5.2. ÜMUMİ YIĞINCAĞA HAZIRLIQ 5.2.1. Ümumi Yığıncağa hazırlıq mərhələsi Ümumi Yığıncağın qanunvericiliyin tələblərinə və səhmdarların mənafelərinə uyğun şəkildə keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Qeyd edilən tələblərin təmin edilməsi istiqamətində aşağıdakı məsələlər vacib hesab edilir: - səhmdarların, eləcə də səhmlərin nominal saxlayıcıların dəqiq siyahısının müəyyən edilməsi; - səhmdarların, eləcə də səhmlərin nominal saxlayıcıların vaxtında məlumatlandırılması; - səhmdarlara Ümumi Yığıncaqda müzakirə ediləcək məsələlərlə tanış olmaq imkanının yaradılması. 5.2.2. Bununla əlaqədar Müşahidə Şurası və ya icra orqanı öz səlahiyyətləri daxilində aşağıdakı hərəkətlərin yerinə yetirilməsini təmin etməlidir: - Ümumi Yığıncağın gündəliyini hazırlamaq və təsdiq etmək; - Ümumi Yığıncağın keçirilmə tarixini, vaxtını və yerini müəyyən etmək; - cəmiyyətin səhmdarlarının reyestrinə əsasən Ümumi Yığıncaqda iştirak etmək hüququ olan şəxslərin siyahısını tərtib etmək; - Ümumi Yığıncağın çağırılması barədə səhmdarlara bildirişlərin göndərilməsi qaydalarını müəyyən etmək; - Ümumi Yığıncağın gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı səhmdarlara təqdim ediləcək müvafiq sənəd və materialların siyahısını hazırlamaq; - gündəlikdəki məsələləri özündə əks etdirən səsvermə bülletenlərini tərtib etmək; - səhmdarlara və Ümumi Yığıncaqda iştirak etməsi nəzərdə tutulan digər şəxslərə bildirişlərin, sənəd və materialların çatdırılmasını təşkil etmək. 5.2.3.Ümumi Yığıncaqda müzakirə ediləcək məsələlər gündəlikdə açıq-aydın, təfsilatı ilə qeyd edilməlidir. Gündəlikdə “digər”, “sair”, “müxtəlif” və başqa qeyri-müəyyən xarakterli sözlərdən istifadə edilməməlidir. 5.2.4. Səhmdarlar Ümumi Yığıncaqda müzakirə ediləcək məsələlər barədə ətraflı məlumatlarla təmin olunmalı və onlara müzakirə ediləcək məsələlərlə tanış olmaq imkanı yaradılmalıdır. Bu məqsədlə səhmdarlara ünvanlanan bildirişə Ümumi Yığıncağın gündəliyi, gündəliyə daxil edilmiş məsələlər ilə bağlı səhmdarlara təqdim ediləcək müvafiq sənəd və materiallar əlavə olunmalı və ya həmin materiallarla tanış olmaq üsulu (məsələn: cəmiyyətin internet saytında yerləşdirilməsi və s.) göstərilməlidir. 5.2.5. Bildirişlərin müvafiq ünvanlara mümkün qədər tez çatdırılması səhmdarların Ümumi Yığıncaqda iştirakına daha yaxşı hazır olmaları üçün imkan yaradır. Bu baxımdan, bildirişlər sifarişli poçt və ya cəmiyyətin əməkdaşları vasitəsi ilə çatdırıla bilər. 5.2.6. Cəmiyyətin nizamnamə kapitalında ən azı 5 (beş) faiz səsli səhmlərə (və ya paya) malik olan səhmdarlara Ümumi Yığıncağın gündəliyinə əlavə məsələləri daxil etmək imkanı yaradılmalıdır. Cəmiyyətin nizamnamə kapitalında 5 (beş) faizdan az səsli səhmlərə (və ya paya) malik olan səhmdarlara Ümumi Yığıncağın gündəliyinə təkliflərinin verilməsi imkanı yaradılmalıdır. 5.2.7. Təkliflərin təqdim edilməsinin son tarixi, təkliflərə baxılması və onların gündəliyə daxil edilməsi qaydası cəmiyyətin Ümumi Yığıncaq haqqında əsasnaməsində müəyyən edilməlidir. Təkliflərin verilməsinin və baxılmasının son tarixi müəyyən edilərkən, səhmdarlara gündəliyin yekun variantı ilə tanış olmaq üçün vaxt verilməsi imkanı nəzərə alınmalıdır. Eyni zamanda, səhmdarlara gündəliyin yekun variantı ilə tanış olmaq imkanı yaradılmalıdır.