Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə5/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

H. ƏLİYEV BIR NATİQ KİMİ
H.Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində ciddi addımlar atmışdır. Belə ki, dilimizlə bağlı hər bir məqamda Heydər Əliyev nitqi yada düşür.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. Dilimizin tətbiqindəki problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Müstəqilliyimizin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparılmışdır.
Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun hakimiyyəti illərində dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasətlə bağlıdır.
Ulu öndərin dil siyasətinin ən böyük uğuru 1 Avqust- Azərbaycan dili gününün təsis olunmasıdır, desək, yəqin ki, yanılmarıq. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir. Dünya dillərinə nəzər salsaq görərik ki, bir çox dillərin də müəyyən tarixi hadisəylə bağlı olaraq öz xüsusi günləri var. Məsələn, Türk dili günü 1932 –ci ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılan “Türk dil qurumu”nun yarandığı tarixdə - 26 sentyabrda qeyd edilir. Rus dili günü - görkəmli şair A.S.Puşkinin doğum tarixi ilə əlaqədar olaraq 6 iyunda keçirilir. İngiilis dili günü isə V.Şeksprin anadan olduğu gün - 26 aprel tarixində qeyd olunur. Ərəb dili isə 18 dekabrda öz gününü qeyd edir. Belə ki, 1973-cü il məhz bu tarixdə BMT Baş Assambleyası Ərəb dilini BMT-nin altıncı rəsmi dili olaraq qəbul etmişdir. Lakin günün qeyd olunması rəsmi olaraq 2010-cu ildəndir. Çin dili günü isə 20 aprel tarixində qeyd olunmaqdadır. Bu tarixin seçilməsi Çin təqviminə görə Guyunun qeyd olunması ilə bağlıdır. Guyu- darı yağışı anlamındadır və miflərə görə, Çin heroqlıflərinin yaradıcısı Canq Jie bu heroqlifləri tapanda Allahlar və ruhlar göydən yerə darı yağdırmışlar. Əslində, bir ölkənin dili ilə aqrar iqtisadiyyatınınn bu formada qarşılaşdırılması çox maraqlı görünür. Yəqin ki, Çinlilər bununla dilin, əlifbanın nə qədər əhəmiyyətli olduğunu nəzərə çatdırmaq istəmişlər.
1 avqust isə Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Ümumiyyətlə, böyük siyasətçi və diplomat, dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Azərbaycanda siyasi natiqliyin eləcə də natiqlik sənətinin formalaşıb inkişaf etməsində Heydər Əliyevin rolu əvəzsizdir. Natiqlik müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə məxsus fitri istedadlardan biridir. Bu onun dövlətçilik təfəkkürünə yol açan vasitə idi.
Heydər Əliyevin keçdiyi böyük ictimai-siyasi təcrübə məktəbi onun bir natiq kimi bu sənətin ən uca zirvəsinə qalxmasına imkan vermişdir.
Heydər Əliyev bütün çıxışlarında Azərbaycan dilinin əzəmət və vüqarını önə çəkir. O, həmişə deyirdi: “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.” Heydər Əliyev onu da qeyd edirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır. Öz ana dilini bilən, sevən Heydər Əliyev natiqlik sənətini də bilən və sevən lider kimi tanınırdı.
Natiqlik sənəti dil faktlarından düzgün istifadə bacarığıdır. Heydər Əliyev dil faktlarını bilir, onları düzgün qiymətləndirir və yerində onlardan istifadə edir. Heydər Əliyev siyasi natiq olaraq səs tonuna və intonasiyaya xüsusi məna verməyi bacarırdı. Bu natiqlikdə əsas şərtlərdən biridir.
Heydər Əliyev həmişə və hər yerdə Azərbaycan dövlətini üstün tutmuşdur. Bu siyasi natiqlikdə olduqca önəmlidir. Heydər Əliyev siyasi nitqlərində dövlət işlərindən, dövlət əhəmiyyətli məsələlərin həllindən danışırdı. Onun nitqində dərin məzmun və yüksək ideyalılıq duyulur. Heydər Əliyevin xalqla bağlılığı onun nitqində də təzahür edib. Mən buna görə də onun nitqini böyük bir hərakatın proqramına bənzədirəm.
Nizami Xudiyevin qeyd etdiyinə görə: “Hansı mövzuda məruzə və ya çıxış edirsə, yaxud söhbət-fikir mübadiləsi aparırsa, fərqi yoxdur, Heydər Əliyevin həmişə mövzuya dərindən, yüksək professional səviyyədə bələd olduğu üzə çıxır. Konstitusiya komissiyasının iclasından tutmuş yazıçılar, sənət adamları ilə görüşlərə qədər ən müxtəlif yığıncaqlarda Azərbaycan rəhbəri özünü həmişə olduqca sərbəst, olduqca hazırlıqlı və olduqca peşəkarcasına aparır. H.Əliyev hər hansı mövzuda məruzə, çıxış, yaxud söhbətə daim hazır olur.”
Xalq şairimiz Bəxtiyar Vahabzadə haqlı olaraq yazır ki, fikrə görə söz tapılır, sözə görə fikir yox! Zənnimizcə, ulu öndərimizin dəyərli fikirləri qiymətli sözlərlə bəzədilmiş zəngin sarayı xatırladır.
Heydər Əliyev diqqəti məsələyə cəlb etmək üçün vəziyyəti quru rəqəmlər, texniki hesabat xarakterli mülahizələrlə deyil, olduqca səmimi sözlərlə təsvir edir. O, bir qayda olaraq, xalq arasında deyildiyi kimi “özündən danışır “. Onun nitqində yazı dilinin yorucu təsiri yoxdur.
Nizami Xudiyev qeyd etmişdir ki, Heydər Əliyevin nitqində emosional məqamların meydana çıxması aşağıdakı şərtlərdən irəli gəlir:
1) natiqin bir azərbaycanlı-şərqli olaraq xarakterindəki emosionallıq təzahürlərindən;
2) Heydər Əliyevin şəxsi-fərdi psixologiyasından;
3) dövrün, zamanın mürəkkəbliyi, ictimai-siyasi hadisələrin əsəbləri daim gərgin saxlaması, gözlənilməz halların meydana çıxması və s.-dən.
Heydər Əliyev nitqinin emotiv intonasiyası çox zəngindir, lakin qısa müddət ərzində Azərbaycana “rəhbərlik etmiş “ bəzi “başçı”lardan fərqli olaraq, həmin emotiv zənginliyi böyük ağıl, məntiq, idrak idarə edir. Onun nitqi haqqında belə deyirlər:”Onun nitqində intelektual təməli olmayan emosiya, demək olar ki, yoxdur.”
Ümumiyyətlə, hər bir natiq-istər qüdrətli, istər orta səviyyəli, istərsə də zəif olsun-öz nitqində aşağıdakı üç aktı nümayiş etdirir:

  1. informasiya;

  2. məntiq;

  3. emosiya;

Heydər Əliyevdə bunların üçünü də müşahidə etmək olar. O, hər bir ideoloq, həm də bir natiq kimi zəngin informasiyaya əsaslanır, yəni həmin informasiya ilə silahlanaraq mənsub olduğu xalqın, rəhbərlik etdiyi dövlətin mənafeyini müdafiə edir. Onun verdiyi informasiya o qədər zəngin olur ki, bu və ya digər sahəyə rəhbərlik edən mütəxəssisin verdiyi məlumatlarda nəyin doğru, nəyin yalan, nəyin isə qeyri-dəqiq olduğunu dərhal müəyyən edə bilir. O,düşünərək danışır, sanki bütün varlığı, düşüncəsi, emosiyası və daxili inamı ilə danışır.
Ulu öndərin fikirləri, dediyi sözlər bu gün aforizmə çevrilmiş və lazımi məqamlarda ziyalılar tərəfindən işlədilməkdədir. Sumqayıt Dövlət Univeristetinin müəllimi L.Həmzəyeva liderimizin çıxışlarını araşdıraraq bu gün aforizmə çevrilən fikirlərin bir qismini toplamışdır. Bu fikirləri oxuyarkən dahi şəxsiyyətin vətən, dil sevgisinin nə qədər yüksək olduğunu görməmək mümkün deyil.
“Kim müxalifətdə durursa, dursun, ancaq Vətəninə xalqına mənəviyyatına məsləyinə müxalifətdə durmasın.Həqiqi mənəviyyatı milyonlara milyardlara da almaq mümkün deyildir.Amma milyonları milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”.
“Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”.
“Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır”.
“Vətənpərvərlik insanın daxilindəki duyğudur.Əgər bunlar yoxdursa o insan mənəviyyatsızdır.”
“Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini oradan götürməkdən daha asandır.”
“Hər bir insan həyatda öz yerini tapmalıdır. Ancaq özünə məxsus olan yerini tapmalıdır.”
“Heç kim əbədi qalib ola bilməz”.
“Kim ki biliyindən, bacarığından artıq iddia edir, o, həmişə məğlub olur”.
“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”.
“Xalq gərək daim öz kökünü xatırlasın”.
“Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur təkamül yolu ilə tədricən gedir.”
“Gərək nəbzin vətənin nəbzi ilə vursun.”
M.T.Siseron yazır : ”...Ancaq müdrik adam həqiqi natiq ola bilər. Filosof natiqdən aşağı səviyyədə durur. Çünki hər filosof natiq ola bilmir, natiq isə filosofların öyrətdiyi bütün bilikləri əxz etməyi bacarır.” Natiq düşünüb danışaraq, ətrafdakı insanları da düşündürməyə çalışmalıdır. Natiqin nitqi yorucu olmamalıdır, əks halda bu dinləyicini yora bilər. Heydər Əliyev bunu nitqində nəzərə alırdı. O, öz fikrini, ideyasını yüksək inamla insanlara aşılayırdı. Heydər Əliyevin mimikası, pantomimikası, intonasiyası onun nitqinin təsir gücünü artırır. Onun nitqlərinin ən təqdirəlayiq özəlliyi Azərbaycan dilini dərindən bilməsi, bununla yanaşı, mövcud mühit və şəraiti nəzərə alaraq, müvafiq dil vahidlərindən və üslublardan məharətlə istifadə etməklə auditoriyanın diqqətini cəlb etməsi idi.
H.Əliyevin diqqəti və qayğısı sayəsində keçən əsrin 60-80-ci illərində nitq mədəniyyəti məsələlərinin həm nəzəri, həm də praktik şəkildə öyrənilməsi, təbliği sahəsində bir çox səmərəli işlər görülmüşdür. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 1962-ci ildən dil mədəniyyəti şöbəsi fəaliyyət göstərmişdir. Şöbə nitq mədəniyyəti ilə bağlı tədqiqatlar aparmaqla yanaşı, mətbuatda, radio, televiziya verilişlərində, ədəbi və elmi əsərlərdə, dərsliklərdə, reklamlarda nəzərə çarpan dil və üslub nöqsanlarınm aradan qaldırılması üçün əməli təkliflər vermişdir. Həmin dövrdə mətbuat səhifələrində “Nitq mədəniyyəti”, “Ana dilimizin saflığı uğrunda”, “Dilimiz qeyrətimiz” və s. kimi daimi rublikalar altında yazılar dərc edilir ki, onlar dilimizə qayğı, hörmət, diqqətin göstərilməsi, onun bir ünsiyyət vasitəsi kimi qorunub saxlanılması baxımından zamanına görə olduqca əhəmiyyətli idi.
1969-cu ildə Ə.Dəmirçizadə və 1970-ci ildə M.Şirəliyevin ayrı-ayrılıqda “Azərbaycan dili orfoepiyasının əsasları” adlı kitabları çap olunmuşdur.
A.Abdullayevin nəşr etdirdiyi əsərlər (“Müəllimin nitq mədəniyyəti haqqında”, Maarif, 1966; “Nitq mədəniyyəti və natiqlik məharəti haqqında” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968) nitq mədəniyyəti məsələlərinin tədqiqi və təbliğində xüsusi rol oynamışdır.
Ə.Əfəndizadənin tərtib etdiyi “Orfoqrafiya - orfoepiya - qrammatika lüğəti”ndən (1983) yazı, tələffüz və qrammatika təlimində uzun illərdir ki, faydalı bir vəsait kimi istifadə edilir. “Nitq mədəniyyəti məsələləri” adlı başqa bir məcmuədə (1985) nitq mədəniyyətinin ayrı-ayrı sahələri üzrə çalışan alimlərin, görkəmli tədqiqatçıların məqalələri verilmişdir. Bu sətirlərin müəllifi N.Abdulla- yevin Z.Məmmədovla birgə nəşri alınan “Nitq mədəniyyəti” (1998), “Müəllimin nitq mədəniyyəti” (2003), “Orfoqrafiya və orfoepiya lüğəti” (2003), “Nitq mədəniyyətinin əsasları” (2005), N.Abdullayevin “Azərbaycan dilinin müxtəsər orfoepiya lüğəti” (2013) kimi kitablar nitq mədəniyyəti fənninin tədrisində yararlı bir vəsait kimi istifadə olunmuş və olunmaqdadır.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin