M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f
Danışıq məqsədlidir. Yalnız danışıq ünsiyyətə xidmət etdikdə məqsəd əldə oluna bilər. Bu o deməkdir ki, hansısa bir kəs özü-özlüyündə müəyyən bir hadisə və yaxud proses haqqında götür-qoy edirsə, təkbaşına danışırsa, hər hansı ünsiyyətdən söhbət gedə bilməz. Bu yalnız daxili nitq və yaxud psixoloji bir hadisədir. Ünsiyyət məqamında danışanın məqsədləri çoxsaylı ola bilər. Misal üçün, qarşı tərəfə təsir göstərmək, təhrik etmək, müsahibini inandırmaq, güldürmək və s. Bu eləcə də nitqin funksiyalarının çoxluğundan, sosial varlıq olan insanın məqamlar daxilində rollarının müxtəlifliyindən irəli gəlir. Başlıca məqsəd isə ünsiyyət aktında informasiyanın ötürülməsi və əldə olunmasıdır.
Bütün bunları kommunikativ məqsəd də adlandırmaq olar. Ünsiyyət «…insanın insan tərəfindən cilalanması» (K.Marks) prosesi olduğundan kommunikativ məqsəd hər hansı informasiyanın ötürülməsi ilə məhdudlaşa bilməz. Danışığın məqsədliliyi birbaşa taktika və strategiya ilə bağlıdır. Strategiya ümumi məqsədin gerçəkləşməsi üçün danışanın seçdiyi xətt, taktika isə strategiyadan asılı olan məsələlərin realizasiyasıdır. Kommunikativ strategiya problemlərinə kitabın növbəti bölmələrində xüsusi yer ayrılmışdır.
Müsahibinə təsir göstərmək üçün danışan gözəl danışmağı bacarmalı, məqama uyğun deyim tərzini nizamlamaqda çeviklik nümayiş etdirməlidir. Düzgün seçilmiş strategiya sonucda kommunikativ məqsədin uğuruna yol açmalıdır.
Nitq mədəniyyəti məsələlərindən danışarkən ilk öncə dil və nitq probleminə nəzər salmaq lazımdır. Qeyd edək ki, haqqında söz açacağımız problem elmdə yeni deyildir. Dil və nitq anlayışlarının qoşa və yaxud ayrılıqda baxılması nitq mədəniyyəti üçün də əhəmiyyətlidir. Lakin hər vaxt mövcud olmuş və indinin özündə də mövcud olan çeşidli yanaşmalar üzündən nitq mədəniyyətinin predmeti və ona qoyulan tələblər konkretlikdən hələ bir qədər uzaqdır. Ən yaxşı halda nitq mədəniyyəti problemi yalnız ayrı-ayrı dil vahidlərinin (sözlərin) nitq prosesində necə tələffüz olunması tələbi kimi ortaya qoyulur və dilin ictimai hadisə olaraq yerinə yetirdiyi çoxsaylı funksiyalar nəzər- dən kənarda qalır.
Onu qeyd edək ki, ərəbcədən alınmış «mədəniyyət» kəlməsinin kökündə «şəhər» anlamı durur. Əslində isə bu anlayış insan fəaliyyətinin bütün sahələrini əhatə edir və «nitq mədəniyyəti» ifadəsindəki «mədəniyyət» anlayışına birbaşa dildən istifadə olunması, ünsiyyət qurmaq qabiliyyəti, dil vasitəsi ilə fikri çatdıra bilmək, məqsədə nail olmaq, problemlərin həllinə təsir göstərə bilmək bacarığı daxildir.
Nitqə verilən tələblər qədimdən bu günümüzə qədər düşündürücü olmuş, onun kommunikativ keyfiyyətləri ilə qeyri kommunikativ elementlərinin vəhdəti nəzərdən yayınmamışdır.Təəssüf ki, nitq haqqındakı təsəvvürlər nitqin dəqiqliyi, saflığı, münasibliyi anlayışlarına işıq salınması ilə tamamlanmışdır. Dilçilik meyarlarına görə:
Dil - ünsiyyətin işarələr sistemidir, və yaxud ünsiyyət işarələrinin sistemidir.
Nitq - dil işarələrinin informasiyanın tələbinə müvafiq olaraq, onun qanunauyğunluqları ilə düzülüşüdür.
Nitq mədəniyyəti - İnsanın müxtəlif məqamlarda ünsiyyət məqsədi ilə dildən məqsədyönlü və çətinlik çəkmədən istifadə olunmasına təminat verən biliklərin və vərdişlərin toplusudur.
Nitqə üç terminoloji mənada baxıla bilər:
Nitq eyni bir dil kollektivinin üzvləri ilə əlaqə üçün danışanların dildən istifadə etməsidir.
Nitq dil vasitəsi ilə ünsiyyət növüdür.
Nitq sırf qrammatik və sintaktik kateqoriyadır.
İnsan onu əhatələyən obyektiv varlığın (gerçəkliyin) predmet, hadisə və proseslərini müşahidə etdikcə bunları öz beynində əks etdirir, necə deyərlər, bunların sözlü təsvirlərini yaradır, fikir donu geyindirir. Yalnız bundan sonra artıq özününküləşdirdiyi fikri (məlumatı, informasiyanı, biliyi) dil vasitələrindən istifadə etməklə başqalarına ötürə bilir. Bəzən belə mülahizələr söylənilir ki, ünsiyyət prosesində qarşılıqlı anlaşma tərəflərin fikirlərinin üst-üstə düşməsi deməkdir.