Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafıq rolları qəbul etməli və yerinə yetirməlidirlər. Sosial institutların əsas rolu müvafıq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir:
İctimai münasibətlərin təkrar istehsalı funksiyası.Hər bir institut öz üzvlərinin davranışını möhkəmləndirən və standartlaşdıran davranış qaydaları və normalar sisteminə malikdir. Müvafıq sosial nəzarət sistemi institut üzvlərinin fəaliyyətinin müəyyən statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır. Bununlada o, cəmiyyətin sosial strukturunun dayanıqlı olmasına xidmət edir. Məsələn, ailə institutu yerli mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması imkanlarını məhdudlaşdırır. Bununla da o, bütövlükdə cəmiyyətin sosial strukturunun möhkəmlənməsinə mühüm köməklik göstərir.
Tənzimedici funksiya.Adından da göründüyü kimi bu funksiya sosial institutlarda birləşən insanların fəaliyyətlərinin tənzimlənməsini təmin edir. Onların maddi və mədəni həyatı bu funksiya vasitəsilə nizama salınır. Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət edir. Belə tənzimləmə insanların birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir.
Təminedici funksiya.Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial qrup üzvlərinin qarşılıqlı asılılığı və münasibətlərini təmin edir. Bu və ya digər instituta insanların inteqrasiyası qarşılıqlı hərəkət sisteminin nizamlanması, əlaqələrin miqyası və tezliyinin artması ilə müşayiət olunur. Bu proses insanların fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturların yaradılması üçün mühüm amil rolunu oynayır.