3. Sosial təşkilatların formal və qeyri-formal növləri
Müxtəlif təşkilatlar adətən bu və ya digər fəaliyyət və ya xidmət növünə görə ixtisaslaşırlar. Bu öz növbəsində on-ların arasında funksiyaların dəqiq bölgüsünü zəruri edir. Həmin əsasda texnoloji əlamətlərə görə təşkilati strukturlar yaradılır ki, onlar da müəyyən funksiyaları yerinə yetirirlər. Sosiologiyada belə strukturlar üfüqi strukturlar adlandırılır. Əməyin funksional bölgüsünə əsaslanan təşkilatlar formal təşkilatlar adlanır. Onlara aşağıdakı xüsusiyyətlər xasdır:
Onlar rasionaldır (onların fəaliyyətinin əsasında məqsədəuyğunluq durur).
Onların daxilində insanların münasibətləri əsasən xidməti səciyyə daşıyır.
Məqsədlər ancaq funksional məqsədlərdir (yəni bilərəkdən birqiymətlidirlər).
Formal təşkilatın əsas funksiyası fərdləri kollektiv əməyin vasitələri və məqsədləri ilə birləşdirməkdir. Bu xüsusiyyətlər onlara aşağıda göstərilən məsələləri uğurlu həll etməyə imkan verir (bunu müəyyən dərəcədə onların üstünlükləri hesab etmək olar):
İnsanların fəaliyyətinin və təşkilatın struktur elementlərinin müxtəlifliyindən irəli gələn çatışmazlıqları məhdudlaşdırmaq yolu ilə səmərəliliyin artırılması.
Vahid bir orqanizm kimi bütövlüyün təmin edilməsi. Formal sosial təşkilatı insanların sosial mühəndislik sahəsində çox qiymətli və qədim ixtiralarından biri hesab etmək olar. Formallaşdırma sosial münasibətləri rəsmi sənədlərdə, qanunlarda, təlimatlarda təsbit olunmuş normalar və qaydaların köməyi ilə bir növ sadələşdirir. Bu isə insanların, sosial birliklərin və qrupların davranışında gözlənilən problemləri qabaqcadan müəyyən dərəcədə həll etməyə və səmərəli təşkilatlar yaratmağa imkan verir.
Sosial təşkilatın formal strukturu bölmələr və işçi yerlər arasındakı qarşılıqlı əlaqə və münasibətləri bir sıra nizamlayıcı sənədlərdə təsbit edir. Onlar qanuniləşdirilmiş tələblər, standartlar, nümunələr və davranış normalarının məcmusudur. Burada bütün işçilərin statusu, vəzifə və rol bölgüsü dəqiq şəkildə müəyyən olunur. Deyilənlərdən aydın olur ki, formal struktura malik təşkilatlar bütün əsas münasibətlərin qayəsini (məğzini) təşkil edir, onlarda sosial qaya-qanunun qərarlaşmasına səy göstərir.
Bütün müasir formal təşkilatlar öz mahiyyətinə görə müəyyən qədər bürokratik xarakter daşıyır. Bu məsələ ilə bağlı ideal bürokratik təşkilatın M. Veber tərəfindən verilən xarakteristikasını nəzərdən keçirək.
Təşkilatın hər bir hissəsinin məqsəd və vəzifələri aydın müəyyənləşdirilmiş olur. Onun qarşısında duran məqsədlərə çatmaq üçün zəruri olan bütün fəaliyyət ən sadə əməliyyatlara qədər dəqiqləşdirilir. Bu yüksək dərəcədə ixtisaslaşmaya imkan yaradır. İxtisaslaşma isə peşəkarlığın artmasına kömək edir və personalı (işçi heyətini) onların keyfiyyətinə görə seçmək mümkün olur.
Təşkilat iyerarxiya prinsipləri üzərində qurulur, yəni mövqelər və vəzifələr hakimiyyətin çoxmərhələli strukturu şəklində təşkil olunur. Adətən belə iyerarxiya piramida formasında çıxış edir. Bu piramidada hər bir vəzifəli şəxs yuxarıda duranlar qarşısında həm özünün şəxsi qərarları və hərəkətləri, həm də onun tabeliyində olanların qərarları və hərəkətləri üçün məsuldur. Digər tərəfdən o, özündən aşağıda olanlar üzərində hakimiyyətə malik olur. Bu hakimiyyətin həcmi və hüdudları dəqiq surətdə müəyyənləşdirilir.
