İstehsal-texniki təyinatlı məhsullar bazarının seqmentləşdirilməsinin obyektiv meyarları. İstehsal-texniki təyinatlı məhsullar bazarında obyektiv seqmentləşdirmə meyarlarından ən çox istifadə olunanı coğrafi, iqtisadi və texnoloji meyarlardır.
Coğrafi seqmentləşdirmə də istehsal-texniki təyinatlı məhsullar bazarı müxtəlif ölkələrə, rayonlara, zonalara və şəhərlərə bölünür. İstehsalçı müəssisələr ya xammal mənbələrinə, ya da istehlak rayonlarına yaxın yerləşdirildiyindən onların inzibati-coğrafi əlamətə görə seqmentləşdirilməsi bu müəssisələrin tələbatlarında və məhsullarının satışında oxşar əlamətlər mövcuddur. Buna görə də həmin müəssisələr üçün eyni, oxşar marketinq komplekslərindən və strategiyasından istifadə etmək olar.
İstehsal-texniki məhsulların coğrafi seqmentləşdirilməsində istifadə olunan digər əlamət müəssisələrin ərazi üzrə yerləşmə sıxlığı səviyyəsidir. Bu əlamətə görə müəssisələrin sıxlıq səviyyəsi yüksək, orta və zəif olan seqmentlərə bölmək olar. Məsələn, respublikamızda neft maşınqayırma müəssisələri əsasən Bakı şəhərində, kimya müəssisələri Sumqayıt şəhərində yerləşir. Bu sahələrin hər birinə daxil olan müəssisələrin istehlak etdikləri məhsulların nomenklaturası təxminən eyni olduğundan və ərazicə sıx yerləşdiyindən bu bazarda birbaşa satış metodlarından istifadə etmək daha məqsədəuyğundur.
İqtisadi meyarlara görə seqmentləşdirmədə istehsal-texniki təyinatlı məhsullar bazarı mülkiyyət formasına, fəaliyyətin məqsədinə, milli iqtisadiyyatın sahələrinə, fəaliyyətin həcminə, maliyyə vəziyyətinə və s. əlamətlərə görə seqmentlərə bölünür.
Mülkiyyət formasına görə bazarın seqmentləşdirilməsində müəssisələr dövlət, özəl, kollektiv, müştərək və xarici ölkələrə məxsus müəssisələr seqmentlərinə bölünür. Bu müəssisələrin məhsulun qiymətinə, keyfiyyətinə, bölüşdürmə kanallarına münasibəti və onların məhsulların alınmasına dair qərarlar qəbul etməsi prosesi bir-birindən fərqləndiyindən həmin bazarlar üçün müxtəlif marketinq strategiyası və taktikası tərtib olunur. Məsələn, xarici ölkələrə məxsus müəssisələrdə istehsal texnologiyası və texnikasının, habelə istehsal mədəniyyətinin səviyyəsi yüksək olduğundan onların istehsal-texniki məhsulların keyfiyyətinə tələbatı çox yüksək olur. Bununla əlaqədar olaraq bu müəssisələr üçün hazırlanan məhsul siyasəti digərlərindən fərqlənməlidir, burada əsas diqqət məhsulun keyfiyyətinə və texniki-istismar parametrlərinə verilməlidir.
Fəaliyyətin məqsədinə görə bazarın seqmentləşdirilməsində istehlakçı müəssisələr fəaliyyətinin məqsədi gəlir əldə etmək olan müəssisələrə, qeyri- kommersiya müəssisələrinə və dövlət idarələrinə bölünürlər. Bu müəssisələr alış motivlərinə və davranış tərzinə, maliyyələşdirmə mənbələrinə və s. görə bir-birindən fərqlənir. Məsələn, dövlət idarələri (bura dövlət hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları və s. aiddir) büdcədən maliyyələşdiyindən və onların fəaliyyəti üzərində ciddi dövlət nəzarəti olduğundan, habelə istehsal-texniki təyinatlı məhsulları öz funksiyalarını yerinə yetirmək məqsədilə aldığından onlar üçün həlledici amil məhsulun qiymətidir, burada məhsulun keyfiyyəti ikinci dərəcəli rol oynayır. Bu bazarda məhsul nomenklaturası məhduddur və əsasən ofis mebellərindən, dəftərxana ləvazimatlarından ibarətdir.
Milli iqtisadiyyatın sahələrinə görə seqmentləşdirmədə istehlakçılar sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, elm və təhsil, ticarət və səhiyyə müəssisələri seqmentinə bölünür. Qeyd etmək lazımdır ki, bu seqmentlər subseqmentlərə bölünə bilər. Məsələn, sənaye müəssisələri maşınqayırma, yüngül, yeyinti, elektrotexniki və s. sənaye sahələrinə bölünür. Bu istehlakçılar öz fəaliyyətini həyata keçirmək üçün müəyyən istehlak xüsusiyyətlərinə və qiymətə malik olan müxtəlif məhsullar, xüsusi bölüşdürmə sistemi, satış strategiyası və s. tələb edirlər. Məsələn, sənaye müəssisələri ən çox texnika, avadanlıq və cihazlar istifadə edən istehlakçılardır. Buna görə də bu seqmentdə servis xidmətinin təşkili və keyfiyyəti, fərdi satış sisteminin tətbiqi və ehtiyat hissələri ilə təmin edilmə səviyyəsi xüsusi əhəmiyyət kəsb edir.
Müəssisələrin fəaliyyətinin həcminə görə seqmentləşdirmədə istehlakçılar dövriyyəsinin həcminə görə seqmentlərə bölünür. Bu əlamətə görə istehlakçılar iri, orta və kiçik müəssisələrə bölünür. İri istehlakçılar böyük partiyalarla məhsul istehlak etdiyindən istehsalçıdan daha çox qiymət güzəştləri tələb edirlər, fərdi satış formasından istifadə edirlər və marketinq kommunikasiyasının yarmarkalar, sərgilər formasına və prospektlər hazırlanmasına daha çox üstünlük verirlər.
Maliyyə vəziyyəti meyarına görə seqmentləşdirmədə istehlakçılar yüksək maliyyə stabilliyinə, orta maliyyə stabilliyinə, qismən maliyyə stabilliyinə və maliyyə stabilliyi olmayan müəssisələrə bölünürlər. Yüksək maliyyə stabilliyinə malik olan müəssisələrin davranışı, məhsulun istehlak xüsusiyyətlərinə olan tələbləri və s. o biri seqmentlərdən fərqlənir. Buna görə də istehsalçı həmin müəssisələr üçün digər seqmentlərə nisbətən fərqli marketinq strategiyası, xüsusən də müxtəlif ödəniş sistemi tətbiq etməlidirlər. Məsələn, istehsalçı yüksək maliyyə stabilliyinə malik olan müəssisələr kreditlə məhsul satışı praktikasından istifadə etdiyindən və ya məhsulun dəyərini vaxtlı-vaxtında ödədiyindən qiymət güzəştləri sistemindən istifadə edə bilər, onlarla əlaqələrin daima olması üçün tədbirlər həyata keçirə bilər. Maliyyə vəziyyəti qeyri stabil olan müəssisələr üçün, əksinə, nəğd ödəniş forması tətbiq edə və ya onların səhm nəzarət paketini ələ keçirməyə çalışa bilər.
Dostları ilə paylaş: |