N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013
T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.
T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018
MÖVZU 10 İşgüzar kommunikasiyanın formaları: işgüzar söhbət, danışıqlar, mətbuat konfransları, müşavirələr, diskussiyalar, telefon söhbətlərinin aparılma qaydaları. IX Mühazirənin PLANI
İşgüzar söhbət
İşgüzar danışıqlar
Mətbuat konfransları
İşgüzar iclas və müşavirələr
Telefon söhbətlərinin aparılma qaydası
İşgüzar kommunikasıyanın müxtəlif növləri olduğu kimi, formaları da müxtəlif və rəngarəngdir.
İşgüzar ünsiyyətdə dialoq qarşılıqlı işgüzar əlaqələrin ən geniş yayılmış üsul-larından biridir. Şifahi işgüzar ünsiyyətin dialoji növlərinə işgüzar söhbət, işgüzar danışıqlar, işgüzar iclas və müşavirələr, mətbuat konfransı, diskussiya və s. aid edilir.
İşgüzar söhbət ─ bir şəxsin və ya şəxslər qrupunun başqa bir şəxsə və ya şəxslər qrupuna söz vasitəsilə təsir etməklə mövcüd vəziyyəti dəyişmək və ya söhbət iştirakçıları arasında yeni münasibətlər yaratmaq çabasıdır.
Müasir anlamda işgüzar söhbətlər elə tərəfdaşlar (həmsöhbətlər) arasında şifahi əlaqəni nəzərdə tutur ki, onlar həmin söhbətləri aparmaq və konkret məsələləri həll etmək üçün öz təşkilatlarının verdiyi zəruri səlahiyyələrə malik olurlar.
İşgüzar söhbət müəyyən məsələlər və ya problemlər üzrə informasiya ötürülməsi və ya fikir mübadiləsidir. İşgüzar söhbətlərin yekununda qərarların qəbul edilməsi, sazişlərin imzalanması heç də vacib deyil.
İşgüzar söhbətin əsas funksiyaları bunlardır:
1) innovativ tədbir və proseslərin başlanılması;
2) başlanmış tədbir və proseslərə nəzarət və onların koordinasiyası;
3) informasiya mübadiləsi;
4) təşkilatdaxili və təşkilatdan kənar eyni fəaliyyət sahəsinə aid işçilərın işgüzar ünsiyyəti;
5) xarici mühitdəki tərəfdaşlarla işgüzar əlaqələrin yaradılması;
6) yeni ideya və təkliflərin axtarışı, irəli sürülməsi və operativ hazırlanması;
7) yaradıcı fikirlərin yeni istiqamətə yönəldilməsinin stimullaşdırılması və s.
İşgüzar ünsiyyət prosesində işgüzar söhbətin iki əsas növü müəyyənləşdirilir: üz-üzə görüş zamanı söhbət və telefon danışıqları.
Əvvəlcədən planlaşdırılmış üz-üzə görüşdə aparılan işgüzar söhbət prosesində söhbətin predmeti, müzakirə ediləcək məsələlər və həyata keçirilməsi zəruri olan əsas niyyətlər müəyyənləşdirilir. Söhbət zamanı əvvəlcədən hazırlanmış sənədlər və materiallardan istifadə edilir.
İşgüzar söhbət işgüzar münasibətlərin subyektləri arasında baş tutan danışıq olsa da, bu, hər şeydən əvvəl şəxslərarası ünsiyyətdir. Buna görə də onun iştirakçıları bir-birinin spesifik şəxsi özəlliklərini, nitq xüsusiyyətlərini, motivlərini nəzərə almalıdırlar. İşgüzar söhbətlərdə tərəfdaşa nitq və qeyri-nitq vasitələri ilə təsirin bütün metodlarından istifadə edilir. İşgüzar söhbət əksər hallarda qarşı tərəfin fikrini dəyişən, onu inandıra bilən yeganə üsul olsa da, burada opponentin irəli sürdüyü mülahizələr, arqumentlər, etirazlar və tənqidi fikirlər mütləq nəzərə alınmalıdır.
