Avtomobil nəqliyyatı. Azərbaycanda avtomobil nəqliyyatının tarixi 20-ci əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuşdur. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi. 1918-ci ilə qədər Çar Rusiyasının tərkib hissəsində olan Azərbaycanın inkişafına uyğun yol quruluşu və yol təsərrüfatı inkişaf etdirilirdi. Bu dövrdə yol təsərrüfatının inkişafı əsasən quberniyaların daxili ərazilərində aparılırdı.
Boru kəməri.Azərbaycanda neft-qaz sənayesinin sürətli inkişafı boru-kəmər nəqliyyatının genişlənməsinə təkan vermişdir. Rusiyada ilk dəfə mədəndənkənar neft kəməri 1888-ci ildə Balaxanıdan Bakının neftayırma zavodları və gəmilərə neft vurma körpüləri yerləşən “Qara şəhər” rayonuna çəkilmişdir. Kəmərin uzunluğu 12 km idi. Sonra ölkədə ilk magistral neft kəməri Bakıdan Batumiyə çəkildi. 860 km uzunluğu olan bu kəmərdə Bakı neftayirma zavodlarında istehsal olunan ağ neft-kerosin xarici ölkələrə ixrac olunmaq üçün nəql edilirdi. 1930-cu ildə bu kəmər qara neft (xam neft) daşımaq üçün yenidən quruldu.