Sosial həyatda sosial nəzarət proseslərinin üç əsas tipi fəaliyyət göstərir:
Fərdləri öz cəmiyyətinin normativ gözləmələrini internalizasiya etməyə sövq edən proseslər;
Fərdlərin sosial təcrübəsini təşkil edən proseslər;
Müxtəlif formal və qeyri-formal sosial sanksiyalar tətbiq edən proseslər.
Məlum olduğu kimi, cəmiyyət üzvləri fasiləsiz surətdə sosiallaşma prosesini keçirirlər. Onlar bu proses sayəsində təfəkkürün, hiss və davranışın elə sistemlərini mənimsəyirlər ki, onlar məlum cəmiyyətin mədəniyyəti üçün xarakterikdir. Uşaq yaşlarında digər adamların gözləmələrinə uyğunluq hər şeydən əvvəl xarici nəzarət proseslərinin məhsuludur. Yaşa dolduqca insanın davranışı getdikcə daha artıq dərəcədə daxili tənzimləyicilərlə idarə olunur. Bu tənzimləyicilər çox funksiyalar yerinə yetirirlər, halbuki onlar əvvəllər-uşaq yaşlarında xarici nəzarət mexanizmləri vasitəsilə yerinə yetirilirdi. İnternalizasiya prosesi belə baş verir: fərdlər cəmiyyətdə üstün olan davranış standartlarını öz şəxsiyyətinə «hopdururlar». İnsan bu standartları çox zaman düşünmədən, müəyyən suallar vermədən, qeyd-şərtsiz özünün «ikinci naturası» kimi qəbul edir. İnsan qrupun həyatına daha dərindən nüfuz etdikcə, qrupun qayğıları ilə «yükləndikcə» özü haqqında müəyyən təsəvvürlər işləyib hazırlayır; bu təsəvvürlər onu davranışını qrupun normalarına müvafıq surətdə nizamlayır. Qrup üzvlərinin etdiyini etməklə o, öz identikliyini əldə edir. Qrup onun öz qrupuna çevrilir; o, qrupun normalarını öz normaları kimi qəbul edir. Beləliklə, sosial nəzarət özünənəzarətə çevrilir.
Fərdi təcrübənin formalaşmasında və təkamülüdə sosial institutların özünəməxsus yeri vardır. Bir qayda olaraq insan mövcud reallıq haqqında öz təsəvvürünü sosial problemlərin təsiri altında işləyib hazırlayır. Bu təsəvvürün alternativləri ilə cəmiyyət tərəfindən formula edildiyi tərzdə qərarlaşır. İnsan demək olar ki, xeyli məhdud bir aləmdə yaşayır və fəaliyyət göstərir. Başqa sözlə, o, özünün məlum mədəniyyətlə şərtlənmiş sosial əhatəsi hüdudları ilə bir növ məhdudlaşır. Ona görə də çox zaman insan alternativ standartların mövcudluğu imkanını ağlına belə gətirmir.
Nəzərə almaq lazımdır ki, əhalinin əksər hissəsi adətən yaşadığı cəmiyyətin normalarına riayət edir, çünki bilir ki, əks halda onu cəza gözləyir. Ətrafdakılar qaydaları pozan adamlara rəğbət göstərmir, bəzən çox kəskin, hətta düşməncəsinə yanaşırlar. Normalardan çıxma hallarının nəticələri həbs, hətta ölüm ola bilər. Normalara riayət olunması isə bəyənilir, populyarlıq, nüfuz və s. kəsb edir. Elmi ədəbiyyatda birinci halı nonkorformizm, ikinci hah isə konformizm adlandırırlar. Bu halda qeyd olunur ki, insanlar nonkorformizmin xeyirsizliyini və konformizmin üstünlüklərini olduqca tez dərk edirlər.
Bəs sosial nəzarət cəmiyyətdə hansı funksiyaları yerinə yetirir?
Bəzi mənbələrdə sosial nəzarətin sabitləşdirici və məqsədli funksiyalarından bəhs edilir. Zənnimizcə, ikinci funksiya dəqiq ifadə olunmamışdır. Əslində məqsədlilik sosial nəzarətin bütün təzahürlərinə, növlərinə xas olmaqla onun istiqamətini səciyyələndirir. Bundan əlavə, məqsədlilik sabitləşdirici funksiyanın məzmununu da əhəmiyyətli dərəcədə ifadə edir.