İşgüzar söhbətin ümumi strukturuna aşağıda göstərilənlər aiddir:
♦ İşgüzar söhbətə hazırlıq. Görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi.
♦ Söhbətin başlanğıcı: əlaqə yaratma.
♦ Problemin irəli sürülməsi və informasiyanın ötürülməsi.
♦ Əsaslandırma.
♦ Tərəfdaşın arqumentlərinin təkzib edilməsi.
♦ Alternativlərin təhlili, iştirakçılar arasındakı qarşıdurmanın optimal və ya gü-
zəştli həlli variantının axtarışı.
♦ Qərar qəbul edilməsi.
♦ Razılıqların əldə edilməsi.
♦ Söhbətin yekunlaşdırılması .
♦ Söhbətin nəticələrinin və ünsiyyət taktikasının təhlili.
İndi isə işgüzar söhbətin strukturunun ən əsas məqamlarını daha ətraflı nəzərdən keçirək.
1) İşgüzar söhbətə hazırlıq.
İşgüzar söhbətə hazırlığın özü bir psixoloji üstünlük yaradır. Hazırlıq prosesində mübahisəli və həssas məsələlərin, başqa sözlə konfliktlərin, ticarətlə bağlı danışıqların, iqtisadi və siyasi razılaşmalar və sazişlərlə əlaqədar problemlərin həllinə xüsusi diqqət yetirilməlidir. Söhbətin əsas məqsəd və vəzifələrini müəyyənləşdirmək, bu vəzifələr əsasında söhbətin planını tərtib etmək və onların müvafiq həlli yollarını tapmaq vacibdir. Söhbətin mümkün nəticəsini qabaqcadan proqnozlaşdırmaq, gələcək tərəfdaş haqqında zəruri informasiyanı toplamaq, öz mövqeyini müdafiə etmək üçün daha mühüm arqumentlər seçmək, ünsiyyət qurmağın daha münasib strategiya və taktikasını müəyyənləşdirmək, həmçinin ünsiyyətin təzyiq göstərmə, manipulyasiya, yardım və əməkdaşlıq xahişi kimi aspektlərini nəzərdən keçirmək lazımdır.
Hazırlıq prosesində aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir: həmsöhbətə veriləcək zəruri sualların düşünülməsi, arzu olunan son nəticənin, reqlamentin, görüşün keçiriləcəyi yerin, görüşün strategiya və taktikasının müəyyənləşdirilməsi. Bu anlamda görüşün şərtlərinin və keçirilmə yerinin müəyyənləşdirilməsi, materialların və sənədlərin hazırlanması xüsusilə vacib şərtdir.
İşgüzar söhbətin yerinin və vaxtının müəyyənləşdirillməsi tərəfdaşa münasibətdən və tutulan mövqedən asılı olaraq müxtəlif səviyyələrdə, yəni “yuxarıdan”, “aşağıdan” və ya “bərabər” səviyyədə həyata keçirilə bilər. “Yuxarıdan” yanaşma mövqeyi təxminən belə görünür: “Mən sizi filan vaxt öz kabinetimdə gözləyirəm”. “Aşağıdan” yanaşma mövqeyi isə xahiş kimi səslənir: “Mən sizinlə danışmaq istərdim, nə zaman və haraya gəlim?”. “Bərabər səviyyəli” yanaşma mövqeyi isə təxminən belədir: “Biz filan məsələ barədə danışmalıyıq”. Görüş yerinin seçilməsi zamanı da müəyyən tövsiyələr nəzərə alınmalıdır. Belə ki, söhbətin təşəbbüskarı özünü öz kabinetində daha inamlı hiss edir.Tərəfdaşın kabinetində isə elə məsələ-ləri həll etmək məsləhətdir ki, siz həmin məsələlər üzrə daha üstün mövqeyə maliksiniz. Birgə əməkdaşlıq proqramlarının hazırlanması məqsədilə görüşün neytral ərazidə keçirilməsi məqsədəuyğundur, çünki belə olan tərzdə tərəflərin heç biri üstünlüyə malik olmur.
