hüquqşünaslığı» adlandırdıqları formal - ehkamçı, normativ yanaşmanı tənqid edirdilər. Onlar hüquqa «hərəkətdə» və tətbiqolunma prosesi qismində yanaşırdılar.
Aralarındakı müxtəlifliyə baxmayaraq, sosioloq-hüquqşünasların baxışlarında ümumi cəhət ondan ibarətdir ki, onların hamısı normalardan asılı olmayaraq əmələ gələn və mövcud olan «hüquqi» münasibətlərin məcmusunu: həyatda formalaşmış «sosial qayda» və ya «hüquq qaydasını», nəticə etibarilə isə «hökumətin, məhkəmələrin və digər dövlət orqanlarının və onların vəzifəli şəxslərinin faktiki fəaliyyət tərzini» əsas götürürlər.
Hüquq sosiologiyasının müsbət məqamını hüquqi tənzimləmədə baş verən real proseslərin nəzərə alınmasına istiqamətlənmə, onların konkret - sosioloji üsullar əsasında öyrənilməsi təşkil edir.
Hazırda Azərbaycanın hüquq doktrinası özünün nəzəri tədqiqatlardakı bəzi fərqlərinə baxmayaraq, normativ yanaşmadan hüquq sisteminin sosioloji dərketmə üsullarına keçidlə səciyyələnir. Hüquq sosiologiyasının müxtəlif aspektləri Azərbaycan alimlərinin bir çox tədqiqatlarının mövzusu olmuşdur.
Hüquq sosiologiyası hüququn sosial funksiyalarını hüquqi aktların qəbul olunması və ictimai həyatda tətbiq edilməsi ilə bağlı məsələlərin öyrənilməsinə istiqamətləndirir. Huqüqi tənzimləmənin sosial nəticələri və sosial səmərəliliyinin aşkara çıxarılması ən ciddi və mürəkkəb problemlərdən biridir. Çünki qanunvericilik aktlarının və digər normativ aktların hazırlanması ilə yanaşı həm də müvafiq qanunverici və hüquqyaratma orqanlarının fəaliyyətinin öyrənilməsini nəzərdə tutur. O, həm də müxtəlif ölkələrdə və müxtəlif tarixi dövrlərdə bu proseslərin təbiətini, istiqamətini və fərqini göstərir.
Sosial-hüquqi tədqiqatların predmetini hüquqi aktların tərtib edilməsi zamanı, yəni sosial münasibətlərin hüquqi normalar dilinə çevrilməsinin hazırlanması prosesində, eləcə də son həddə - hüquqi göstərişlərin şəxsiyyətin sosial davranışına keçirilməsi və gerçəkləşməsi gedişində təşəkkül tapan ictimai münasibətlər təşkil edir.
Hüquq elmində konkret sosioloji tədqiqatlar sosial təsirin, hüquq və onun institutlarının səmərəliliyinin öyrənilməsinə, hüququn ictimai münasibətlərə, praktikaya təsirinin və eləcə də sosial amillərin hüquqa müqabil təsirinin aşkar olunmasına yönəlir. Sosiologiyanın bilavasitə tədqiqat predmetini isə ictimai münasibətlərin təşəkkülü və inkişafına təsir edən sosial amillərin qarşılıqlı əlaqəsinin sistemi və mexanizmi təşkil edir.
Beləliklə, sosiologiyanın predmeti ilə hüquqşünaslığın predmeti nəinki bir-biri ilə təmasdadır, bunlar həm də qismən üst-üstə düşürlər. Bununla belə, istər sosiologiyanın, istərsə də hüquqşünaslığın predmetinin hər birinin öz spesifikliyi vardır. Nəticədə sosiologiyaya və eyni zamanda (hüquqla tənzimləndiyindən) hüquq elmlərinin obyektinə daxil olan ictimai münasibətlər müxtəlifcür, fərqli aspektlər və üst-üstə düşməyən nöqteyi-nəzərlərdən öyrənilir. Hüquq elmini ilk növbədə müvafiq ictimai münasibətin hüquqi forması, onun subyektlərinin hüquq və vəzifələrinin məzmunu maraqlandırır. Sosiologiya isə bu və ya digər ictimai hadisənin sosial mənşəyini, sosial yerini və sosial funksiyalarını aydınlaşdırır. Hüquqşünas ailə-nikah münasibətlərini səciyyələndirərkən əsas diqqəti ər-arvadın hüquqi vəziyyətinə, uşaqların hüquq və vəzifələrinə yetirir. Sosioloqu isə ilk növbədə ailə üzvlərinin faktiki qarşılıqlı münasibətləri, yəni onların bir-birinə qarşı rəğbət və ya nifrəti, qarşılıqlı dəyərləndirmələri, məhəbbət və dostluq hissləri və bu hisslərin insanların davranışındakı müxtəlif təzahürləri maraqlandırır. Bu halda o, bütün bu vəziyyətləri (halları) həm onların sosial amillərlə şərtlənməsi nöqteyinəzərindən, həm də müasir cəmiyyətdə ailənin funksiyaları və roluna təsiri baxımından nəzərdən keçirir.
Hüquqi münasibətlər cəmiyyətin iqtisadi, siyasi, təşkilati, ailə və s. münasibətləri ilə qırılmaz surətdə bağlıdır. Hüquq sosiologiyası kimi müstəqil fənnin və elmi istiqamətin zəruriliyi hər şeydən əvvəl məhz bununla müəyyən olunur.
