Müəssisədə müşahidə şurasının seçilməsi və təşkili Müşahidə Şurası üzvlərinin seçilmə prosedurları şəffaf olmalıdır. Səhmdarlara Müşahidə Şurasında olan vakansiyalara namizədlər irəli sürmək imkanı verilməlidir. Müşahidə Şurasının üzvlərinin fəaliyyətində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədi ilə onların yenidən seçilmək hüququ ilə 3 (üç) il müddətinə vəzifəyə təyin olunması (seçilməsi) məqsədəuyğundur. Müşahidə Şurası üzvünün seçilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, habelə Müşahidə Şurası üzvünün səlahiyyət müddəti başa çatdıqda, yenisi ilə əvəz edilməsi (yeni müddətə seçilməsi) proseduru cəmiyyətin nizamnaməsində və ya daxili sənədlərində öz əksini tapmalıdır. Müşahidə Şurası üzvlərinin seçilməsi, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və onların səlahiyyət müddəti başa çatdıqda, yenisi ilə əvəz edilməsi (yeni müddətə seçilməsi) prosedurları şəffaf olmalıdır. Bununla əlaqədar, səhmdarlar Müşahidə Şurası üzvlüyünə namizədlikləri irəli sürülən şəxslər haqqında dolğun məlumatla təmin olunmalıdırlar. Eyni zamanda, səhmdarlara Müşahidə Şurası üzvlüyünə namizədləri irəli sürmək imkanı yaradılmalıdır. Şura üzvlüyünə seçkilərin keçirilməsi zamanı bir yerə bir neçə namizədin irəli sürülməsi məqsədəuyğundur. Belə prosedur namizədlər arasında müqayisə imkanını yaratmaqla, ən layiqli namizədin seçilməsinə şərait yaradacaqdır. Səhmdarların mənafeyi baxımından Müşahidə Şurası üzvlüyünə namizəd, ilk növbədə, onlar tərəfindən irəli sürülməlidir. Bu vaxt cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə Şura üzvlüyünə namizəd irəli sürmək hüququnu verən səhm zərfinin həcmi müəyyən edilməlidir. Müşahidə Şurası tərəfindən də namizədlərin irəli sürülməsi həyata keçirilə bilər. Bununla əlaqədar Müşahidə Şurası üzvünün səlahiyyət müddəti bitdikdə, onun səlahiyyət dövründəki fəaliyyətinin təhlil olunaraq qiymətləndirilməsi və bunun əsasında onun yeni müddətə seçilib-seçilməməsi barədə tərtib olunmuş arayış baxılmaq üçün Müşahidə Şurası tərəfindən Ümumi Yığıncağa təqdim edilə bilər. Müşahidə Şurasının fəaliyyətində şəffaflığı və hesabatlılığı təmin etmək baxımından Müşahidə Şurası üzvünün geri çağırılması proseduru və hallarının cəmiyyətin nizamnaməsində və ya daxili sənədlərində nəzərdə tutulması vacibdir.