İşgüzar söhbətə hazırlıq zamanı iki haldan çəkinmək lazımdır: birincisi heç bir hazırlıq görmədən, detalları düşünmədən səmərəli söhbət apara bilmək bacarığına həddən artıq arxayın olmaq, ikincisi isə, gələcək görüşün bütün mərhələlərini dəqiqliklə düşünərək ən kiçik detalları belə nəzərə almaqla özünü sığortalamağa çalışmaq cəhdidir. Birinci halda təşəbbüs həmsöhbətin əlinə keçə bilər, ikinci halda isə plandan azacıq olsa belə sapma, uzaqlaşma qarışıqlıq və inamsızlığa gətirib çıxarar, buna görə də davranışın əsas yollarını əvvəlcədən düşünüb proqnozlaşdırmaq daha faydalıdır.
2) Söhbətin başlanğıcı: əlaqə yaratma
Söhbətin əvvəlində istənilən halda tərəfdaşla təmas yaratmaq lazımdır. Burada çox şey ilk ifadələrdən asılıdır. Məhz həmin ilk ifadələr tərəfdaşın sizinlə danışıb-danışmayacağını həll edə bilər.
Gərək lap əvvəldən söhbət üçün əlverişli şərait yaradasan, tərəfdaşın diqqətini söhbətin mövzusuna cəlb edə biləsən. Həmsöhbət həmişə nə isə yeni, maraqlı, mühüm bir şey eşitmək ümidilə ilk ifadələrə, frazalara diqqətlə qulaq asır. Əgər ilk frazalar o qədər də əhəmiyyət kəsb etmirsə, xüsusən də həmsöhbətlərin sosial vəziyyəti və təhsili arasında hiss olunacaq dərəcədə fərq özünü göstərirsə, söhbət başlanmadan belə bitə bilər.
3) Problemin irəli sürülməsi və informasiyanın ötürülməsi
Əgər söhbətdə bir neçə təklifə razılıq almaq tələb olunursa, ən asan təklifdən başlamaq lazımdır. Söhbətə müzakirə məsələsi ilə başlamaq lazım deyil. Fikirlərinizi qısa və aydın şəkildə izah etmək gərəkdir. Bütün mülahizələrinizi elə əsaslandırmalısınız ki, qarşı tərəf sizinlə razılaşsın. Birmənalı olmayan söz və ifadələrdən çəkinmək lazımdır, yoxsa onlar səhv anlaşıla bilər.
4) Əsaslandırma
Əsaslandırmanı daha müvəffəqiyyətli edən bir sıra qaydalar mövcuddur. Əsaslandırma zamanı istifadə edilən arqumentləri güclü, zəif və əsassız olmaqla üç qrupa ayırırlar.
Güclü arqumentləri təkzib etmək, gözdən salmaq, etinasız yanaşmaq mümkün deyil. Güclü arqumentlərə bunlar aid edilir: dəqiq müəyyənləşdirilmiş və təsdiqlənmiş faktlar və fikirlər; real həyatda istifadə edilən qanunlar, nizamnamələr, rəhbər sənədlər; tanınmış ekspertlərin gəldiyi nəticələr; tanınmış mənbələrdən gətirilmiş sitatlar; yoxlanılmış statistik informasiyalar və s.
Opponentlərin şübhə ilə yanaşdığı arqumentlər zəir arqumentlər hesab edilir.
Bunlara az tanınan müəlliflərin fikirlərinə istinad; şəxsi xarakterli mülahizələr; ehtimallar, hisslər əsasında formalaşdırılmış fikirlər, ümumiləşdirmələr; natamam və yoxlanılmamış statistik məlumatlardan çıxarılan nəticələr və s. daxildir.