Marketinqdə istifadə edilən əsas anlayışlara aşağıdakılar aiddir.
Ehtiyac insanın yaşaması və fəaliyyət göstərməsi üçün nəyinsə çatışmadığını hiss etməsi, duymasıdır. Ehtiyac maddi ehtiyaclara (məsələn, yeməyə, paltara, istiliyə və s. olan ehtiyaclar) və mənəvi ehtiyaclara (məsələn, ünsiyyətə, biliyə və özünü təsdiqə olan ehtiyaclar) bölünürlər. Marketinqdə əsas diqqət maddi ehtiyaclara yönəlir. Ehtiyaclar insanın təbiəti ilə bağlıdır.
Tələbat insanın dünyagörüşünə, şəxsiyyətinə, həyat tərzinə və s. xüsusiyyətlərinə uyğun olaraq spesifik forma alan və ödənilməsi zəruri olan ehtiyaclardır. İnsanlar qeyd edilən xüsusiyyətlərdən asılı olaraq özlərinin ehtiyaclarını müxtəlif məhsullara tələbata transformasiya edirlər. Məsələn, bir qrup insan özünün yeməyə olan ehtiyacını bir fincan kofe, digər qrup insanlar isə müəyyən xörəklərlə təmin edə bilirlər.
Tələbə 2 cür tərif vermək olar. 1) alıcılıq qabiliyyəti olan tələbatlar və ya 2) tələbatın ödənilməsi üçün həyata keçirilən konkret fəaliyyətdir. Tələbə verilən ikinci tərif onunla əlaqədardır ki, insanlar özlərinin tələbatını yalnız əvəzinə nə isə ödədiyi məhsullar hesabına deyil, həm də təbiət tərəfindən hazır şəkildə verilən məhsullar hesabına da ödəyə bilir. Məsələn, insan suya olan tələbatını bulaqdan su içməklə və ya yeməyə olan tələbatını ov ovlamaqla da ödəyə bilər.
Məhsul təbiət tərəfindən hazır şəkildə verilən və (və ya) insan əməyilə yaradılan və istehlakçının hər hansı tələbatını ödəmək məqsədilə bazara təklif edilən bütün predmetlərdir, maddi nemətlərdir.
Sövdələşmə ən azı iki tərəfin marağını və onlar arasında saziş şərtlərini, onun realizasiya vaxtını və yerini nəzərdə tutan ticarət əməliyyatıdır
Mübadilə bazar subyektləri tərəfindən bazara təklif edilən məhsulların (xidmətlərin) mülkiyyət və ya sərəncam vermək hüququnun dəyişdirilməsi üçün zəruri olan sövdələşmənin həyata keçirilməsi prosesidir.
7) Bazar hər hansı bir tələbatını ödəmək və ya problemini həll etmək məqsədilə məhsul alan alıcıların və həmin tələbatı ödəmək (problemi həll etmək) üçün bazara məhsul təklif edən satıcıların (istehsalçıların və ya vasitəçilərin) məcmusu və ya məhsulların mübadiləsinin və ya sövdələşməsinin həyata keçirildiyi yer, məkandır.