Rusiyadakı Fevral burjua-demokratik inqilabının (1917-ci il) Azərbaycandakı ictimai-siyasi həyata təsiri. 1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi şərait yetişdi. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlıüsyana çağırırdılar. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Bakıya martın 2-də çatdı, şəhərdə, mədən rayonlarında çoxminli mitinqlər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti yaradıldı, çoxluğu menşeviklər və eserlər təşkil edirdilər. Martın 17- də Müvəqqəti hökumətin orqanı olan “İctimai Təşkilatların İcraiyyə Komitəsi” təşkil edildi. Tərkibi burjuaziyadan ibarət idi. Bu orqan 1917-ci ilin martında Müvəqqəti hökumətin yaratdığı “Xüsusi Cənubi Qafqaz Komitəsi”nə tabe edildi.
Beləliklə, Bakıda iki hakimiyyət orqanı yaradıldı: bir tərəfdən Fəhlə Deputatları Soveti, digər tərəfdən isə İctimai Təşkilatların İcraiyyə Komitəsi. Azərbaycanın qəza və şəhərlərinin bir çoxunda ikihakimiyyətlilik meydana çıxsa da, bəzilərində Fəhlə və Əsgər Deputatları Sovetləri yaradıldı.
1917- ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in Müvəqqəti Komitəsi seçildi. Martın 27-də Müsəlman ictimai təşkilatlarının yığıncağında Bakı Müsəlman İctimai Təşkilatları Sovetinin Müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi Ş.Əsədullayev, müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə və b.). Cənubi Qafqazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli Şurası idi.
Fevral inqilabından sonra Azərbaycanda başlanan milli-azadlıq hərəkatının əsas cəhətləri:
1) milli hərəkatın daha kütləvi səciyyə alması,
2) hərakata milli ziyalıların rəhbərlik etməsi;
3) əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası ətrafında birləşməsi.
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci ilin iyun ayının ikinci yarısında Federalistlər (Türk Ədəmi Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsavat Partiyası adlandı.
1917-ci il mayın 1-də Ümumrusiya Müsəlmanlarının qurultayı Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi və müsəlmanların sərəncamına verdiyi binada açıldı. Qurultayın gündəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi. 1917-ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu təşkilat Azərbaycanın cənubundan şimala kəsbkarlığa gəlmiş fəhlələr arasında inqilabi iş görmək və İranın inqilabi-demokratik qüvvələri ilə əlaqə yaratmaq məramına xidmət edirdi. 1917-ci ilin avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda milli-azadlıq uğrunda mübarizə üç istiqamətdə aparılırdı:
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı;
2) Sovetlərə qarşı;
3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına qarşısının alınması.