Reklam məktubu Reklam məktubu əldə edilməsinə həvəsləndirmə formasında əmtəə və xidmətlərin təsvirini birləşdirən ticari məktubdur. Ticari fəaliyyəti həyata keçirən istənilən şirkət istehsal olunmuş məhsul və ya göstərilən xidmətlərin reklamı ilə məşğul olmalıdır. İşgüzar yazışma təcrübəsində məzmununa görə müxtəlif reklam məktublarından istifadə olunur. Onları şərti olaraq iki qrupa ayırmaq olar:
- əmtəə və xidmətlər təklifini verən məktublar;
- şirkət haqqında məlumatı özündə ehtiva edən məktublar.
İşgüzar məktubların göstərilən növlərindən başqa reklamda əmtəə və xidmətlər haqqında ətraflı, bəzən isə bütün təfsilatı ilə göstərilən müxtəlif növ elanlar, bülletenlər (qısa rəsmi məlumatlar) geniş tətbiq olunur. Onlar reklam məktubları deyil, lakin reklam fəaliyyətini dəstəkləyir və bir qayda olaraq şirkət və ya mal haqqında ilkin informasiyanı məhz reklam məktubundan və ya digər üsulla maraqlı tərəfin tələbinə müvafiq şəkildə təqdim olunurlar.
Reklam məktubları aşağıdakı qaydalara riayət edilməklə tərtib olunur:
Müxtəsərlik. Reklam məktubu bir səhifədən artıq olmamalıdır, belə ki, bir səhifədən artıq həcmə malik reklam mətni çox güman ki, axıra qədər oxunmayacaqdır.
Zərurilik. Reklam məktubunun mətni lakonik, aydın, məlumatverici olmalıdır. Reklam məktubunda şirkət, onun təklif etdiyi əmtəə və xidmətlər haqqında ətraflı məlumat verilməsinə ehtiyac yoxdur. Şirkəti, onun mallarını digər istehsalçılardan fərqləndirən cəhətləri göstərən yalnız ən əhəmiyyətli məlumatları göstərmək lazımdır.
Dəqiqlik. Reklam məktubunda şirkətin xidmətlərini, onun nailiyyətlərini və üstünlüklərini həddən artıq tərifləmək lazım deyil, belə ki, istənilən məlumatı hər zaman yoxlamaq heç də çətin məsələ deyil.
Bezdirici olmamaq. Əmtəə və xidmətlərin təklifi hədsiz dərəcədə təkidlə təklif olunmamalıdır. Təklifin hətta müxtəlif variantlarda belə dəfələrlə təkrarı alıcıda ondan imtina hissi yarada bilər. Reklam məktubu bezdirici deyil, inandırıcı olmalıdır.
Qəti tərtibat. Reklam məktubu şirkətin təqdim olunması forması olduğundan, heç bir bəzək elementi (qızıl güllər, çiçəklər, budaqlar və s.) istifadə olunmadan yazı üçün gərəkli bütün rekvizitlərlə blankda tərtib olunmalıdır.