Real həyatda faktiki münasibətlərin, hüquq normalarının və hüquq münasibətlərinin qarşılıqlı əlaqəsi çoxşaxəlidir, lakin burada iki əsas tərəfı ayırmaq vacibdir. Birincisi, hüquq normalarının əmələ gəlməsi mexanizminə aiddir. Məlumdur ki, onlar bir tərəfdən mövcud faktiki münasibətlər əsasında təşəkkül tapır, digər tərəfdən isə bu münasibətləri qanunvericilik iradəsinə uyğun olaraq, ictimai inkişafın meyllərini, cəmiyyətin və dövlətin ehtiyaclarını və vəzifələrini nəzərə almaqla özünəməxsus şəkildə əks etdirir.
Hüquq normalarının həyatın tələblərini nə dərəcədə düzgün əks etdirməsi, onların real vəziyyətə uyğun olub-olmaması, faktiki ictimai münasibətlərin gələcək inkişafına zəmin yaradıb-yaratmaması, zəruri münasibətləri təsbit edib-etməməsi və sair məsələlər hüquq normalarının sosial baxımdan şərtləndiyini göstərir və hüquqi münasibətlərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Hüquqi münasibətlərlə faktiki ictimai münasibətlər arasındakı qarşılıqlı əlaqələrin ikinci tərəfı hüququn, onun institutları və normalarının sosial təsiri və sosial səmərəliliyinin öyrənilməsi ilə bağlıdır. Burada həm də hüquq və onunla tənzimlənən ictimai münasibətlər arasında olan əks əlaqə özünü büruzə verir.
Hüququn sosial təsiri onun sosial amillərlə şərtlənməsinin öyrənilməsi ilə ayrılmaz surətdə bağlıdır. Bu iki hadisə arasında sıx qarşılıqlı əlaqə mövcuddur. Belə ki, bu və ya digər hüquq norması həyatın tələblərindən irəli gəlmirsə, onun tətbiqinin müsbət nəticə verəcəyinə inanmaq olmaz. Digər tərəfdən, yalnız hazırkı qanunvericiliyin səmərəliliyinin öyrənilməsi əsasında onun gələcək mövcudluğu ilə bağlı faydalı təkliflər irəli sürmək mümkündür.
Hüququn sosial şərtlənməsi onun normalarının yaranması yollarının kim tərəfındən təklif edilməsi ilə bağlıdır. Burada həm də hüquq normalarının qəbul olunması və dəyişdirilməsi məsələləri, habelə bu dəyişikliyin hansı faktiki şərtlərdən irəli gəlməsi, qərarlarını necə yerinə yetirilməsi (icrası və səmərəliliyi) mühüm yer tutur.
Əslində hüquqyaratma prosesi və onun hər bir mərhələsi formaca hüquqi, məzmunca sosial-siyasi fəaliyyətdir. Məhz bu fəaliyyətdə hüququn təşəkkülü qanunauyğunluqları, onun sosial şərtlənməsi, tarixi reallığın obyektiv xüsusiyyətləri ilə qanunvericinin subyektiv təsəvvürləri arasındakı əlaqə konkret şəkildə üzə çıxır.
Aparılmış sosioloji tədqiqatlar göstərir ki, qərarların qəbulu mexanizminin fəaliyyətində bir çox çətinliklər ortaya çıxır. Belə ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hüquq yaradıcılığı bir sıra səhvlər və çatışmazlıqlarla müşayiət olunmuşdu. Bunlara misal olaraq, cinayət və mülki qanunvericiliyində qanunların işlənib hazırlanması və hüquq-mühafızə orqanlarında islahatların aparılmasının vahid konsepsiyasının olmamasını, islahatların prioritetlərinin bəzən təhrif olunmasını, onların birtərəfliliyini, humanistləşdirilmə ideyasının şişirdilməsini, qanunların ümumpreventiv əhəmiyyətinin inkar edilməsini və s. göstərmək olar. Bu, ölkədə kriminal vəziyyətin xarakterində və dinamikasında uyğunsuzluğa gətirib çıxardı. Cinayət hüququ normalarının ümumprofılaktik funksiyalarının zəif işləməsi, cəzasızlığın artması və cinayətkar aləmin sıralarının çoxalması, ictimai rəydə qanunun gücsüzlüyü, mütəşəkkil cinayətkarlığın qarşısının alınmazlığı barədə fıkrin formalaşması, vətəndaşlarda onların hüquqlarının və qanuni mənafelərinin dövlət tərəfindən müdafıəsinə inamsızlığın artması, cəmiyyətin kriminallaşması prosesinin güclənməsi də bu qəbildəndir.
Hüquqyaratma prosesində həm də onun subyektlərinə böyük əhəmiyyət verilir. Qərarların hazırlanması, müzakirəsi, qəbulu və icrasında əhalinin geniş iştirakı bu aktların məzmununda onların maraqlı olmasını təmin edir. Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiya layihəsinin müzakirəsində 4 milyondan artıq insan iştirak etmişdi, 8 min məktub alınmışdı. Konstitusiya layihəsinin ayrı-ayrı maddələrinin dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və onlara əlavələr edilməsinə yönəlmiş 3 min təklif irəli sürülmüşdü (Bax: «Azərbaycan» qəzeti, 7 noyabr 1995-ci il).



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin