11.4. Marketinq bölməsinin müəssisənin digər şöbə və bölmələri ilə əlaqəsi
Marketinq bölməsinin istehsal-texniki şöbə ilə qarşılıqlı əlaqəsi. Bu bölmələr arasındakı əlaqələrin xarakteri və istiqaməti istehsal edilən və gələcəkdə istehsal ediləcək məhsulların bazarın, istehlakçıların tələbatına uyğunlaşdırılması zəruriliyindən irəli gəlir. Buna uyğun olaraq marketinq xidmətilə istehsal-texniki bölmənin qarşılıqlı əlaqəsi aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
1. İstehsal ediləcək məhsul çeşidinin müəyyənləşdirilməsi. Marketinq bölməsi istehsal ediləcək məhsul çeşidinə dair təkliflər hazırlayır və onları istehsal-texniki şöbəyə təqdim edir. İstehsal-texniki şöbə isə verilmiş təklifləri təhlil edir, məhsulun çertyojlarını, eskizlərini və nümunələrini hazırlayır, məhsulun müəssisəyə neçəyə başa gələcəyini müəyyənləşdirir və bunların əsasında müəssisənin məhsul çeşidinə dair birgə qərar qəbul edir.
Məhsul çeşidilə istehsal güclərinin uyğunlaşdırılması. Həm marketinq, həm də istehsal-texniki şöbənin işçiləri mövcud istehsal güclərinin tam yüklənməsini təmin etməyə çalışmalıdırlar və buna görə də mənafeləri uyğun gəlmədikdə kompromisə getməlidirlər.
Müəssisənin istehsalat sahəsindəki təcrübəsindən və mühəndis-texniki heyətin biliyindən istifadə edilməsi. Digər amillərin bərabərliyi şəraitində ənənəvi, işçi heyətinin bilik və təcrübəsinin imkan verdiyi məhsullar istehsalına üstünlük verilməlidir.
Standartlaşdırma. Həm marketinq, həm də istehsal-texniki şöbənin işçiləri istehlakçıların tələbatının ödənilməsini təmin edən yeni və ənənəvi məhsulların istehsalı zamanı standart komponentlərdən, materiallardan, texnologiyadan və s. istifadə edilməsi üzrə axtarışlar aparmalı, tədbirlər hazırlamalı və həyata keçirməlidirlər.
Məhsulun keyfiyyəti.
Texniki tədqiqatların aparılması.
Marketinq xidmətinin plan-iqtisad şöbəsilə qarşılıqlı əlaqəsi. Bu struktur bölmələri arasındakı qarışılıqlı əlaqələrin istiqaməti və xarakteri planlaşdırma sahəsində əməkadaşlığın xarakterilə müəyyən edilir. Müəssisənin marketinq bölməsi aparılmış marketinq tədqiqatlarının nəticələrini və müəssisənin inkişafına dair təklif və tövsiyələrini, gələcəkdə istehsal edilməsi planlaşdırılan məhsulların çeşidini və marketinq fəaliyyətinə aid olan digər məlumatları; bütünlükdə müəssisə, həmçinin onun ayrı-ayrı strateji təsərrüfat vahidləri və məhsulları üzrə tərtib etdikləri strateji və illik marketinq planlarını və bu planlara dəyişiklikləri plan-iqtisad şöbəsinə təqdim edir və onlarla birlikdə müəssisənin fəaliyyətinin planlaşdırılması üçün zəruri olan informasiyanı toplayır və ümumiləşdirir və müəssisənin inkişaf perspektivlərini müəyyənləşdirirlər.
Marketinq xidmətinin mühasibat-maliyyə şöbəsilə qarşılıqlı əlaqəsi. Marketinq bölməsi marketinq fəaliyyətinin həyata keçirilməsilə əlaqədar olan xərcləri hesablayır, bütünlükdə müəssisə, onun ayrı-ayrı strateji təsərrüfat vahidləri və məhsullar üzrə marketinq büdcəsini (smetasını) tərtib edir, satışdan əldə ediləcək mənfəətin məbləğini müəyyən edir və marketinqin maliyyələşdirilməsinə aid digər sənədləri hazırlayır, marketinq xərclərinin, məhsul satışının, gəlirlərin və mənfəətin uçotunu aparır, mənfəətlə xərclərin və mənfəətlə satışın həcmini müqayisə edir, gəlirlər və ziyan balansı tərtib edir və bu sənədləri rəhbərliyə təqdim edirlər.
Mühasibat-maliyyə şöbəsi isə marketinq fəaliyyətinin maliyyələşdirilməsini həyata keçirir, onun üçün maliyyə vəsaitləri ayırır, marketinq fəaliyyətinə çəkilən xərclərin mühasibat və operativ uçotunu aparır, vəsaitlərin xərclənməsi üzərində nəzarət edir, marketinq xidməti tərəfindən tərtib edilmiş gəlirlər və ziyanlar balansını müəssisənin balansının tərtib edilməsində nəzərə alır. Bundan başqa mühasibat-maliyyə şöbəsi maliyyələşdirmə, mühasibat və operativ uçotun təşkili və aparılmasına dair marketinq xidməti işçilərinə tövsiyələr və məsləhətlər verir və s.
Marketinq bölməsinin hüquq şöbəsilə qarşılıqlı əlaqəsi.Hüquq şöbəsinin işçiləri marketinq bölməsi ilə birlikdə müəyyən fəaliyyət növlərinin həyata keçirilməsində, xüsusən də idxal-ixrac əməliyyatlarının yerinə yetirilməsində, məhsulgöndərmələrə dair müqavilələrin bağlanmasında iştirak edir; marketinq bölməsini maraqlandıran qanunların, qanunvericilik aktlarının və hüquq normaların tələblərini və onların tətbiqi qaydalarını onlara izah edir və marketinq xidməti işçilərinin hüquqi savadının artırılması üzrə tədbirlər həyata keçirir və müəyyən məsələlər üzrə onlara məsləhət və tövsiyələr verirlər.
Marketinq bölməsi isə hüquq şöbəsinin işçilərinə marketinq fəaliyyətinə dair izahlar və məsləhətlər verirlər.
Marketinq xidmətinin kadrlar şöbəsilə qarşılıqlı əlaqəsi. Marketinq bölməsi kadrlar şöbəsi ilə birlikdə ştat cədvəlini və hər bir ştatın vəzifə təlimatlarını hazırlayır, onların səlahiyyət və məsuliyyətini müəyyən edir, yüksək ixtisasa və biliklərə, istehlakçı ilə ünsiyyət yaratmaq bacarığına malik olan işçilər axtarır, onlarla sorğular aparır, onları müxtəlif testlərdən keçirir və bunların nəticəsindən asılı olaraq onları işə qəbul edir, onları təlimatlandırırlar, işçilərinin ixtisasının artırılmasına və yeni ixtisaslara yiyələnməsi üzrə tədbirlər hazırlayır və həyata keçirirlər, işçilərin mükafatlandırılması və vəzifələrinin artırılmasına dair rəhbərliyə təkliflər verirlər.
Müəssisənin marketinq xidməti kadrlar şöbəsinə kadrlara olan tələbat haqqında, marketinq fəaliyyətinin xarakteri və xüsusiyyətləri, bu sahədə işləyən mütəxəssislərin ixtisaslarına, bilik və bacarıqlarına, hansı işləri yerinə yetirəcəyi haqda məlumatlar verir və bu sahədə onların biliklərinin artırılması üzrə tədbirlər həyata keçirirlər.
Dostları ilə paylaş: |