MÖVZU № 8. SOSİAL QRUPLAR PLAN: Sosial qrup anlayışı. Qrupların təsnifatı
Qrupun öyrənilməsinin əsas istiqamətləri
1. Sosial qrup anlayışı. Qrupların təsnifatı
Cəmiyyət insanların mürəkkəb birliyi kimi müxtəlif sabitlik dərəcəsinə, miqyasına və məzmununa görə fərqlənən sosial qrupların məcmusunu təşkil edir.
Sosioloji ədəbiyyatda «sosial qrup» anlayışı ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Bu aşağıdakı səbəblərlə izah oluna bilər. Əvvəla, sosiologiyada bir çox anlayışlar sosial praktika nəticəsində meydana gəlir, elmə tətbiq olunmağa başlayır və bu zaman müxtəlif çalarları ifadə edir. İkincisi, belə çətinliklərin yaranması bu prosesdə müxtəlif növ topluların təşəkkülü və iştirakı ilə şərtlənir. Bu səbəbdən də sosial qrup anlayışını müəyyən etmək üçün onlar arasındakı müəyyən tipləri ayırmaq lazım gəlir.
Sosiologiyada «qrup» anlayışı kimi təklif olunan bir sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd müəyyən fiziki məkanda müvəqqəti olaraq məskunlaşır. Eləcə də eyni vaqonda bir neçə gün yol gedən, müəyyən anda eyni meydanda olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada sosial qrup adlandırmaq olmaz. İnsanların belə toplusuna «aqreqasiya» deyilir. «Aqreqasiya» latın dilində müəyyən fiziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyi mənasını ifadə edir.
Başqa bir halda bir və ya bir neçə oxşar xüsusiyyətli fərdləri birləşdirən topluya da qrup deyilir. Məsələn, abituriyentlər, siqaretçəkənlər, qocalar və s. Lakin bunlara da elmi baxımdan sosial qrup demək doğru olmazdı. Bir neçə oxşar xüsusiyyətlərə görə birləşən belə insan toplusunu ifadə etmək üçün «sosial kateqoriya» termini daha münasibdir.
Bəs onda sosial qrup nədir?
Sosial qrup başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlərin birliyidir.Bu tərifə görə sosial qrup üçün zəruri olan iki əsas şərt vardır: 1) onun üzvləri arasında qarşılıqlı fəaliyyətin olması; 2) hər bir qrup üzvünün ümumi marağının nəzərə alınması.
Bu tərifə görə, nəqliyyat dayanacağında avtobus gözləyən bir neçə nəfəri qrup hesab etmək olmaz. Lakin onlar söhbətə başladıqda, gözləmə ilə əlaqədar birlikdə qarşılıqlı fəaliyyətə keçdikdə müəyyən sosial qrup keyfiyyəti əldə edirlər. Lakin bu cür qruplar bilərəkdən deyil, təsadüf nəticəsində əmələ gəlirlər. Burada sabit maraqlar yoxdur, qarşılıqlı fəaliyyət isə birtərəfli olur. Belə öz-özünə əmələ gələn qeyri-sabit qruplar kvaziqruplar adlanır. «Kvaziqrup» latın dilində «sosial qrupa bənzəyən» mənasını ifadə edir və aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: 1) öz-özünə əmələ gəlmə; 2) qarşılıqlı əlaqələrin qeyri-sabitliyi; 3) müştərək hərəkətlərin qısamüddətliliyi və s. Aqreqasiyalar kvaziqrupa, kvaziqruplar isə öz növbəsində sosial qrupa çevrilə bilər.
Hər bir fərd həyatının müxtəlif anlarında bir neçə qrupun iştirakçısı ola bilər. Sosial qrupları müxtəlif meyarlara görə təsnif etmək mümkündür. Təsnifat əsas qrup növlərini ayırmağa və qiymətləndirməyə, həmçinin qrupdaxili və qruplararası qarşılıqlı münasibətləri müəyyən etməyə imkan verir.
Hər bir fərd onun mənsub olduğu bəzi qruplar toplusunu ayıra və onları «mənim» kimi müəyyənləşdirə bilər. Bu - «mənim ailəm», «mənim komandam», «mənim dinim» və s. ola bilər. Belə qruplar inqrup sayıla bilər, yəni bəzilərində fərd özünün mənsubiyyətliliyini hiss edir, digərlərində isə başqa üzvlərlə eyniləşərək «biz» inqrupunun üzvlərini qiymətləndirir.
Fərdin aid olmadığı digər qruplar - başqa ailələr, kompaniyalar, dini qruplar bu fərd üçün altqrup sayıla bilər, fərd isə bunu simvolik olaraq «biz» yox, «başqaları» adlandıra bilər.
Ədəbiyyatda sosial qrupların müxtəlif təsnifatından istifadə olunur. Bu baxımdan Q. M. Andreyevanın təsnifatı maraq doğurur. O. təsnifatı bu cür aparır: 1) şərti və real qruplar; 2) böyük qruplar; 3) kiçik qruplar; 4) referent qruplar.