Bəzi mənbələrdə isə sosial nəzarətin mühafizəedici və sabitləşdirici funksiyaları göstərilir. Zənnimizcə, məsələnin belə qoyuluşu daha məntiqlidir. Ona görə də bu funksiyaları bir qədər müfəssəl nəzərdən keçirək.
Sosial nəzarətin mühafızəedici funksiyası məlum sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, sosial-siyasi, sosial-hüquqi xarakteristikalarından, onun tarixi inkişaf prosesində yerindən asılıdır. Sosial nəzarətin sabitləşdirici funksiyası isə hökmran sosial münasibətlərin, sosial strukturların (qrup, sinif, dövlət) təkrar istehsalında təzahür edir.
Sosial nəzarətin hər iki funksiyası bir-biri ilə sıx bağlıdır, bir-birini qarşılıqlı surətdə tamamlayır. Bu əlaqəni aydın təsəvvür etmək üçün belə bir sadə misala müraciət edək. Cəmiyyətdə sosial nəzarət sistemi vətəndaşların hüquqlarının reallaşmasını təmin edirsə, deməli, onların hüquqları qorunur, mühafizə edilir. Hüquqların qorunması isə cəmiyyətin sabitliyini təmin edən çox mühüm amillərdən biridir. Sabitlik möhkəmləndikcə hüquqlar daha da dolğunlaşmaq, real məzmun kəsb etmək imkanı qazanır.
Məlum olduğu kimi, hüquqlar müvafıq vəzifələrdən ayrılmazdır. Hüquqlar insanın nə edə biləcəyini müəyyənləşdirirsə, vəzifələr onun nə etməli olduğunu ifadə edir. Həm hüquqlar, həm də vəzifələr insanın davranışını müəyyən hüdudlarla məhdudlaşdırır. Hüquq vəzifəni, vəzifə isə hüququ nəzərdə tutur. Onlar birbirindən ayrı düşəndə sosial struktur deformasiyaya uğrayır. Məsələn, qədim dünyada qulun statusu ancaq vəzifələri nəzərdə tuturdu; onun demək olar ki, heç bir hüququ yox idi. Totaliar cəmiyyətlərdə hüquqlarla vəzifələr qeyri-simmetrikdir: belə ki, hökmdarın və yüksək vəzifəli şəxslərin hüquqları maksimum həddədir, vəzifələri isə minimum həddədir. Demokratik cəmiyyətlərdə isə hüquq və vəzifələr daha çoz simmetrikdir. Araşdırmalara əsasən demək olar ki, sosial strukturda hüquq və vəzifələrin nisbəti cəmiyyətin inkişaf səviyyəsinə fəal təsir göstərən amildir. Hüquqlar əslində «bəşəriyyətin sivilizasiya yolu ilə uzunmüddətli və mürəkkəb hərəkətinin nəticəsidir».20 Bu prosesdə vəzifələr də dəyişilmiş, yeni məzmun kəsb etmişdir.
Sosial nəzarət elə xüsusi mexanizmdir ki, o, hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ictimai nizamı təmin edir. Bu, çox mürəkkəb, çoxşaxəli bir prosesdir. Həmin prosesin normal cərəyanı hakimiyyətlə yanaşı, sosial normalara, sanksiyalara möhtacdır.
Sosial nəzarətin mühafizəedici və sabitləşdirici funksiyaların reallaşması sayəsində adi vətəndaşların həyat fəaliyyəti təmin olunur. Sosial nəzarət instrumentləri, metodları son dərəcə rəngarəngdir: münasibətlərin təkbətək aydınlaşdırılması, psixoloji təzyiq, fıziki zorakılıq, iqtisadi məcburiyyət və s. Nəzarət metodları sərt, yumşaq, birbaşa (bilavasitə) və vasitəli ola bilər. Bu metodların kəsişməsi də mümkündür: bir-başa sərt, birbaşa yumşaq, vasitəli sərt, vasitəli yumşaq.
Sosial nəzarətin müxtəlif növlərinin, tiplərinin və formalarının insana təsiri bir-birindən fərqlidir. Bu baxımdan görkəmli sosioloq P. Bergerin sosial nəzarət konsepsiyası diqqəti cəlb edir. P. Bergerin fikrincə, insan müxtəlif konsentrik dairələrin mərkəzində dayanır. Həmin dairələrin hər biri sosial nəzarətin yeni sistemidir, onun müəyyən növünü, tipini və formasını təmsil edir. P. Berger 5 dairə - 5 sistem müəyyənləşdirir: