İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanların əksəriyyəti tərəfindən dərk edilməlidir. İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə cəmiyyət sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə, yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə malik olmalıdır. Nəhayət, sonuncu - dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması, yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir.
Sosial institutların yaranması prosesi institutlaşma adlanır. İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir.
«İnstitutlaşma»nın klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən yüksək avtoritetin olduğunu qəbul edirlər. Məsələn, özünün «Qanunların ruhu» əsərində vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə tənzim olunur, insanın davranışları isə əksər hallarda əxlaq normaları ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış cəmiyyətdə fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onların qarşılıqlı münasibətlərində xeyirxah davranışı təmin edən qayda hökm sürür.
«İnstitut» anlayışının dəqiq mənasını ilk dəfə E. Dürkheym məktəbinə mənsub olan sosioloqlar müəyyən etmişlər. Əlbəttə, ailə və hüquq kimi sosial institutlar o vaxta qədər də sosioloqların tədqiqat obyekti, müqayisəlitarixi təhlilin predmeti olmuşdur. Dürkheymin və onun tələbələrinin nəzərincə, institutlar müəyyən sosial qrup üçün məcburi olan və onun üzvlərini başqalarından fərqləndirən daimi xarakterli və bir növ «kristallaşmış» olan hərəkət üsulları, təfəkkür və hissetmə üsullarıdır. Qeyd edək ki, bu anlayışa dəqiq tərif verməkdə özünü göstərən çətinliklər onunla izah edilir ki, həmin anlayış nəticə etibarilə sosial davranışın istisnasız olaraq bütün növlərinə tətbiq oluna bilir. Sözün məhdud mənasında götürdükdə isə o, yalnız cəmiyyət tərəfindən aşkar surətdə və effektiv səviyyədə sanksiyalaşdırılmış sosial davranış formalarma aiddir. Dürkheym və onun tərəfdarları bu termini daha çox ikinci mənada işlətdikləri halda, bir sıra başqa müəlliflər (məsələn, Parsons) onun birinci mənasına üstünlük verirlər. Digər tərəfdən, Dürkheym institutların məcburedici xarakteri üzərində təkid edərək, ona hər cür sosial tənzimetmənin sinonimi kimi yanaşmağa məcbur olur, yəni sosial olan hər şey institusionaldır, çünki onların hamısı sosial baxımdan məcburidir, institut isə sosial məcburetmənin vasitəsidir. Nəticədə İ. Qurviçin sözləri ilə desək, çox sərt və sosial həyatdan «özgələşmiş» bir konsepsiya alınır. Dürkheym sosial institutlara müəyyən qaydalar kompleksi və ya normativ sistemlər kimi yanaşaraq, onların sistemli və mütləq xarakterli olmasında təkid edir. Lakin belə olduqda, təcrübədən də göründüyü kimi, vahid cəmiyyət çərçivəsi daxilində müxtəlif fəaliyyət növləri arasında dayanıqlı qarşılıqlı təsirin olduğu aşkara çıxır (məsələn, eyni bir institutlar sistemi daxilində həyata keçirilən iqtisadi və siyasi fəaliyyət növləri arasında). Əgər institutlar müxtəlif növlərdən olan fəaliyyətlər arasında qarşılıqlı asılılıq münasibətləri yaradırsa, onda belə bir sual ortaya çıxır: onları hansı qüvvə əlaqələndirir? Məsələn, kapitalizmin iqtisadi institutları həmin cəmiyyətin hüquq, siyasi və mədəni institutları ilə bir araya sığa (uyuşa) bilərmi? İnqilab haqqında nəzəriyyələrin əksəriyyəti inqilab ərəfəsində mövcud olan rejimlərin süqutunu istehsal münasibətlərinin (iqtisadi institutların) inkişaf məntiqi ilə arxaik siyasi və hüquq sistemi (siyasi institutlar) arasında açıq-aşkar ziddiyyətin olması ilə izah edir. D. Bell də cəmiyyətin mədəni yönümü (oriyentasiyası) ilə kapitalistcəsinə təşkili arasında ziddiyyətin olduğunu qeyd edir. Müəllifə görə, ziddiyyətin mövcudluğu kapitalizmin «süquta» uğradığını sübut edir. Bu müddəa, əlbəttə, çox mübahisəlidir. Lakin onun əksi olan aşağıdakı fikir də birmənalı qəbul olunmur: kapitalizmdə və yaxud hər hansı başqa cəmiyyətdə müxtəlif institutlar arasında sıx əlaqəlilik və vəhdət mövcuddur. İndustrial cəmiyyətin guya ailəni körpə uşaqlı ərarvad cütlüyünə muncər etdiyi haqqında funksionalist xarakterli təsəvvür «nuklear ailəyə» dair mübahisələri nəinki aradan qaldırmır, əksinə bu məsələyə daha çox dolaşıqlıqlar gətirir. Təhsil və səhiyyə institutlarını öyrənən sosioloqlar, xüsusilə də neomarksistlər analoji yolla gedərək çox vaxt kapitalizm cəmiyyətində həmin sistemlərin (təhsil və səhiyyənin) bu və ya digər səciyyələrini verərkən onların yalnız iqtisadi fayda götürməyə yönəlməsi ilə, yəni iqtisadi institutların fəaliyyəti ilə izah edirlər.
Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan sosial tələbatlar arasında ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir.