N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013
T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.
T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018
MÖVZU 3 Dil və nitq. Nitqə verilən əsas tələblər III Mühazirənin PLANI Dil və nitq
Nitqə verilən əsas tələblər
Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi
Dilçilikdə «dili» və «nitqi» fərqləndirən cəhətlərə də diqqət yetirilir. Adətən, dili şərti danışıq işarələri sistemi kimi qəbul edirlər. Onun köməyi ilə insanlar üçün müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur. Dil cəmiyyət tərəfindən yaradılır. Dil ümumxalqa məxsus olduğu üçün həmin dilin ölməsi xalqın ölməsi deməkdir. Xalqın aradan çıxması ilə dil ölü dilə çevrilir.
Dil olduqca mürəkkəb quruluşa malikdir. Hər cür dil, hər şeydən əvvəl, özünün müəyyən mənalı söz sistemindən ibarət olan lüğət tərkibinə malikdir. Bu, həmin dilin leksikasını təşkil edir. Bundan başqa, dildə müxtəlif formalı söz və söz birləşmələri sistemi də vardır ki, bu dilin qrammatikasını təşkil edir. Bunlarla yanaşı olaraq hər bir konkret dilin özü üçün xarakterik olan səs və ya fonetik tərkibi də mövcuddur.
Dil həcm etibarilə nitqdən çox genişdir. Çünki dil ümumxalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Dildə işlədilən sözlərin yalnız müəyyən bir qismi fərdin ünsiyyət prosesində istifadə edilir.
Dildən fərqli olaraq nitqi ünsiyyət prosesinin özü hesab edirlər. Bu proses məlumat, göstəriş, sual, əmr və s. şəklində həyata keçir.
Nitq mədəniyyətini mədəni nitq və dil mədəniyyəti anlayışlarından fərqləndirmək lazımdır. Dildən nitqdə, ünsiyyətdə istifadə olunur. Nitq mədəniyyətində dil və nitq münasibətləri bacarıqla həyata keçirilir. Nitq mədəniyyətinin inkişafı və formalaşması ədəbi dilin düzgünlüyü və üslub aydınlığı ilə əlaqəlidir. Nitq mədəniyyəti ədəbi dil normalarının toplusu olub, onların qanunauyğunluğu, formalaşması və onlara yiyələnmək haqqında elmdir. Nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Məlumdur ki, mədəni səviyyə xalqın bütün təbəqələrinin öz ana dilini bilməsi, ona qayğı göstərməsi, onu sevməsi ilə bağlıdır.
Xalqın mədəni inkişafı dildə daima yeni söz və terminlərin yaranmasına səbəb olur. Mətuatın, radio, televiziya verilişlərinin ketləviləşməsi xalqın nitq mədəniyyətinin yüksəlməsinə güclü təsir göstərir. Yeni-yeni söz və terminlərin, xüsusən alınma sözlərin hesabına dilimizin lüğət tərkibi zənginləşir. Bütün bu deyilənləri belə ümumiləşdirmək olar ki, dil və nitq bir-biri ilə dialektik vəhdətdə olub bir-birini tamamlasa da, aralarında müəyyən fərqlər də vardır:
Dil həcmcə nitqdən genişdir;
Dil ümumi, nitq fərdi səciyyə daşıyır;
Dil ümumxalq, nitq fərdi səciyyə daşıyır;
Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir;
Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdırır;
Nitqin əsas cəhəti onun məzmunluluğu, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqliyidir;
Dil nitqin məhsuludur, kollektivin bəhrəsidir, məna ilə akustik obrazı birləşdirə işarələr sistemidir. Nitq dilin hər dəfə yenidən işlədilməsidir;
Dil ictimai-tarixi təcrübənin mövcudluğu, saxlanması və verilməsidir. Nitqə adlandırmaq, ümumiləşdirmək və kommunikativ funksionallıq əlamətləri xasdır;
Dil imkana, nitq gerçəkliyə uyğun gəlir;
Dil nitqə nisbətən sabit, nitq dilə nisbətdə dinamikdir.
Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.
Nitq dilin mövcudluq formasıdır.
Nitq dilin dinamik hissəsidir. Lakin dil və nitqin ümumi cəhətlərini nəzərdən keçirsək məlum olur ki,
1) Hər ikisi ünsiyyətə xidmət edir
2) Hər iksi ictimai sosial xarakter daşıyır.
3) Hər iksi üçün əsas vahid linqvistik ünsürlərdir
4) Hər ikisi milli səciyyəlidir.
Dil və nitq anlayışlarını ilk dəfə kəskin şəkildə qarşı qarşıya qoyan F. de Sössördür. Dil və nitq arasında əlaqə zəruridir, çünki nitqin mənbəyi dildir. Dilsiz nitq mümkün deyildir, eyni zamanda nitq dilin inkişafı deməkdir. Nitqdə baş verən dəyişiklilər dildəki köhnə qanunauyğunluqları dağıdır və həmin dəyişikliklər dilə keçir. Xalqın tarixi kökləri onun mədəniyyətində və eləcə də dilində, bəlkə də, elə ilk növbədə dilində öz əksini tapır. Məhz mədəniyyət vasitəsilə biz dilimizin, ədəbiyyatımızın inkişaf tarixini öyrənir, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətilə tanış olur, milli dəyərlərimizi yaşadır və mənimsəyirik. Bütün bunları isə əsas ünsiyyət vasitəsi kimi cəmiyyətdə fəaliyyət göstərən dil özündə əks etdirir, bugünkü və gələcək nəsillərə çatdırır.
Sivilizasiyanın müasir inkişafı dövründə, vətəndaş cəmiyyəti quruculuğunun möhkəmləndiyi bir zamanda mədəniyyət məsələlərinin öyrənilməsinə diqqət daha da gücləndirilməlidir.
Millətin və bəşəriyyətin xilası mədəniyyətdədir. Milli mədəniyyətimizin təcəssümü kimi ortaya çıxan və eləcə də milli dəyərlərimizin daşıyıcısı və ötürücüsü sayılan Azərbaycan ədəbi dili uzun tarixi inkişaf yolu keçməsinə baxmayaraq, praktik cəhətdən bügünkü nitqimizlə reallaşan, bəzi araşdırmalara ehtiyacı olan müxtəliflikləri, çoxvariantlıqları, çoxmənalıqları özündə əks etdirir.
Dil cəmiyyətdə ilk növbədə insanlar arasında ünsiyyətə xidmət edir. Münasibətlərin formlarından asılı olaraq ünsiyyətin səviyyələri də müxtəlif olur. Ünsiyyətin məna səviyyəsi ilə anlam səviyyəsi arasında, informasiya və təsir aspektləri arasında kontekslə, bütün anlam şəraiti ilə müəyyən edilən sıx qarşılıqlı əlaqə vardır. Bu əlaqəni informasiya və bu informasiya ilə necə hərəkət etmək haqqında göstəriş, əmr arasındakı əlaqə kimi təsəvvür etmək olar.Beləliklə, əgər məna özündə ümumi informasiya daşıyırsa, anlam ünsiyyətə girənlər arasında əlaqəni göstərir, nitq davranışını təşkil edir və istiqamətləndirir, çoxvariantlı, çoxmənalı, konkret, təsirli səciyyə yaradır.
Nitq insana məxsusdur. İnsan öz nitqini unikal fərdi şəxsiyyət kimi, özünəməxsus səciyyəvi əlamətlərin daşıyıcısı kimi, emosiyaların və temperamentin, fərdi ifadə keyfiyyətlərinin sahibi kimi ifadə edir.
Həm fərdi və səs xüsusiyyətləri, həm də psixoloji durum, zahiri görkəm və davranış keyfiyyətləri – səciyyəvi şəxsiyyətin təzahür etməsi üçün vacib olan bütün bu keyfiyyətlər insana təbiətdən verilir.
Müxtəlif fəaliyyətlərdə bir-biri ilə eyni olan, bir-birini təkrar edən nitq mümkün deyildir. Nitqin xarakteristikaları mütəhərrikdir. Nitqin formaları və strukturu nitq şəraitindən və nitqin motivindən, insanın psixoloji və fiziki vəziyyətindən, tərəf-müqabillər arasındakı münasibətlərin səciyyəsindən asılı olaraq dəyişir.
Günün müxtəlif vaxtlarında insanın əhval-ruhiyyəsi, fiziki vəziyyəti dəyişdiyi kimi, onun nitqinin ifadəliliyi, tempi, aktivlik istiqaməti, nəhayət, üslubu da müxtəlif olur. Nitq həssas bir barometr kimi şəraitə uyğunlaşır. Nitqin fərdi çalarları, emosional xüsusiyyətləri tükənməz olub, insanın davranışı kimi hüdudsuz və zəngindir.