Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 372,17 Kb.
səhifə28/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   24   25   26   27   28   29   30   31   ...   39
Nitq inkişafı (1)

Sözün çoxsa əgər çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın.
Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir:
Düşünüb, sonra de sözü müxtəsər,
O qədər danışma “bəsdir” desinlər.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən).
Sözlərin, ifadələrin lüzumsuz işlənməsi hallarına həm yazılı, həm də şifahi nitqdə təsadüf etmək mümkündür. Məsələn, dəmir seyf, cədvəl şəkli çəkmək, taksi maşın, ağ pambıq, yaradıcı inşa, tələffüzdə səslərin düzgün deyilməməsi ,hər addım başı beş manat pul, gənc oğlan, pensiya pulu, birgə əməkdaşlıq, yazılı nitqlə orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək kimi ifadələrdə dəmir, şəkil, maşın, birgə, pulu, ağ, yaradıcı, tələffüzdə, hər, yazılı nitqdə, pul, gənc sözlərini işlətməmək də olar. Yaxud: Məndə kitab oxumağa qarşı böyük həvəs var. Adamın ürəyi fərəh hissi ilə doludur. Yeganə yol havadan təyyarə və vertolyotla idi. Xüsusi hazırlığı olmayan adamlar burada çaşıb qalırdılar. Yanvar ayında istirahətə gedəcəyəm. Bu cümlələrin də birincisində qarşı, ikincisində hissi, üçüncüsündə havadan, dördüncüsündə adamlar, beşincisində ayında, sözləri atılsa, ifadə olunan mənaya heç bir xələl gəlməz, əksinə, nitqin yığcamlığı təmin olunar.
Sözçülük eyni fikrin müxtəlif cümlələrlə verilməsində də özünü göstərir. Məsələn; “Aydın nitqə malik olan adamlar həmişə və hər zaman qabaqcıl adamlar tərəfindən yüksək qiymətləndirilmiş və sevilmişdir. Lap qədimdən bəri öz dövrünün qabaqcıl adamları məzmunlu, obrazlı, aydın və təsirli nitqə malik olan adamlara böyük hörmət bəsləmişlər. Gözəl danışıq məharəti bütün dövrlərdə xüsusi bir keyfiyyət kimi qiymətləndirilib. Öz aydın, rəvan nitqi ilə müsahibində musiqinin oyadacağı qədər xoş təəssürat oyatmaq qabiliyyətini qədim afinalılar çox yüksək qiymətləndirmişlər”. Nitq mədəniyyətinə dair yazılmış bir məqalədən götürülən bu parça yığcamlıq baxımından, heç şübhəsiz ki, qüsurludur. Eyni sözü, ifadəni, fikri yersiz təkrar etmək, mətləbə dəxli olmayan məsələlərdən danışmaq, əhəmiyyətsiz, xırda cəhətləri geniş şərh etmək, söhbətə geniş giriş, müqəddimə vermək və s. nitqin yığcamlığına mənfi təsir edən səbəblərdir.
Səthi bilikli, məlumatlı adamların nitqində konkretlik, yığcamlıq, adətən, az olur. Onların nitqində ümumi fikirlər irəli sürülür, artıq, lüzumsuz təfərrüatlara yol verilir. Əşya və hadisələr barədə “yaxşıdır”, “maraqlıdır”, “bəzi qüsurlar vardır”, “material yaxşı mənimsənildi”, “əsər xoşuma gəldi” və s. kimi konkret fikirlərə, dəlil və sübutlara, faktlara əsaslanmayan rəylərə tez-tez təsadüf olunur. Prof.A.Abdullayev konkretlikdən məhrum olan nitq haqqında danışarkən göstərirdi ki, əşya və hadisə barədə “ümumiyyətlə” danışmaq, fikir irəli sürmək olmaz. Məşhur səhnə ustası K.S.Stanislavski “ümumiyyətlə” sözünü çox qeyri-müəy-yən, pis və dəhşətli söz adlandıraraq qeyd edir ki, bu sözdə çox böyük səliqəsizlik və qarışıqlıq vardır.
Qədim Yunanıstanda nitqin yığcamlığına xüsusi əhəmiyyət verilirdi. Plutarx nitqin gücündən danışarkən demişdir: “Nitqin gücü az sözlə çox şey söyləmək bacarığıdır”. Spartada yeniyetmələrə bir neçə sözlə çox şeyi ifadə etmək, cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi. Dövrün əfsanəvi qanunvericisi sayılan Likurq söz sikkəsini pul sikkə-sindən üstün tuturdu. O, istəyirdi ki, bir neçə sadə sözlə çox dərin məna ifadə olunsun. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı öyrənsələr, dərin mənalı cavab verməyə alışarlar. Nitqin yığcamlığı ilə bağlı Qədim Yunanıstanda “lakonik danışıq” anlayışı da yarandı. Sonralar spartalılar nitqin bu cəhətini daha da inkişaf etdirirlər. Makedoniya çarı Aleksandrın atası II Filipp bütün Yunanıstanı işğal etmək qərarına gələndə Sparta çarına məktub göndərmişdi ki, əgər müqavimətsiz təslim olmasanız, şəhərinizi kotanla şumlayacağam. Öz ultimatu-muna cavab gözləyən Filipp, nəhayət, oradan bir məktub alır və mətni görmədikdə heyrətlənir. Bu vaxt ona məktubda yazılan bircə sözü göstərirlər, bu, “əgər” sözü idi .
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.
Nitqin yığcamlığı, lakonikliyi natiqlik praktikasında xüsusi rol oynayır. Natiq “sözə sıxlıq, fikirlərə genişlik” prinsipini əsas götürərək geniş mətləbləri yığcam şəkildə, həyati faktlar, nümunələr əsasında ən zəruri söz və ifadələr işlətməklə dinləyicilərə çatdırmağı bacarmalıdır. Xalq şairi S.Vurğun trikotaj fabriki işçilərinin yığıncağında adamların yığcam, lakonik çıxışlarını dinlədikdən sonra demişdir: “Mən sözə çox qısa və yığcam danışan bu adamları dinlədikcə fərəhlənir və təəssüf edirəm ki, bir çoxlarının vaxtı sözçülüyə, uzun danışmağa sərf olunur. Axı, böyük arzuları, məqsədləri qısa sözlərlə də ifadə etmək olar”. Xüsusən, dərs prosesində müəllimin uzun-uzadı danışması ilə razılaşmaq olmaz. Bu, şagird və tələbələri yorur, onların fikri fəallığını zəiflədir. Belə müəllimlərin şagirdləri, tələbələri digərləri ilə müqayisədə, şübhəsiz ki, passiv olur, fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkirlər.
Nitqin təmizliyi. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilmə-məlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədə-niyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:

Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin