Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari
Plan:
1.1. Marketinq konsepsiyasının mahiyyəti və təkamülü
1.2. Marketinqin istifadə edilən əsas anlayışları
1.3. Marketinqin formaları və onların mahiyyəti
1.3. Marketinqin məqsədi, funksiyaları və prinsipləri
1.1. Marketinq konsepsiyasının mahiyyəti və təkamülü
Marketinqin bütün fəaliyyət sahələrində tətbiq edilməsinə baxmayaraq onun mütəxəssislər tərəfindən yekdil qəbul edilən ümumi tərifi yoxdur. Belə ki, mütəxəssislər marketinqin mahiyyətini, məzmununu və yerinə yetirdiyi funksiyaları müxtəlif cür izah edirlər. Bu baxımdan mütəxəssisləri üç qrupa bölmək olar.
Birinci qrup mütəxəssislər marketinqi məhsul və xidmətlərin istehsalçılardan istehlakçılara çatdırılması kimi izah edirlər. Marketinqin mahiyyətinin bu cür izah edilməsi onun tətbiq edildiyi fəaliyyət sahələrini tam əhatə etmir onun əhatə dairəsini mübadilə ilə məhdudlaşdırır və demək olar ki, onu ticarətlə eyniləşdirir.
İkinci qrup mütəxəssislər marketinqi istehlakçıların tələbatının ödənilməsinə yönəldilmiş sahibkarlıq fəaliyyəti, müəssisənin fəaiyyətinin müxtəlif funksiyalarının məcmusu kimi izah edirlər. Amerika marketşünasları C. R. Evans və B. Berman marketinqi «məhsullara, xidmətlərə, insanlara, ərazilərə və ideyalara olan tələbatın aşkar edilməsi, idarə edilməsi və mübadilə vasitəsilə ödənilməsi prosesi» kimi izah edirlər
Jan-Jak Lamben göstərir ki, «marketinq azad və rəqabətli mübadilə vasitəsilə fərdlərin və təşkilatların tələbatlarının və istəklərinin ödənilməsinə yönəldilən, istehlakçı üçün dəyərlər formalaşdıran sosial prosesdir» .
Bu yanaşmanın digər nümayəndələri İ. L. Akuliç və E. V. Demçenko marketinqi «konkret ehtiyac və tələbatların ödənilməsi üçün daha effektli mübadiləyə nail olmaq məqsədilə həyata keçirilən bazar fəaliyyəti» kimi xarakterizə edirlər .
Marketinqin məzmununun bu cür izahı onun tətbiq edildiyi fəaliyyət növlərini, həyata keçirdiyi funksiyaları və tədbirləri xeyli genişləndirir və hal-hazırki mahiyyətinə daha çox uyğun gəlir. Belə ki, bu yanaşmada marketinq yalnız məhsul və xidmətlərlə, məhsulların və xidmətlərin tədavülü, fiziki yerdəyişməsi prosesilə məhdudlaşmır. Bunlarla yanaşı o, qeyri-kommersiya və digər təşkilatların və şəxslərin fəaliyyətini də nəzərə alır, həmçinin məhsullara tələbatın aşkar edilməsi, onların yaradılması və satışı, onlara qiymət qoyulması prosesini də əhatə edir.
Üçüncü qrup mütəxəssislər marketinqi müəssisələrin istehsal-satış fəaliyyətinin idarə edilməsi funksiyası kimi izah edirlər.
Yuxarıda deyilənləri ümumiləşdirərək belə nəticəyə gələ bilərik ki, marketinq müəssisənin (təşkilatın) və ayrı-ayrı şəxslərin mənfəət (fayda) əldə etmək və ya qarşısına qoyduğu digər məqsədə (məqsədlərə) nail olmaq naminə istehlakçının tələbatlarının, problemlərinin öyrənilməsinə və bu tələbatların ödənilməsinə yönəldilmiş fəaliyyətdir.
Marketinq tələbatların öyrənilməsi və ödənilməsilə yanaşı, həm də tələbatın formalaşdırılması və stimullaşdırılmasını da həyata keçirir.
Marketinq konsepsiyası öz inkişafında 1) istehsalın təkmilləşdirilməsi;
2) məhsulların təkmilləşdirilməsi; 3) kommersiya amillərinin intensivləşdirilməsi; 4) istehlakçının marketinqi və 5) sosial-etik marketinq.
Bu konsepsiyanın mahiyyətini müəssisənin istehsal güclərinin imkan verdiyi məhsulların istehsalı, istehsal prosesinin təşkilini təkmilləşdirməklə onların qiymətinin aşağı salınması və bunun sayəsində rəqabət üstünlüyünün əldə edilməsi və satışın həcminin artırılması təşkil edir.
Bu konsepsiyaya görə istehlakçılar keyfiyyəti və texniki-istismar parametrləri yüksək olan məhsullara üstünlük verirlər və onları almağa çalışırlar. Buna görə də istehsalçılar daim məhsulun texniki-istismar parametrlərini yaxşılaşdırmağa, keyfiyyətini yüksəltməyə, onun yeni istifadə sahələrinin aşkar edilməsinə diqqət yetirir, bunun sayəsində satışın həcmini və əldə ediləcək mənfəətin məbləğini artırmağa çalışırlar.
III. Bu konsepsiyanın mahiyyəti və xarakterik xüsusiyyəti ondan ibarətdir ki, istehsalçılar rəqabət mübarizəsində və satışın həcminin artırılmasında istehsaldan kənar və qeyri-qiymət amillərindən: o, cümlədən məhsulların reklamı, satışın həvəsləndirilməsi, satış və bölüşdürmə şəbəkəsinin yaradılması, təkmilləşdirilməsi və istehlakçılara təsir etmənin digər amillərindən istifadə edirlər. Başqa sözlə desək, istehsalçının bazar fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi, bazarı ələ keçirmək və tələbat yaratmaq imkanları kommersiya amilləri və onların intensivləşdirilməsilə əlaqələndirilirdi.
Marketinqin qeyd edilən 3 konsepsiyaları iqtisadi ədəbiyyatda satış konsepsiyası da adlandırılır.
IV. konsepsiyanın mahiyyətini bazarın, istehlakçının tələbatının, alış motivlərinin və davranışının öyrənilməsi, bu tələbatı rəqib müəssisələrə nisbətən daha dolğun ödəyə bilən məhsulların istehsal edilməsi, müəssisənin resurslarının və imkanlarının bazarın tələbatına daha effektli uyğunlaşdırıla bilməsi ideyası təşkil edir.
V. konsepsiya marketinq fəaliyyətinin cəmiyyət tərəfindən qəbul edilmiş sosial-etik və ekoloji normalara və standartlara əməl etməklə, həmçinin istehlakçının, müəssisənin və bütünlükdə cəmiyyətin mənafeyini uzlaşdırmaqla həyata keçirilməsini nəzərdə tutur.
Marketinq və satış konsepsiyalarının fərqləndirici xüsusiyyətləri. Marketinq konsepsiyası ilə satış konsepsiyasının fərqini T.Levitt belə izah edir: «Marketinq məhsulların və xidmətlərin bazara çıxarılmasından daha geniş anlayışdır. Məhsulların və xidmətlərin bazara çıxarılması bilavasitə satışın vəzifəsidir. Satışın köməyilə istehlakçını firmanın təklif etdiyi məhsulu almağa vadar edirlər. Marketinq vasitəsilə firmanı istehlakçının arzu etdiyi şeyi etməyə məcbur edirlər.
Beləliklə, satış geniş mənada, birtərəfli prosesdir. Firmanın fikrincə, onun (yəni, firmanın) məqsədi istehlakçıların mütləq almalı olduğu məhsulu təklif etməkdir. Marketinq isə ikitərəfli prosesdir. O, firmaya zəruri məhsulların və xidmətlərin hazırlanması və təklif edilməsi haqqında qərar qəbul edilməsi üçün istehlakçıların arzu və istəklərinə dair informasiya verir. Həm də bu zaman firma digər funksiyaları da - qiymətin müəyyən edilməsi, qablaşdırma, xidmət göstərilməsi, reklam və məhsulların istehlakçıya çatdırılması funksiyalarını da - yerinə yetirməlidir».1
Yuxarıda qeyd edilənlərin əsasında belə nəticəyə gələ bilərik ki, marketinq konsepsiyası ilə satış konsepsiyasının fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:
marketinq konsepsiyasının ilkin, istinad nöqtəsi istehlakçıların ehtiyacları və tələbatlarıdır, satış konsepsiyasının ilkin, istinad nöqtəsi isə müəssisənin istehsal gücləri, onun istehsal edə biləcəyi məhsullardır;
marketinq konsepsiyasında müəssisə istehlakçının arzuladığı məhsulu, onun ehtiyac və tələbatına uyğun gələn məhsulu istehsal etməyə vadar edilir, satış konsepsiyasında isə bütün mümkün vasitələrlə müəssisənin istehsal etdiyi məhsulların realizasiyası həyata keçirilir, istehlakçı müəssisənin bazara təklif etdiyi məhsulu almağa təhrik edilir;
marketinq konsepsiyasında istehlakçılarla əks əlaqənin səviyyəsi çox yüksəkdir, bu konsepsiya ikitərəfli prosesdir, satış konsepsiyasında isə istehlakçılarla əks əlaqə ya ümumiyyətlə mövcud deyildir, ya da onun səiyyəsi olduqca aşağıdır;
marketinq konsepsiyası satış konsepsiyasına nisbətən daha çox tədbirlər sistemini özündə birləşdirir, satış prosesi marketinq kompleksinin bir elementidir;
marketinq və satış konsepsiyalarında müəssisənin fəaliyyət növlərinin xarakteri də bir-birindən fərqlənir.
Dostları ilə paylaş: |