Vəzifəli şəxslərin qərarları və hərəkətləri formal şəkildə təsbit olunmuş qayda və təlimatlar sistemi ilə idarə olunur. Belə inzibati təşkilatlarda fəaliyyət bu ümumi təlimatların konkret hallara (situasiyalara) tətbiqi deməkdir. Təlimatlar fəaliyyətdə müəyyən yeknəsəqlik yaratsa da, bütövlükdə hakimiyyət strukturu ilə birgə fəaliyyətin müxtəlif növlərini əlaqələndirməyə, təşkilatın sabitliyini təmin etməyə imkan verir.
Formal təşkilat xüsusi inzibati heyətə malikdir. Onun vəzifəsi təşkilatın normal işini, hər şeydən əvvəl onun rabitə kanallarının fəaliyyətini təmin etməkdir. Əgər istehsal heyəti əsas məqsədlərə çatmaqda birbaşa (bilavasitə) iştirak edirsə, inzibati heyət bu işdə yalnız vasitəlı (bilvasitə), yəni təşkilatın fəaliyyətinin təmin olunmasına yardım göstərmək yolu ilə iştirak edir.
Vəzifəli şəxslər müştərilərlə və digər vəzifəli şəxslərlə təmaslarında şəxssizlik yönəmini rəhbər tutmalıdırlar. Hər bir əməkdaş bütün şəxsi mülahizələrini kənara qoymalı və tam emosional qərəzsizlik mövqeyində dayanmalıdır. Tabeliyində olanlarla da məhz bu cür davranmaq zəruridir. Münasibətlərin belə rəsmi olmasının səbəbi iyerarxik səviyyələr, vəzifəli şəxslər ilə onların müştəriləri arasında sosial məsafənin qorunub saxlanılmasının zəruriliyidir.
Təşkilat tərəfindən əməkdaşların muzdla tutulması onların xidmət üzrə irəli çəkilməsini nəzərdə tutur. Böyüklüyə və ya uğurlu fəaliyyətə görə irəliyə çəkilmə sistemi mövcud olmalıdır. Muzdla tutulma siyasi, ailə və digər əlaqələrə deyil, fəaliyyətdəki keyfiyyətlərə əsaslanır. Adətən vəzifəli şəxslər vəzifələrə seçilmirlər, onlar təyin edilirlər. Buna görə də onlar hər hansı qrupdan yox, yuxarı pillədə duran rəislərdən asılı olurlar. Qulluqçular işdən əsassız olaraq azad edilməkdən mühafizə olunmalıdırlar.
M. Veber hesab edirdi ki, formal strukturun bu cəhətləri təşkilatın yüksək səmərəliliyini təmin edə bilər. Başqa sözlə, formal struktur səmərəlilik (rasionallıq) prinsipləri üzərində qurulmalı, şəxssizlik münasibətlərini möhkəmləndirməli və ilk növbədə yuxarıdan aşağıya idarəetmə təsirlərinin həyata keçirilməsinə yönəlməlidir.
Peşəkarlığın artması və informasiya texnologiyalarının inkişafı prosesləri müasir formal təşkilatın fəaliyyətinə müsbət təsir göstərir. Yüksək ixtisaslı mütəxəssislər avtoritetlər iyerarxiyasına bağlanmırlar, adətən orta ixtisaslı işçilərdən daha çox səlahiyyətə malik olurlar. Təbii ki, bu hal bürokratik iyerarxik strukturun bürokratik təbiətini aradan qaldırır və daha çevik idarəetmə sisteminin yaranmasına səbəb olur. Bundan əlavə, informasiya texnologiyaları aşağı ixtisaslı işçiləri sıxışdırıb çıxarır və onların gördüyü işlərin bir hissəsini maşınların öhdəsinə verir. Buna görə əminliklə demək olar ki, əgər mexanikləşdirmə standartlaşmaya doğru aparırsa, informasiyalaşdırma təşkilatın çevikliyinə doğru aparır.