DİREKTORLAR ŞURASI TƏSİSÇİLƏR ABŞ modeli: Anqlo-amerikan modeli ABŞ, Böyük Britaniya, Kanada və digər ölkələr üçün xarakterikdir. İngilis-amerikan modeli monizm (vahidlik) prinsipinə əsaslanır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, təsərrüfat-cəmiyyətlərində (şirkətlərdə) təşkilati-sərəncamverici və nəzarət funksiyalarını vahid bir orqan - Direktorlar Şurası həyata keçirir. Ümumiyyətlə, bu modeldə iki pilləli idarəetmə mövcuddur: a) Ümumi Yığıncaq. b) Direktorlar Şurası. Direktorlar Şurası özündə iki orqanı birləşdirir. Belə ki, təşkilati-sərəncamverici funksiyanı icra orqanı (icraçı direktorlar), nəzarət funksiyasını isə müstəqil direktorlar həyata keçirir. Bu modeldə idarəetmə orqanı olan Direktorlar Şurası öz əlində həm “Nəzarət”, həm də “İdarəetmə” funksiyalarını cəmləşdirir. Hər iki funksiyanın lazımi şəkildə icra olunmasını təmin etmək məqsədilə Direktorlar Şurası idarəedici direktorlardan təşkil olunur ki, onlar da həm idarəedən, həm də nəzarət edən müstəqil direktorlar və strateqlər rolunda çıxış edirlər. Bu məqsədlə də Direktorlar Şurasında 2 cür komitə yaradılır: 1. Əməliyyat komitəsi (məsələn, idarəetmə, maliyyə, strateji) – menecmentə konsultasiyalar verən icraçı direktorlardan təşkil olunur. Əməliyyat komitələrinin əsas funksiyası – qərarların icrası prosesi ilə onların icrasına nəzarəti Direktorlar Şurasında birləşdirməkdir; 2. Nəzarət komitəsi (məsələn, auditor xidməti, təyinatlar, mükafatlandırmalar) – qanunvericilik və hesabat vermə tələblərinə əməl etmək məqsədilə müstəqil direktorlardan yaradılır. Bu nəzarət komitələrinin əsas funksiyası – qərarların qəbul olunması və onların icrasına nəzarət proseslərini bir-birindən fərqləndirməkdir. İngilis-amerikan modeli daha çox səhmdarların maliyyə maraqlarının ödənilməsinə istiqamətlənmişdir. Digər maraqlı tərəflər korporativ idarəetmədə praktiki olaraq təmsil olunmamışdırlar. Alman-holland modelində isə ağırlıq mərkəzi bütün maraqlı tərəflərin maraqları və qarşılıqlı məsuliyyətləri arasında balansın qorunması əsasında qurulmuşdur.Hesab edilir ki, ingilis-amerikan modeli şirkətə dinamiklik, alman-holland modeli isə davamlılıq qazandırır. Yəqin ki, ABŞ-da səhmdar mülkiyyət sisteminin ən gözəçarpan cəhəti korporasiyalarda iri, digərlərindən üstün investorların olmamasıdır. Amerika şirkətlərinin səhmdar kapitalı əhəmiyyətli dərəcədə xırdalanıb. Şirkətlərin əksəriyyətinin reyestrində ümumi kapitalın bir faizindən çox payı olan fərdi və ya institusional səhmdar yoxdur. 1988-ci ildə Amerikanın əlli iri korporasiyasından yalnız səkkizinin siyahısında səhmdar kapitalın beş və beşdən çox faizinə malik olan sahibkar vardı. Nəticədə, səhmdarların heç bir qrupu direktorlar şurasında xüsusi nümayəndəlik iddiasında deyildi.Məsələ təkcə ABŞ-da səhmdar kapitalın yüksək dərəcədə xırdalanmasında deyil, fərdi investorlara məxsus olmayan kapitalın təqaüd və qarşılıqlı fondlarda cəmləşməsindədir . Hazırki zamanda səhmdar kapitalın əlli faizindən çoxunu özündə cəmləşdirən belə institusional investorlar daha çox maliyyə menecerləri simasında çıxış etməyə meyllidirlər. Onlar direktorlar şurasında təmsilçiliyə can atmırlar və bir qayda olaraq, səhmlərinin iri zərfinə malik olduqları şirkətlərə görə, mülkiyyət hüquqlarından törəyən məsuliyyətdən boyun qaçırırlar. Səhmdar kapitalın yüksək dərəcədə xırdalanması (hər biri korporativ kapitalın cüzi payına sahib olan çoxsaylı investorların mövcudluğu) şirkətin fəaliyyətinə nəzarətin sahibkarlar tərəfindən həyata keçirilməsinə maneə olduğu halda, elə o özü də onlara «ayaqla səs vermək», yəni sadəcə olaraq səhmlərini satmaq imkanını verir. Halbuki iri investor üçün bu addımı atmaq, o qədər də asan deyildir. Bazar iqtisadiyyatı çərçivəsində iri səhm zərflərinin satışa çıxarılması, səhmlərin kurs dəyərinin enməsi ilə müşayiət olunur və nəticədə satıcıya böyük zərər dəyir. Bu səbəbdən, iri zərf sahibləri səhmlərindən asanlıqla azad ola bilmir. Elə buna görə də iri səhmdarlar korporasiyanın səmərəli fəaliyyətində çox maraqlıdır və bu onlar üçün həm maraq və həm də zərurət obyektidir. Xırda investorlar isə səhmlərinin satılması («tərk etmə») ilə daxili nəzarət sistemində iştirak («səsvermə») arasında seçim edə bilər. Səhmdarların kütləvi «tərketmə»si təhlükəsi menecerlər üzərində çox ciddi nəzarət mexanizmidir, çünki o, yeni kapitalın alınmasının məsrəflərini mühüm dərəcədə artırır və eləcə də korporativ nəzarət bazarının fəallaşmasına təkan verir. Belə təhlükə yalnız səmərəli maliyyə bazarı şəraitində təsirli ola bilər. Amerika maliyyə bazarının genişliyi və səmərəliliyi isə, ona menecerlərin fəaliyyətinə nəzarətdə mühüm rol oynamaq imkanını verir. Bazar şirkətlərin birləşdirilməsi, udulması, qəsb edilməsi və satın alınması vasitəsilə investorlara korporasiyanın aktivlərini öz nəzarəti altına götürmək imkanını verir. İdarəetmə heyətinin dəyişdirilməsi şərtində bu aktivlər daha yüksək mənfəət gətirə bilər. Bazarın nəzarət funksiyasını icra etməsi ciddi qanunvericilik normalarının mövcudluğu ilə çox bağlıdır və bu normalara görə, korporasiyalar öz maliyyə vəziyyətləri haqqında məlumatı açıq dərc etdirməyə məcburdurlar. Bu isə korporasiya fəaliyyətinin məqsədyönlü monitorinqinin və qiymətləndirilməsinin aparılmasına yardım edən müfəssəl məlumat mənbəyidir. Və nəhayət, ABŞ-ın iqtisadi sistemi millətin ümumi rifahının yüksəlməsi üçün özəl maraqların gerçəkləşdirilməsinin mühümlüyü haqqında amerikalıların dərin inamlarına möhkəm əsaslanır. Çox güman ki, dünyanın heç bir ölkəsində Adam Smitə məxsus olan məşhur «görünməz əl» məfkurəsinə bu qədər sitayiş edilmir. Amerikanın «ictimai saziş» konsepsiyası bazar mühiti şəraitində özəl marağın təmin olunmasında ümumi rifaha nail olmağın ən yaxşı üsulunu görür. Frederik Hayek qeyd edib ki, «iri müəssisənin menecmenti qərarların qəbulu zamanı ictimai və ya sosial maraq kəsb edən hər şeyin nəzərə alınmasını özünün sadəcə hüququ yox, öhdəliyi hesab etdiyi andan başlayaraq o, həqiqətən də qeyri-məhdud hakimiyyətə malik olur».